Sosial

“Bölgələrdə minə yaxın məktəb təmirsiz vəziyyətdədir” – Deputatdan ETİRAZ

“Bölgələrdə minə yaxın məktəb təmirsiz vəziyyətdədir” – Deputatdan ETİRAZbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gündür sosial şəbəkələrdə İmişlidə müəllimin məktəbdə ayaqyolunda şəraitin yaxşı olmaması ilə bağlı şagirdlərə çağırış etməsi geniş müzakirələrə səbəb olub.

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən deputat Ceyhun Məmmədov deyib ki, bu gün bölgələrdə minə yaxın məktəb təmirsiz vəziyyətdədir:

“Hətta təmir olunan bəzi məktəblərdə bir sıra çatışmazlıqlar mövcuddur. Bölgələrdə həqiqətən çox bərbad vəziyyətdə olan məktəblər var. Bunu dəfələrlə müşahidə etmiş, hətta aidiyyəti qurumlara müraciətlər də ünvanlamışam. Onların sürətli şəkildə təmirinə ciddi ehtiyac var. Töhmət məsələsinə gəldikdə isə müəllimin uşaqlara məktəbə gəlməməklə bağlı çağırış etməsi düzgün deyil və qanun pozuntusudur. Ola bilsin, müəllim əsəbləşib belə mövqe sərgiləyib. Müəllimə töhmət bu məqsədlə də verilə bilər. Töhmət müəllimə məsələni ictimailəşdirdiyinə görə verilibsə, bu, qəbuledilməzdir”

Deputat qeyd edib ki, məsələyə vaxtında reaksiya verilməli, həmin ayaqyolu aidiyyəti dövlət qurumları tərəfindən təmir edilməlidir:

“Hər birimiz təhsillə bağlı məsələlərə çox həssas yanaşmalıyıq. Dövlət qurumları öz fəaliyyətlərində ictimaiyyətin haqlı narazılığını və fikirlərini nəzərə almalıdırlar. Zamanında verilməyən reaksiyalar dövlət qurumlarının özlərinin fəaliyyətinə inamı zədələyir. Burada söhbət bütün dövlət qurumlarından gedir. Təəssüf ki, son vaxtlar bəzi dövlət qurumlarının fəaliyyətində bu həssaslıq heç də həmişə müşahidə olunmur”.