Aktual

Arıların getdiyi Qarabağa adamlar niyə gedə bilmir? – Deputatdan açıqlama

Arıların getdiyi Qarabağa adamlar niyə gedə bilmir? – Deputatdan açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“İşğaldan azad olunmuş ərazilərə təsərrüfatların köçürülməsi ilə əhalinin köçürülməsi eyni məsələ deyil”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Qeyd edək ki, təsərrüfatların köç prosesi ilk olaraq Kəlbəcərlə başlayıb. Ötən il işğaldan azad olunan Kəlbəcər rayonuna arıçılıq təsərrüfatları köçürülüb. Bu proses bu il də təkrarlandı. Bununla yanaşı, ötən gün sosial şəbəkələrdə Cəbrayıl rayonuna qoyunçuluq təsərrüfatının köçürülməsi ilə bağlı video görüntülər yayıldı.

Qarabağa əhalidən əvvəl təsərrüfatların köçürülməsi birmənalı qarşılanmayıb. Redaksiyamıza bununla bağlı müraciətlər daxil olub. İşğaldan azad olunmuş rayonların əhalisi səbirsizliklə öz doğma yurd-yuvalarına köçmək istədiklərini bildirirlər.

Elman Məmmədovun sözlərinə görə, əhalinin köçürülməsi üçün ilk növbədə təhlükəsizlik tədbirləri görülməlidir:

“Düzdür, arıçılıq, heyvandarlıq təsərrüfatları işğaldan azad olunmuş ərazilərə köçürülür. Lakin unutmayaq ki, onları mina sahələri olmayan dağlıq ərazilərə köçürürlər.

Bu, əhalinin köçürülməsi məsələsi eyni deyil. Əhalinin köçürülməsi üçün ilk növbədə orada evlər tikilməlidir. Bütün infransturuktur olmalıdır. Enerji təminatı, rabitə məsələləri, səhiyyə, məktəb… Bir sözlə, yaşamaq üçün hər şeyi olmalıdır.

Boş əraziyə əhalini köçürmək olmaz. Bir insanın yaşaması üçün normal şərait olmalıdır”.

Deputat bu ilin sonuna köç prosesinin həyata keçiriləcəyini qeyd edib:

“Zəngilanın Ağalı kəndi hazır vəziyyətə gətirilib. Şuşada bərpa, tikinti işləri gedir. Bu ilin sonuna köçürmələr ola bilər.

Hər hansı bir təsərrüfatın yaz-yay aylarında dağa gedib, qayıtması başqa bir şeydir. Ancaq əhalinin qayıdışı, köçürülməsi tamam ayrıdır. Hər şey sırfdan qurulur. Hamımız istəyirik ki, tez bir zamanda torpaqlarımıza gedək. Lakin bundan öncə təhlükəsizliyimizi düşünməliyik”.