Aktual

Cəsədlər niyə Xaçmaza gətirilir? – Ölü sahiblərinin ŞİKAYƏTİ 

Cəsədlər niyə Xaçmaza gətirilir? – Ölü sahiblərinin ŞİKAYƏTİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şabran rayonunda ölümlə baş verən hadisələr zamanı dünyasını dəyişən şəxslərin cəsədləri müayinə üçün əksər hallarda Xaçmaz rayon morquna gətirilir.

7times.az xəbər verir ki, bu da ölü sahiblərinin narazılığına səbəb olur. Şabranda morq ola-ola niyə meyitlər müayinə üçün Xaçmaza aparılır? Bu suala Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon üzrə eksperti Cəlal Əliyevlə əlaqə saxlayıb cavab almaq istədim. Ekspert sualıma belə cavab verdi:

“Sizə nə dəxli var mən meyiti harda müayinə edirəm. Əsas odur ki, müayinə edilir”.

Adının hallanmasını istəməyən Şabran rayon sakini deyir ki, bir neçə ay bundan qabaq qızı zəhərlənərək dünyasını dəyişib. Meyit əvvəlcə Şabran rayon morquna aparılsa da, sonradan onlara xəbər edilmədən cəsəd Xaçmaz rayon morquna göndərilib.

“Heç kimə xəbər vermədən qızımın meyitini götürüb Xaçmaza aparmışdılar. 1 saatdan sonra bu barədə bizə polis məlumat verdi. Biz Şabrandan çıxıb Xaçmaz morquna gələndə yolda bizə yenidən xəbər gəldi ki, bəs meyiti müayinə edib Şabrana gətirirlər. Yolun yarısından geri qayıtmalı olduq”.

Meyitlərin müayinəyə görə niyə başqa rayona aparılması barədə daha dolğun məlumat almaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənovla əlaqə saxladıq. Respublikanın baş eksperti 7 Times.az-a Şabran rayon morqunun mərkəzi xəstəxanın inzibati binasında yerləşdiyini bildirdi:

“Bu bizim yaralı yerimizdir. Şabran rayon morqu xəstəxananın inzibati binasında yerləşir. Ora meyit aparıb müayinə etmək mümkün deyil”.

Qeyd edək ki, Şabran rayonunda morq Ədalət Həsənovun dediyi kimi xəstəxananın inzibati binasında yerləşmir. 2011-ci ildə Mərkəzi xəstəxana yenidən inşa edilərkən morq üçün səhiyyə ocağının həyətində yeni inzibati bina tikilib. Baş ekspert bu xatırlatmamızdan sonra qeyd etdi ki, həmin binada heç bir kommunal şərait yoxdur. Bəzi otaqları da xəstəxana rəhbərliyi anbar kimi istifadə edir.

“Bu barədə rayon rəhbərliyinə də müraciət etmişik”.

Qeyd edim ki, bəzi hallarda bu fakt müayinələrin şəffaflığına kölgə salır.

Bu səbəbdən dəfələrlə ölü sahiblərinin şikayəti əsasında aylar sonra meyitlər eksqumasiya edilərək yenidən müayinə edilib.

7times.az

Cəlal Fərzəliyev