Aktual

ALLAHIN YOX, PUTİNİN QULU… Avropa Rusiya Patriarxını niyə cəzalandırır?

ALLAHIN YOX, PUTİNİN QULU… – Avropa Rusiya Patriarxını niyə cəzalandırır?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmiş SSRİ respublikalarındakı dini rəhbərlərin əksəriyyətinin KQB agentləri olduğu barədə mütəmadi olaraq müxtəlif KİV-lərdə məlumatlar yayılıb. Bu adamların din adı altında göstərdikləri fəaliyyətlər, davranışları, cəmiyyətə mesajları isə onlar barəsində formalaşan “agent” təsəvvürünün heç də təsadüfi olmadığını zaman-zaman təsdiqləyib.

Keçmiş SSRİ respublikalarının böyük əksəriyyətində dini rəhbərlər SSRİ dövründən qalmadır. Həmin dövrdə isə doğrudan da səmimi olaraq Allahını, dinini tanıyan, bəşəri və dini dəyərləri dövlət rəhbərlərinin əmrlərindən, göstərişlərindən və öz şəxsi maraqlarından üstün tutan “təsadüfi” din xadimləri bu yüksək vəzifəyə təyin oluna bilməzdilər.

Nəticədə bu adamlar Allahın yox, ya hansısa xüsusi xidmət orqanının, ya da hakimiyyətin qulluğunda durmuş oldular. İndi isə bu “din tacirləri” adətən “ali dini lideri” olduqları ölkələrin ən zəngin şəxsləri sırasında yer alır, dəbdəbəli malikanələrdə yaşayır, ən bahalı avtomobillərdə gəzirlər, onların cangüdənləri, qulluqçuları, sürücüləri və digər xidmətçiləri var.

Onların yaxın ətrafı, övladları, qohum-əqrəbaları yüksək vəzifələrə yerləşdirilir, özləri dövlətdən böyük imtiyazlar alır, böyük bizneslərə sahib olurlar. Belədə isə din, Allah, vicdan, insaf, mərhəmət, ədalət hissi və s. təbii ki, ikinci də yox, on ikinci plana keçir. Bu adamların boynundan xaçı, əynindən ətəyi yerə dəyən bər-bəzəkli paltarları, yaxud başından əmmaməni çıxarsaq, qarşımızda adi merkantil iş adamını, möhtəkiri, alverçini görəcəyik. Təəssüf ki, bütün bu qeyd etdiklərimizin əhəmiyətli hissəsini elə Azərbaycanın timsalında da görmək çətin deyil…

 

 

Bütün bunlara baxmayaraq, çox nadir hallarda yüksək rütbəli “din oliqarxları” öz fəaliyyətlərinə, əməllərinə görə layiq olduqları ictimai qınağa və hüquqi cəzaya çatdırılırlar. Bu baxımdan Rus pravoslav kilsəsinin rəhbəri Patriarx Kirillə qarşı Avropa İttifaqının sanksiya tətbiq etməyə hazırlaşdığına dair “Reuters” agentliyinin yaydığı xəbər maraq doğurur.

Xəbərdə deyilir ki, rus patriarxının Qərbdəki bütün aktivlərinə, pullarına, mülklərinə həbs, Avropa ölkələrinə girişinə qadağa qoyulacaq. Bu, o deməkdir ki, Kirillin Avropada varidatı, mülkləri, pulu var. Bu, həm də o deməkdir ki, avropalıların, eləcə də dünyanın nəzərində Rus Patriarxının əhalisinin böyük hissəsi pravoslav olan Ukraynada qocaların, uşaqların, qadınların başına bomba yağdıran Putin, Şoyqu, Gerasimov, yaxud “diplomatik həyasızlığı”, yalançılığı və üzəduranlığına görə tayı-bərabəri olmayan, hamının gözü qarşısında baş bverən qətliama haqq qazandırmağa çalışan Lavrovdan heç bir fərqi yoxdur. Çünki Kirill də yuxarıda sadalanan şəxslər kimi Ukraynadakı hərbi cinayətlərə, bəşəriyyətə, insanlığa qarşı çirkin əməllərə haqq qazandıran ali vəzifəli şəxslərdən biridir.

 

 

Sonuncu dəfə bu “dini lider” Kremlin cinayətlərinə, işğalçılığına münasibətdə deyib: “Rusiya heç vaxt heç kimə hücum etməyib. Böyük və qüdrətli bir ölkənin heç kimə hücum etməməsi, sadəcə öz sərhədlərini qoruması təəccüblüdür…”

Yalan hər zaman çirkindir, lakin o, hansısa din xadiminin dilindən səsləndiriləndə daha da çirkin görkəm alır. Patriarxın sözündən belə çıxır ki, Ukraynaya hücum edənlər Marsdan gələnlərdir. Ya da Putin kimi Kirill üçün də Rusiyanın sərhədləri ümumiyyətlə mövcud deyil və Rusiya elə bütün dünya deməkdir…

 

 

Roma Papası Fransisk İtaliyanın “Il Corriere della Sera“ qəzetinə açıqlamasında Rusiya Patriarxı ilə hələ mart ayında baş tutan telefon söhbətinin bəzi detallarını açıqlayıb. Dünyada Vatikanın və onun başçılarının da ideal olmadığı, hansısa Kirilldən, Qarigendən çox da fərqlənmədiyi barədə qənaət var və bu qənaət təsadüfi deyil.

Ancaq hər halda, onun rus kilsəsinin başçısına dedikləri kifayət qədər maraqlıdır.

Papa deyib ki, 40 dəqiqəlik söhbətin ilk 20 dəqiqəsində Patriarx Kirill əlindəki xəritəni göstərərək, siaysətçi, yaxud general kimi ona müharibənin səbəbini və gedişini anlatmağa çalışıb: “Onu dinlədim və dedim: Mən bu izahdan heç nə başa düşmürəm. Qardaş, biz dövlət ruhaniləri deyilik və bizə siyasətin dilində danışmağa icazə verilmir, biz İsanın dilində danışmalıyıq. Patriarx özünü Putinin dini xidmətçisi kimi aparmalı deyil”.

Yəqin, Papa bilmir ki, bu gün Rusiyanın Tanrısı, dini, kitabı, bir sözlə, hər şeyi Putindir. Nəinki Kirillin, bütün Rusiyanın taleyi onun bir barmaq işarəsindən asılıdır. 21-ci əsrdə dünyanın ərazisinə görə ən böyük dövlətinin bu günə düşməsinin, nəticədə bəşəriyyətin nüvə təhlükəsilə üz-üzə qalmasının günahı isə təkcə ruslarda yox, həm də Qərbdə, bütünlükdə dünya birliyində, eləcə də dinləri siyasi və iqtisadi alətə çevirən yalançı, saxta papalarda, patriarxlarda, mollalarda, ravvinlərdə və digər din alverçilərindədir…