Manşet

Azərbaycan Xankəndini geri qaytarır – Ermənilər mühasirədə və vahimədə

Azərbaycan Xankəndini geri qaytarır – Ermənilər mühasirədə və vahimədəbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın qarşısında dayanan əsas hədəflərdən biri Xankəndi, Xocalı və Ağdarənin geri qaytarılmasıdır. Müxalifət və bəzi blogerlər tez-tez deyirlər ki, hakimiyyət bu şəhərlərin adlarını çəkmirsə, demək, onları geri qaytarmaq planı yoxdur. Amma gedən proseslər və bəzi informasiyalar onu göstərir ki, prezident İlham Əliyev üçün Qarabağın işğaldakı digər ərazilərini qaytarmaq prioritet məsələdir. Dövlət bu hədəfdən vaz keçməyib. İlham Əliyevin rəqibləri iddia edirlər ki, o, Zəngəzur, Göyçə, İrəvan deməklə, milləti Xankəndi, Xocalı hədəflərindən yayındırır. Fəqət gerçək müharibə kimi soyuq müharibənin də özünün şərtləri, qaydaları var. Hazırda İlham Əliyev o şərtlərə tam olaraq əməl edir.

Qarabağda yaşayan erməni əhali Azərbaycan Ordusunun onları üzük qaşı kimi dövriyyəyə aldığını deyir, narahatlıqlarını ifadə edirlər. “Azadlıq Radiosu”nun erməni redaksiyasının bununla bağlı onlarla reportajı var.

İkinci əsas məqam hazırda Azərbaycan dövlətinin Qarabağda, Şuşada apardığı quruculuq-bərpa işləridir. Bunu ermənilər daxil olmaqla bütün dünya izləyir.

Ermənilərin viran qoyduğu şəhərlər, kəndlər, rayonlar sürətlə bərpa edilir, infrastruktur yaradılır, yollar çəkilir, binalar, aeroportlar tikilir. Ermənilərin yaşadıqları, nəzarət etdikləri ərazilərdə isə rəzalət dizboyu… Əvvəl-axır Qarabağın Azərbaycan vətəndaşı olan, hətta olmayan erməni əhali bu fərqi görüb, seçimlərini edəcəklər. Paşinyan hökumətinin onları necə ağır şərtlərdə yaşatdığını, nəhayət, anlayacaqlar.

Paralel olaraq, İlham Əliyev revanşistləri, Azərbaycana torpaq iddiasından əl çəkməyən Ermənistan hakimiyyətini, hərbi mafiyanı “Dəmir yumruq”la yola gətirəcəyini, sındıracağını deyir. Dəfələrlə bildirib ki, Azərbaycanın haqlı, qanuni tələblərini icra etməsələr, başlarının üstündə dəmir yumruq görəcəklər.

Azərbaycan Ordusu müharibədən sonra ciddi təlimlər keçir. Bu təlimlər, əsasən, Türkiyə Ordusu ilə keçirilir.

Türkiyənin ayrı-ayrı bölgələrində, Azərbaycan ərazilərində son aylar onlarla analoji təlim icra edilib. Bu da Ermənistan hakimiyyəti və cəmiyyəti üçün siqnaldır, xəbərdarlıqdır. Şərtlərə əməl edilmədiyi halda, onları nələrin gözlədiyini bilməlidirlər. İlham Əliyev ölkəsinin sərhədlərini bərpa edir. Özü də bu prosesi tarixi ədalət prinsipləri və beynəlxalq qanunlar çərçivəsində aparır. Hədəflər o qədər böyük, miqyas o qədər nəhəngdir ki, bəziləri bunu anlamır. Hər adamın beyninin qavrayacağı, düşüncəsinin daşıya biləcəyi proses deyil axı.

***

Hazırda əsas müzakirə mövzularından biri də sentyabrın 2-də separatçıların Xankəndində tədbir planlaşdırmalarıdır.

“Artsaxın müstəqilliyi”nin 30-cu ildönümü ilə bağlı separatçılar növbəti evcik oyunu oynamağa həvəslənirlər. Bununla “dqr”in guya var olduğunu dünyaya nümayiş etdirmək istəyirlər. Bunun faydası olacaqmı ermənilərə? Bu cür cəhdlər, özünüaldatmalar reallığı dəyişmək gücündədirmi? Lap o tədbiri keçirsinlər. Lap Xankəndidə parad da düzənləsinlər. Sonra? Divar qurtarır axı. Sonra nə edəcəklər? Kor quyuya yuvarlanacaqlar.

Azərbaycan ermənilərə ən optimal yol təklif edir. Deyirik ki, azacıq ağlınız olsun, bu mənasız israrı qoyun bir kənara, Azərbaycana qarşı ərazi iddialarından əl götürün. Əks halda məhv olacaqsınız. Bu haqda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bugünlərdə açıqlama verib. Ərdoğan Ermənistana çağırış edib ki, Azərbaycanla sülhə getsin, indiyədək imzalanmış bəyannamələrə əməl etsin.

Türkiyə 1992-ci ildən Ermənistanla sərhədləri bağlayıb, siyasi-diplomatik əlaqələri kəsib. Kiçik, kasıb və özünü dünyadan təcrid etmiş Ermənistan üçün Türkiyə böyük nəfəslikdir.

O nəfəsliyi öz ağılsızlığı ucbatından qapadıb. Ermənistan hakimiyyəti, erməni xalqı 30 ildir mənasız bir iddianın, puç və gələcəyi olmayan ideyanın arxasına düşüb, özünü 300 il geri salıb. Azərbaycan 44 günlük savaşda onu şok terapiyası ilə müalicə etməyə çalışdı. Aldığı ağır zərbədən hələ də özünə gələ bilmir, amma deyir, “ölmədik, ayaqdayıq”. Yediyi hərbi və siyasi yumruğun ağrısı canından getməyib, üzüstə uzanıb, qalxa bilmir, di gəl, deyir, “ayaqdayam”. Hələ ayağa dur, görək necə durursan…

Ermənistan mediasının bildirdiyinə görə, separatçıların Xankəndidə keçirmək istədikləri “tədbirə” nə prezident Armen Sərkisyan, nə baş nazir Nikol Paşinyan, nə də hətta Ermənistan parlamentinin sədri Alen Simonyan qatılacaq. Yəni Xankəndinə getməyəcəklər. Bunun özü də maraqlı gəlişmədir. Açığı o üçlüyün Xankəndiyə getməsi də umurumuzda olmamalıdır. Düzdür, buna siyasi və hüquqi qiymət verilməli, tələblərdə bulanmalıyıq. Fəqət indən sonra Ermənistanın hakimiyyətinin və separatçıların istənilən addımı reallığı dəyişmək, Azərbaycanın möhtəşəm qələbəsini kölgələmək gücündə deyil.

Şuşanın işğaldan azad edilməsinin bir səbəbi və məntiqi də Xankəndi ilə bağlıdır.

Bu, zəncirvari prosesdir. Yarıda qırılması, dayanması mümkün deyil. Sadəcə dünyadakı şərtlər, bəzi reallıqlar bizə yerdə qalan əraziləri, əsas da Xankəndini diplomatiya və qarşılıqlı razılaşma ilə geri qaytarmağı diqtə edir. Ağdam, Kəlbəcər, Laçın təcrübəsində olduğu kimi. Xankəndi xüsusi həssas məsələdir, Azərbaycan bu işə zərgər dəqiqliyi ilə yanaşır.

Azərbaycan Ermənistanı rifah və güc mühasirəsində saxlayır. Onlara seçim imkanı verilib. Seçsinlər – ya rifah içində, təhlükəsiz şəkildə yaşayacaqlar, ya da növbəti dəfə dəmir yumruq zərbəsi alacaqlar.

İstənilən halda, qələbə Azərbaycanındır. Qarabağ Azərbaycanın olduğu kimi…

Azər AYXAN,

“Yeni Müsavat” qəzetinin baş redaktoru, Əməkdar jurnalist