Yazarlar

Azərbaycanlı yazıçı “Türk dünyasının ən yaxşı yazıçısı” adına layiq görüldü – FOTO

Azərbaycanlı yazıçı “Türk dünyasının ən yaxşı yazıçısı” adına layiq görüldü – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı yazıçı Şah Selimi Türkay İstanbulda (Türkiyə) keçirilən Beynəlxalq Bonne Vie Ulduzları mükafatlandırma tədbirində “Türk Dünyası üzrə İlin Ən Yaxşı Kitab Yazarı” (Türk dünyasının ən yaxşı yazıçısı) nominasiyası üzrə mükafata layiq görülüb.

Mükafatlandırma mərasimində Azərbaycanın nümayəndə heyətində həmçinin əməkdar artist Dilarə Əliyeva, teleaparıcı və ictimai xadim Hacı Nuran Hüseynov, qobelençi rəssam Səməni Qasımova, rejissor Turan Cəfərov və başqaları iştirak ediblər.

Şah Selimi Türkay əməyinə verilən yüksək qiymətə görə Bonne Vie Ulduzları layihəsinin rəhbəri Hakan Solakerə minnətdarlığını bildirib, bu günlərdə Vətən müharibəsində Zəfər Gününün birinci ildönümünün və Azərbaycanın Dövlət Bayrağı Gününün geniş şəkildə qeyd olunduğunu vurğulayıb. Yazıçı həmçinin qazanılmış qələbədə Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin əhəmiyyət və vacibliyini qeyd edib. Mükafatlandırma zamanı yazıçı “Azərbaycan Milli İrsinin Qorunması və Turizmə Dəstək” QHT adından Şuşa və Qarabağla qırılmaz bağlılığı olan, sevgi və sülh rəmzi, 44 günlük Vətən müharibəsində qələbənin milli simvolu, Azərbaycanın əsl talismanı olan xarıbülbül çiçəyini səhnədə Hakan Solakerə hədiyyə edərək qələbənin sevincini təşkilatçılarla bölüşüb.

Tədbirdə həmçinin Şah Selimi Türkayın “Ev dustağıyam” romanı əsasında Xalq artisti Vidadi Əliyev və Vüsal Murtuzəliyevin iştirakı ilə rejissor Turan Cəfərov tərəfindən çəkilib ərsəyə gətirilmiş qısametrajlı filmin təqdimatı da baş tutub.

Romanın baş qəhrəmanı fiziki məhdudiyyət ucbatından ev dustağına çevrilməyə məcbur olan Şahsuvar müəllimdir. Roman dörd hissədən ibarətdir. Baş qəhrəman Şahsuvar və ətrafındakılar vasitəsilə romanda əxlaqi-mənəvi dəyərlər üzə çıxarılır, tarixi hadisələr qabardılır, insan taleləri, həyatın təlatümləri, arzu və məqsədləri dərindən izlənilir. Dörd divar arasında qalmağa məcbur olan Şahsuvar bəşər düşüncə məkanının dağıdılmış sərhədlərinin örnəyinə, əsl xoşbəxtlik anlayışının açıldığı bir çox insanlara səmimiyyət, müdriklik və tərbiyə nümunəsinə çevrilir.

Şah Selimi Türkay memar Nizami Qasımov və rəssam Səməni Qasımovanın ailəsində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib. London Kraliça Meri Universitetinin Biznes və Menecment fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2015-2018-ci illərdə müxtəlif dövlət qurumlarında strateji araşdırmalar və iqtisadi təhlillər, layihələr və investisiyalar sahəsində çalışıb. İqtisadi inkişaf üçün bir sıra proqramların ideya və icrasının müəllifidir. Hazırda Azərbaycan Milli İrsin Qorunması və Turizmə Dəstək Assosiasiyasının sədridir. O, yaradıcılıq karyerasına 2019-cu ildə Londonda başlayıb, təhsil aldığı akademiyada Britaniya və İrlandiya yazıçıları və dramaturqları Jane Rogers, Richard Skinner, Keith Ridgvay və başqalarından ədəbiyyat və yaradıcı yazarlıq dərsləri alıb.

 

.

/Oxu.az