Ölkə

Dır-dır edən qayınana, vır-vır edən quda, hər ikisinin “fətva”sına gedən gəlin

Dır-dır edən qayınana, vır-vır edən quda, hər ikisinin “fətva”sına gedən gəlinbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Necə yəni qayınana qarışmasın?! Mümkün deyil. Mənə Azərbaycanda bir ailə göstərin ki, orada ailə işinə qaynana qarışmasın. Bu bizim milli mentalitetimizdir, Novruz bayramı kimi qədim ənənəmizdir, neft kimi yeraltı, pambıq kimi yerüstü sərvətimizdir. Qısası, başımızın tacıdır qayınana. Hünərin var, qayınanaya nəsə de. Əgər qaynana ilə bir evdə yaşayırsınızsa, axşam şam yeməyinə hər ikiniz üçün (ər-arvad nəzərdə tutulur) “turşulu aş” bişəcək. Sonra da ərin əhvalı dəyişəcək, yediyi “turşulu aş”dan mədəsi ağrıyacaq, düşəcək arvadın üstünə, “nöyüt iyi verənə qədər” arvadı döyəcək.

Səhər də qəhrəman qayınana qonşu-qohum yanında öyünəcək ki, “oğlum mənim bir sözümü iki eləmir, gecə it balası kimi çırpdı gəlini”. Qohum-qonşuda alqışlayacaq. Deyəcək ki, düz edirsən, gəlini çox qudurtma. İpini bərk tut. Və heç kim də deməsin ki, bu, Azərbaycanda geniş yayılmış hal deyil. Riyakarlıq etməyin. İddia etməyin ki, qayınanalar gəlinləri ilə İngilis kraliçası kimi rəftar edir. Hə, indi qayınana partiyasının üzvləri deyəcək ki, gəlin də adam olsun, döyülməsin. O qədər əfi ilan gəlin var ki? Birincisi, bərəkallah deyirəm. Çünki Allah sizə bu qədər “düşüncə” verib. Bütün işləri zor gücünə həll etməyi.

Əgər gəlin pisdirsə, yola getmirsinizsə, ayırın. Gedib ayrı yaşasınlar. Yox, bircəcik oğlunuzu heç cürə yad əllərə təslim edə bilmirsinizsə, onda oğlunuza şərt qoyun ki, boşansın və ömürlük əziz anasıyla yaşasın. Yoxsa bir gün gəlin oğlun əlində qalacaq, oğul da gedəcək qazamata. Vəssalam! Olacaq xoşbəxt sonluq. İkincisi isə, demirəm əfi-ilan gəlin yoxdur, var. Bəs o gəlinləri kim tərbiyə edib? Elə sizin kimi qayınanaların qudaları. Hamısı eyni kənddən, eyni rayondan, eyni şəhərdən. Başqa planetdən gəlməyib ki, gəlin. Çox zaman da xalaqızı, əmiqızı, dayıqızı olanlar. Üçüncü “kruq” qohum olanlar. O gəlin də sizin yetişdirdiyiniz ekosistemin bir parçasıdır.

Əksəriyyəti də 9-cu sinfi bitirən gəlinlər. Arasında 3-5 ali savad alanı varsa, o da cehizin üstünə qoyulan “diplom” üçündür. Çünki əksəriyyəti evdə oturur. İnstitut vaxtı kitab üzü açmayan gəlin, ər evində açdığı ancaq “TikTok”, “Instagram” olur. O da Bayram Nurlunun səhifəsi. Yəni elmi-fantastik məqalələr oxumurlar telefonda. Kvant fizikası barədə də “YouTube”da film izləmirlər.

Ən maraqlısı isə odur ki, bu gəlinlərin əksəriyyətini elə qayınanalar seçib. Qayınananın təkidi ilə elçi gedilib, toy olub. Qayınananın siyahısı üzrə cehizlər alınıb. Pərdələrin fasonu, xalçanın rəngi seçilib. Elə ki, gəlin boşqabı ayağıyla sındırıb, ayağını qapının kəndarından içəri qoyur, evin ruzi-bərəkəti qaçır. Hər gün dava, hər gün qırğın. Elə bil dünən başını sığalladığı qız, bugünkü gəlin deyil. Əslində cəmiyyətdə yaşadığımız bütün məişət zorakılığın əsasında qadınlar durur. Dır-dır edən qayınana, vır-vır edən quda, hər ikisinin “fətva”sına gedən gəlin. Axırda da məntiqi sonluq – hamısını baltalayan kürəkən-oğul.

Üç gündür bir yaşlı övladı ilə birlikdə tələf olan gənc qadın barəsində məlumatlar oxuyuram. Ölən qızın xalası deyir ki, elə əvvəldən ər-arvad yola getmirdilər. Hamilə vaxtı əri buna olmazın zülmünü çəkdirib. Döyüb, söyüb, kəmərlə boğub. Ölən qızın anası deyir ki, kürəkəni ona “gəl apar qızını” deyib. Qız neçə dəfə anasına söyləyib ki, boşanmaq istəyirəm. Ana da deyib ki, DÖZ! Fiqurantlar hamısı qadın. Ana, qayınana, xala, gəlin… Çox təəssüf ki, daha bir gənc qadını məişət zorakılığı nəticəsində itirdik. Ən faciəlisi isə odur ki, böyüklərin davasında balaca qızı itirdik. Gələcəyin qızı, gəlini, qayınanası ola biləcək birini. Cinayəti törədən şəxsin kimliyi barədə bir fikir söyləyə bilmərəm, çünki hələ istintaq gedir.

Əminəm ki, iki günə bu faciə yaddan çıxacaq. Yeni qurbanlar gündəmi zəbt edəcək. Yenə kimisə əri öldürəcək, kimisə qardaşı bıçaqlayacaq, kimisə atası tüfənglə vuracaq…

oxu.az