Aktual

“FHN videoları“ndakı qadınların tələbi var: “Yanlış fikir formalaşıb”

“FHN videoları“ndakı qadınların tələbi var: “Yanlış fikir formalaşıb”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti rəisinin keçmiş köməkçisi, nazirlikdəki iş otağında tabeliyində olan xanım əməkdaşlarla intim hərəkətlərini videoya çəkən polkovnik Zaur Mirzəyevin məhkəməsi başlayıb. Dekabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

1979-cu il təvəllüdlü Zaur Mirzəyevin işinə Məhəmməd Əkbərovun sədrliyilə, Faiq Qəniyev və İlham Mahmudovdan ibarət hakimlər kollegiyası baxır. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən polkovnikin anket məlumatları dəqiqləşdirilib. O bildirib ki, ali təhsillidir, iki övladı var.

Məhkəmədə Zaur Mirzəyevin vəkili vəsatət qaldıraraq, işə baxılmasına xitam verilməsini və işin istintaqa qaytarılmasını istəyib. Vəkil istintaqdan narazılığını dilə gətirib.

Müdafiəçinin daha bir vəsatəti isə belə olub ki, əgər məhkəmə işi geri qaytarmasa və cinayət işinə baxmaq qərarı versə, o zaman məhkəmə prosesi qapalı keçirilsin.

Təqsirləndirilən polkovnikin özü də məhkəmə prosesinin qapalı keçirilməsini istəyib.

Zaur Mirzəyevin kabinetdə gizli şəkildə görüntülərini çəkdiyi, 2022-ci ilin avqustunda internetdə yayılan videolardakı qadınlar zərərçəkmiş qismində tanınıb. Həmin zərərçəkmişlərdən – A.N.-nın nümayəndəsi isə vəsatət qaldırıb ki, məhkəmə açıq keçirilsin. Çünki baş verənlərlə bağlı ictimaiyyətdə yanlış fikir formalaşıb.

Lakin hakimlər məhkəmə prosesinin qapalı keçirilməsinə qərar verib. Məhkəmə baxışı dekabrın 21-nə təyin edilib.

Gizli şəkildə görüntüsü çəkilmiş iki qadınla yanaşı, FHN də cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb. İddia olunur ki, Zaur Mirzəyevin hərəkəti nəticəsində nazirliyin işgüzar nüfuzuna zərbə vurulub.

Polkovnik Zaur Mirzəyev avqustun 17-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb.

İddia olunur ki, Zaur Mirzəyev iş otağındakı kompüterinə xüsusi proqram vasitəsilə video və foto çəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırıb.

“Xidməti və sair asılılıqlarından yararlanaraq, qadınlarla 2013-cü ildən 2019-cu ilin sonlarına qədər iş otağında cinsi əlaqə və digər formalarda intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb. Hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internetdə yayılmasına səbəb olub”, – prokurorluğun yaydığı məlumatda deyilir.

FHN əməkdaşı ittihamı qəbul etmir. O, istintaqa ifadəsində xidməti asılılıqdan istifadə etmədiyini, heç kimi heç nəyə məcbur etmədiyini bildirib. Həmçinin videoları da özünün yaymadığını deyib.

Zərərçəkmiş A.N-in vəkili Yaser Abdullayev “Yeni Müsavat” əməkdaşına deyib ki, hazırki cinayət işindən Cinayət Məcəlləsinin 242-ci – pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma maddəsi ilə ayrıca icraat aparılır. Məqsəd gizli şəkildə çəkilmiş videoları yaymış şəxsi və ya şəxsləri müəyyən edib istintaqa cəlb etməkdir.

Vəkil hələlik ayrılmış cinayət işi üzrə təqsirləndirilən şəxsin müəyyən olunmadığını açıqlayıb.

Bildirib ki, istintaqın yekununda Zaur Mirzəyevə Cinayət Məcəlləsinin 312-1.1 maddəsi – şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi maddəsi ilə də ittiham irəli sürülüb.

Vəkil təqsirləndirilən şəxsə bu maddə ilə ittiham irəli sürülməsinin səbəbini açıqlamayıb.

Belə məlumat var ki, Zaur Mirzəyev istintaqın gedişində rəsmiləri ələ almağa çalışıb.

Musavat.com