Kriminal

Bakıda arvadını öldürən hakimə HÖKM OXUNDU

Bakıda arvadını öldürən hakimə HÖKM OXUNDUbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

7times.az-ın məlumatına görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi başlayıb. Daha sonra prokuror təqsirləndirilən şəxsə cəza istəyib.

Dövlət ittihamçısı Fəqan Əhmədovun 11 il azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxışı edib.

Onlar bildiriblər ki, təqsirləndirilən şəxs hadisəni ehtiyatsızlıqdan törədib.

Vəkillər təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edib.

Prosesdə son söz deyən təqsirləndirilən şəxs Fəqan Əhmədov bildirib ki, ibtidai istintaq qərəzli aparılıb: “İttiham aktında yazılanlar fərziyyədir. Verilən ittihamın motivi yoxdur. Heç nə sübuta yetirilməyib. Qəsdən adam öldürmək üçün adam gərək əvvəlcədən planlaşdıra. Bu, sadəcə bir zarafatın acı nəticəsi idi. Mən 15 ildir ailəliyəm. Ailəmi sevmişəm. Mən onu öldürmək fikrində olmamışam. Hesab edirəm ki, məhkəmə işə düzgün qiymət verəcək”.

Müşavirədən sonra məhkəmə hökmü elan olunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Fəqan Əhmədov ciddi rejimli cəzaçəkmə müəssisəsində olmaqla 10 il azadlıqdan məhrum edilib.

İttihama görə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Əhmədov Fəqan Rövşən oğlu 30 may 2021-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı öldürüb.

Fəqan Əhmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.