Ölkə

“Dəli erməniləri ağıllandırmaq vəzifəsini üzərimizə götürə bilərik” – Fazil Mustafa

“Dəli erməniləri ağıllandırmaq vəzifəsini üzərimizə götürə bilərik” – Fazil Mustafabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

7Times.az  Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa ilə müsahibəni təqdim edir:

– Fazil bəy, Ermənistanda iqtidara qarşı etimadsızlıq aksiyaları davam edir. Real hakimiyyət üçün təhlükə görünürmü?

– Ermənistanda bu cür aksiyalar birinci dəfə deyil ki, keçirilir. Müharibədən sonra da belə aksiyalar oldu. Hakimiyyət məsələsinin artıq seçki yolu ilə uduzulduğuna görə bu yollarla real iqtidarı istefaya göndərmək istəyirlər. Ermənistan hakimiyyəti isə indi real bir kurs götürüb. Paşinyan iqtidarı Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması üçün aktiv prosesə başlamaq niyyətindədir. Bu da başqa ölkələri sözsüz ki, narahat edir. Xüsusən də bu amil Cənubi Qafqazda marağı olan qüvvələri qane etmir. Ona görə də, proses bir qədər zorakılıq istiqamətində gedir. Amma hələ ki, Ermənistanda real hakimiyyət sabit dayaqlara malikdir. Erməni xalqının bu məsələdə rəyi müharibəsiz həll istiqamətindədir. Təbii ki, bu istiqamətdə uğur qazanmaq olar.

– Azərbaycanla aparılan danışıqlara bu cür vəziyyətin təsiri olacaqmı?

– Bütövlükdə belə halların Azərbaycanla olan münasibətlərə elə bir təsiri yoxdur. Əslində bizim üçün bütün variantlar sərfəlidir. Ermənistanda bu cür küçə yürüşlərinin olması, başlarının qarışması, daxili didişmələr ən azı başqaları ilə didişməkdən uzaqlaşmaq baxımından yaxşı haldır. Ona görə də, burada bizim üçün heç bir sıxıntı yoxdur.

– Sülh prosesinin müəyyən dövr üçün gündəmdən çıxarılacağı haqqında deyilənləri nə dərəcədə ciddi qəbul etmək olar?

– Erməni tərəfi bizim şərtlərimizə razılaşacaqsa, sülh bağlayacayıq. Yox bunun əksinə çıxacaqlarsa, biz əlavə, yarımçıq qalan işlərimizi də tamamlayacayıq.

– Brüssel görüşündə Azərbaycanın 5 prinsipini qəbul edən erməni tərəfi növbəti dəfə özünün 6 şərtini irəli sürür…

– Ermənistanın irəli sürdüyü şərtlər daxili auditoriya üçündür. Onlar deməyə çalışır ki, təkcə Azərbaycanın şərtləri yoxdur, bizim də öz “şərtlərimiz” var. Bununla gündəmdə öz maraqlarını saxlamağı düşünürlər. Amma burada irəli sürülən məsələlər içərisində bir yenilik yoxdur.

– Ermənilərin istəyi nədir?

– Onlar Qarabağda hazırda olan ermənilər üçün “statusa” oxşar bir şey istəyir. Amma bu olmayacaq. Çünki Qarabağda erməniyə nə verilirsə, o zaman Ermənistan da azərbaycanlıya öz ərazisində yer verməlidir. Azərbaycanlılar indiki Ermənistan ərazisindəki tarixi ata-baba yurdlarından vaxtilə zorla qovulub. Ona görə də, bu məsələlərin müzakirəsi zamanı belə təklifləri eşitmək olacaq. Amma bu, içi boş təkliflərdir. Azərbaycanın daxilində kimə nə “status” verilməsini dövlətimiz özü həll edəcək. Ermənistanın bu prosesə müdaxilə etməsi məntiqsizdir. Biz onunla ancaq sərhədlərinin dəqiqləşməsi, dövlətlərarası münasibətdən, ümumi sülhdən danışa bilərik. Amma ölkəmizin daxilində ermənilərə yaşamaq üçün müəyyən standartların nəzərdə tutulması kimi məsələləri Azərbaycan özü həll edə bilər. Hər halda Azərbaycan beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq öz ərazisində təbii ki, insan haqlarına hörmət etmək şərti ilə hansısa bir federal quruluşun və imtiyazlı bölgənin olmasına imkan verməcək. Bu digər millətlərin və bölgələrin müəyyən dərəcədə diskriminasiyası üçün də əsas yarada bilər. Amma ermənilərin Azərbaycan ərazisində rahat yaşaması üçün bütün vətəndaşlar kimi normal şərait yaradılacaq. Bunu da Azərbaycan dövləti dəfələrlə bəyan edib.

– Revanşistlərə kənardan dəstək verənlər kimlərdir?

– Belə gözlənilən ehtimallar var. Şimal qonşumuzun da başı bu gün özünün Ukrayna ilə müharibə vəziyyətində yanan problemlərinə qarışıb. Amma bizi maraqlandıran bu gün Ermənistandakı praqmatik düşüncəyə malik insanlardır. Çüni sülhün alternativi müharibədir. Müharibədən də Azərbaycan çəkinmir. Biz növbəti müharibə ilə yarımçıq qalan məsələləri həll edəcəyik. Ona görə də, bu gün bizi Ermənistanda revanşistləri kimin qızışdırması maraqlandırmır. Bizə ağıllı erməni lazımdır ki, başa düşsün. Çünki onlara sülhdən kənar olanlar böyük bir təhlükədir. Amma ağıllı erməni ortaya çıxmayacaqsa, dəli erməniləri də ağıllandırmaq vəzifəsini biz yenə də öz üzərimizə götürə bilərik.

– Paşinyan iqtidarının devrilməsi ilə proseslərin sıfır nöqtəsinə qayıtması ehtimalı varmı?

– Proseslər heç bir halda sıfır nöqtəsinə qayıtmayacaq. Çünki müharibə riskini kimsə, öz üzərinə götürə bilməz. Müharibə böyük bir problem və fəlakətdir. Ona görə də, bu məsələdə Azərbaycanın əlində kifayət qədər imkanlar var ki, Ermənistanı sülhə məcbur etsin. Hətta Ermənistandakı revanşist qüvvələr də bu sülhə getməyə məcburdur.Teleqraf.com