Manşet

“İdeal”ın keçmiş rəhbəri: Cahangir Əsgərovun xanımı şirkəti əlimdən aldı

“İdeal”ın keçmiş rəhbəri: Cahangir Əsgərovun xanımı şirkəti əlimdən aldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov deyir ki, AZAL rəhbəri Cahangir Əsgərov və onun xanımı Zərifə Həmzəyeva zorla bu şirkəti əlindən alıb. Onun sözlərinə görə, bu barədə həqiqətləri dilə gətirdiyi, dövlət orqanlarına, məhkəmələrə üz tutub haqqının bərpasını tələb etdiyi üçün cəzalandırılaraq həbs olunub.

7times.az xəbər verir ki, İsmayılov iyunun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən belə deyib.

İşadamı bildirib ki, 1999-cu işdə təkbaşına yaradıb genişləndirdiyi şirkəti sonradan əlindən almağa cəhd göstərməyə başlayıblar. Bu məqsədlə müxtəlif hiylələrə əl atıblar: “Sonda da məni öz pulumu mənimsəməkdə ittiham etdilər. Mənə ittiham verilib ki, şirkətin 680 min manatını mənimsəmişəm. Mən öz pulumu necə mənimsəyə bilərəm? Həmin dövrdə ondan 10 dəfə artıq məbləğdə şirkətə vəsait mədaxil etmişəm. Əlimdə bunu təsdiqləyən qəbzlər də var. Məhkəməyə təqdim edirəm. Amma nədənsə qəbul eləmək istəmirsiz….”.

2011-ci ilin noyabrına qədər “İdeal”ın tək sahibi olduğunu deyən İsmayılovun sözlərinə görə, sonradan “Premium Bank”ın rəhbərliyində təmsil olunan şəxslər ona ortaqlıq təklif ediblər. O da bu təklifi qəbul edib: “Bu bank da Cahangir Əsgərovun xanımınındır. Mağazalar şəbəkəsinin 50 faizinə onlar sahib oldular”.

Daha sonra şirkətin fəaliyyətinin genişlənməsi məqsədilə bankdan şirkətə kreditlər ayrılıb. İşadamı iddia edir ki, bankdan götürdüyü kreditin şərtləri ondan xəbərsiz dəyişdirilib, tələblər sərtləşdirilib: “Manatla götürdüyüm kredit dollara çevrilmişdi. “İdeal”dakı payım girov göstərilmişdi. Kredit borcum qrafik üzrə hər ay üçün 250 min dollar olmuşdu. Bu təzyiqlərdən sonra məcbur olub qalan 50 faizlik payın 25-ni də onlara satdım”.

İsmayılovun sözlərinə görə, 2017-ci ildə “Premium Bank” rəhbərliyinin şikayəti əsasında onun haqqında cinayət işi başlanıb və həbs olunub. O iddia edir ki, əsl səbəb isə əlində qalan 25 faizlik pay idi: “Həmin vaxt “Premium Bank” rəhbərliyindən Elçin Əhmədov mənə dedi ki, “İdeal”dakı qalan 25 faizlik payını verməsən, illərlə həbsdə qalacaqsan. Razılaşdım, 2017-ci ilin sentyabrında Elçin Əhmədov vəkili ilə həbsxanaya gəldi və mənə vəkilin adına etibarnamə imzalatdırdılar, payı verdim. Ondan sonra məni buraxdılar, cinayət işinə də xitam verdilər”.

İşadamı vurğulayıb ki, başına gələnləri ictimailəşdirdiyinə görə onu cəzalandırmaq, həm də susdurmaq məqsədilə yenidən həbs ediblər.

“Premium Bank” isə İsmayılovun dediklərini təkzib edib. Bankdan bildirilib ki, İsmayılov müxtəlif dövlət orqanlarına şikayət edib, amma onun iddiaları təsdiqini tapmayıb.

“Premium Bank” da AZAL rəhbərinin xanımı Zərifə Həmzəyevaya məxsusdur. O, bankın əsas səhmdarıdır. Həmzəyeva həm də Azərbaycanda kosmetika məhsullarının istehsalçısı olan “Gazelli” şirkətinin rəhbəridir.

“İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”yə daxil edilib. /Azadliq.org