Sosial

Bu mühüm tikinti materialı UCUZLAŞIR – Qiymət enməsi digər məhsullara da sirayət edəcək

Bu mühüm tikinti materialı UCUZLAŞIR – Qiymət enməsi digər məhsullara da sirayət edəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mühüm tikinti materiallarından olan taxtanın qiyməti son aylarda davamlı şəkildə düşür. 2021-ci ilin avqustundan 2022-ci ilin mart ayına qədər dəyəri təxminən 3 dəfə artan taxtanın qiyməti yenidən əvvəlki səviyyəyə qayıdıb. 

7Times.az  xəbər verir ki, bu ilin əvvəlindən taxtanın beynəlxalq birjalardakı qiyməti 60 faizə yaxın enib.

Taxtanın ucuzlaşmasının səbəbi öncə də qeyd etdiyimiz kimi, həmin məhsulun bu ilin martına qədər kəskin bahalaşmasıdır. Bir məhsulun dəyəri kəskin artdıqda onun sonradan ucuzlaşma ehtimalı böyüyür. Biz bunu taxtanın qiymətində də müşahidə edirik.

Taxtanın ucuzlaşmasına təsir edən digər səbəb isə qlobal iqtisadi artımın zəifləməsi, hətta böhran riskinin yaranmasıdır. Bu vəziyyətdə tələb, yəni alıcılıq qabiliyyəti zəiflədiyindən sənaye məhsullarının, o cümlədən taxtanın da qiyməti düşür. Əgər böhran əlamətləri qalarsa, taxtanın qiyməti növbəti aylarda bir qədər də düşəcək.
Taxta elə bir məhsuldur ki, onun qiymətinin dəyişməsi bir çox məhsulların qiymətinə də təsir göstərir.

Məlumdur ki, taxtadan müxtəlif növ tikinti materialları hazırlanır. Taxtanın ucuzlaşması həmin məhsulların da dəyərinə azaldıcı təsir edir. Eyni zamanda taxta mebel sənayesində mühüm xammaldır. Ucuzlaşan taxta mebel məhsullarının da qiymətini azaldacaq. Taxta və taxta məhsullarının, həmçinin mebellərin qiymətində baş verən dəyişikliyi hələlik Azərbaycanda geniş şəkildə müşahidə etmirik.

Dövlət Statistika Komitəsinin apardığı qiymət müayinəsinə əsasən, yalnız kəsilmiş taxtanın qiyməti enir. Bir kub metr kəsilmiş taxtanın qiyməti mayda 485 manata yüksələndən sonra iyunda 480 manata, iyulda 473 manata, avqustda 467 manata geriləyib. May ayı ilə müqayisədə avqsutda taxtanın qiyməti 18 manat, yəni 3,7 faiz düşüb.

Azərbaycanda qiymət enməsinin zəif olmasının əsas səbəbi əvvəlki qiymətlərlə alınan malların tam satılmaması və tikinti mövsümünün davam etməsidir.

Oktyabr ayından tikintinin zəifləməsi və aşağı qiymətə idxal edilən malların bazara daxil olması ilə əlaqədar taxtanın qiymətinin daha çox düşəcəyini proqnozlaşdırmaq olar.

Azərbaycanda taxtanın ucuzlaşması hələlik taxtadan hazırlanan digər tikinti materiallarının qiymətini azalda bilməyib. Hətta bu məhsulların bəzilərində qiymət artımı var. Amma ümumi ucuzlaşma prosesindən həmin məhsulların da təsirlənəcəyi dəqiqdir.

Eyni proses mebel məhsullarında da baş verəcək və qarşıdakı aylarda mebellərin qiymətinin düşməsini proqnozlaşdırmaq olar.