Aktual

CƏNUB QONŞUMUZU QORXUDAN “SEHRLİ KİTAB” – “İran nə qədər bu faktordan çəkinsə də, Təbrizdə tarixi Azərbaycan mirası var”

CƏNUB QONŞUMUZU QORXUDAN “SEHRLİ KİTAB” – “İran nə qədər bu faktordan çəkinsə də, Təbrizdə tarixi Azərbaycan mirası var”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, iylun 20-də İsrailin Azərbaycandakı səfiri Corc Dikin öz “Tviter” hesabında “Təbrizin sehrli nağılları” adlı kitabla paylaşdığı fotosu İran və İsrailin Bakıdakı səfirləri arasında böyük gərginliyə səbəb olub. Belə ki, Corc Dikin “Təbrizin sehrli nağılları” adlı kitabla paylaşımına sərt reaksiya verən İran səfiri Abbas Musəvi həmkarını ölümlə təhdid edib.

Ardınca isə “Tviter”-də “Mysterious Talesof Tabriz” (Təbrizin sehrli nağılları) həştəqi trendə çevrilib. Dünyanın müxtəlif ölkələrində sadə vətəndaşlardan tutmuş rəsmi qurumların nümayəndələrinə qədər bir çox şəxs bu trendə qoşularaq, həmin kitabı oxuyarkən fotolarını paylaşıblar.

 

 

Qeyd edək ki, kitab çap olunduqdan sonra dünyanın bir çox tanınmış ictimai-siyasi xadimlərinə, mədəniyyət və din adamlarına hədiyyə olaraq təqdim edilib. Bu şəxslərin sırasında Roma papası Fransisk, İtaliya Prezidenti Sercio Mattarella, Andorranın Baş naziri Xavier Espot Zamora və 2014-cü ildə Sülh üzrə Nobel mükafatını qazanan Kailash Satyarthi də var.

Məlumat üçün onu da qeyd edək ki, 2014-cü ildə çap edilən kitabın müəllifi professor Cəmilə Həsənzadədir. Kitabda orta əsrlərdə Azərbaycan miniatür sənətinin təkamülünün əsas mərhələləri və onun digər miniatür məktəblərinə təsiri əks olunub.

Kitabın müəlifi Cəmilə Həsənzadə yerli mediaya açıqlamasında bildirib ki, elmi səpgidə hazırlanan kitabda Təbrizə aid olan müxtəlif elmi əsərlər, poemalar, nağıllar miniatür formada öz əksini tapıb: “Bütün bu əsərlər tarixi faktlar əsasında hazırlanıb. Tarixi faktlara görə Təbriz sırf türklərin məskunlaşdığı qədim Azərbaycan şəhəridir. O vaxt Təbrizdə yaşayan rəssamlar hamısı türk idi. Heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa bu kitab İran və İsrail arasında diplomatik gərginliyə səbəb olacaq”.

Xatırladaq ki, İranın Azərbaycanla bağlı olan tarixi məsələlərə qeyri-adekvat mövqe nümayiş etdirməsi ilk belə hal deyil. Belə ki, bir neçə ay öncə Azərbaycanın Zəfər günü münasibəti ilə dövriyəyə buraxdığı 500 manatlıq əskinasın üzərində Xudafərin körpüsünün əks olunması da, İranda birmənalı qarşılanmamışdı. Həmin vaxt, İranın bir sıra xəbər portalları Xudafərin körpüsünün İranın milli sərvətləri siyahısına salındığını və bu addımın onların milli-mənəvi dəyərlərinə hörmətsizlik olduğunu iddia etmişdilər.

Sual olunur ki, İran niyə hər dəfə Azərbacanla bağlı məsələlərdə dözümsüzlük nümayiş etdirərək, qeyri-adekvat açıqlamalarla tarixi faktları saxtalaşdırmağa çalışır?

 

Bu mövzuyla bağlı politoloq Tural İsmayılov “AzPolitika.info”-ya şərhində bildirib ki, İrandakı tarixi Azərbaycan mədəniyyərti və irsi hər zaman cənub qonşumuzu narahat edib: “İran Azərbaycan faktorundan narahat olduğu üçün, bu gün islami ənənələrə zidd addım ataraq, Ermənistanla bir çox sahədə əməkdaşlıq edir. Və eyni zamanda Ermənistanı hər bir formada dəstəklədiyini vurğulayır. İrandakı indiki hakimiyyət gələcəkdə Cənubi Azərbaycanda növbəti Səttar Xan Xiyabani və digər bu cür hərəkatlanmaların təkrarlanması faktorundan qorxur. Və bu qorxuya görə də içərisində Təbriz adı keçən istənilən mədəniyyət nümunəsindən belə çəkinir”.

Politoloq qeyd edir ki, İranın Azərbaycandakı səfirinin israilli həmkarını ölümlə hədələməsi növbəti dəfə İranın diplomatik etiketdən uzaq olduğunu ortaya qoyub: “Bütövlükdə İrandakı hazırkı siyasi rejim peşəkar biliklərdən daha çox ideoloji xətt üzrə davam edir. İran səfirinin Corc Diki hədələməsi klassik İran molla zehniyyətinin davamıdır. İran nə qədər bu faktordan çəkinsə də, Təbrizdə tarixi Azərbaycan mirası var. Təbriz ədəbiyyatı, incəsənəti və mədəniyyəti məhz Azərbaycan kültürünün ən dəyərli tarixi miraslarından biridir”.

 

 

Siyasi şərhçi Sədrəddin Soltan isə yerli mətbuata açıqlamasında bildirib ki, İsrail səfirinin paylaşımında İrana qarşı hər hansı pis fikir yox idi: “Ancaq Abbas Musəvinin həmkarını ölümlə hədələməsi bir diplomatın işi deyil. İranlı səfirin “sionist” deyə adlandırdığı Corc Dik sadəcə Azərbaycan tarixi və Təbriz haqqında çox mətləbi öyrəndiyini yazıb. Onun tvitində İran hakimiyyətinə qarşı çağırış, Urmiyanın üstündəki buludları dağıtmağa cəhd və başqa fikirlər yoxdur. Əksinə, vətəndaşı olduğu ölkənin bir bölgəsinin tarixini oxuyub, öyrəndiyi üçün Musəvi Dikə təşəkkür belə edə bilərdi. Axı, diplomatlar həm də əlaqələr və münasibətlər qurmaq üçündür. Ölümlə hədələmək isə diplomatların deyil, terrorçuların işidir”.

S.Soltanın sözlərinə görə, Corc Dik Təbrizin Azərbaycana aid olduğunu bildirməklə tarixi reallığı qeyd edib: “Ancaq həmkarından fərqli olaraq Abbas Musəvi, İrana hakim olan İran mərkəzli fars düşüncə sisteminin nümayəndəsi olduğunu gizlədə bilməyib. O, “birincilərin diyarı” ifadəsinin Təbrizin Azərbaycana deyil, farslara məxsus olmasına dair saxta tarixi iddianı irəli sürür. Çünki panfarsçı və İran mərkəzli fars düşüncə sisteminə görə, farslardan başqa ölkədəki qeyri-farslar, özəlliklə türklər gəlmədir. İran və ətraf ərazilər, hətta Ərəbistanın bir hissəsi “Persiya”dır. Bu, təxminən ermənilərin “dənizdən dənizə” iddiasına oxşayır”.

“Corc Dikin həyatına təhlükə törədən çağırış edildiyi üçün Abbas Musəvi məsuliyyət daşıyır. Adətən belə hallarda səfirdən izahat istənilir. Odur ki, Abbas Musəvi İsrailin səfirini ölümlə hədələdiyi üçün Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edilsə və hədələyici tvitinə görə ondan izahat alınsa, daha məntiqli olar”,-deyə o, bildirib.