Sosial

“İnsanlar təsirli status yazmaq yarışına giriblər”– Psixoloqdan açıqlama

“İnsanlar təsirli status yazmaq yarışına giriblər”- Psixoloqdan açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə baş verən zəlzələ milyonlarla insana psixoloji olaraq mənfi təsir etdi. Artıq zəlzələnin ilk günündən başlayaraq sosial mediada sıx-sıx minlərlə insanın “isti evimdən utanıram” kimi statusları ilə qarşılaşırıq. Həm zəlzələ bölgəsində yaşayanların, həm də bu bölgələrdə olmayanların məruz qala biləcəyi psixoloji travma üçün alına biləcək tədbirlər var.

Mövzu ilə bağlı 7Times.az-a danışan psixoloq Fərqanə Mehmanqızı bildirir ki, məruz qalına biləcək travmalardan uzaq durmağın ən yaxşı yolu sosial mediadan uzaq durmaqdır: “Müharibə, təbii fəlakətlər və s. kimi hadisələrdən sonra insanlarda müxtəlif travmalar qalır. Kütləvi şəkildə travmalar yaranır və bu başa düşüləndir. Ancaq biz anlamalıyıq ki, bu travmaların öhdəsindən gəlməliyik. Bu stresli dövrü, bu xaosu sağlam şəkildə, sağlam psixologiya ilə keçirməliyik. Əgər biz, xüsusilə, psixohəssas insanları, yeni doğum etmiş anaları, hamilə qadınları, panik atakdan, fobiyalardan, xroniki depressiyadan əziyyət çəkən insanları, ürək çatışmazlığından əziyyət çəkən insanları nəzərə almasaq, bu travma daha da böyüyəcək və daha böyük kütləni əhatə edəcək. Ona görə də, çalışmaq lazımdır ki, xaosdan sağlam çıxaq. Daha ağır formada, daha can yandıran formada sözlərdən istifadə edib status yazmaq yarışmasına girməyək. İnsanlar bunu çox açıq şəkildə edirlər. Soyuqqanlılıqla baxsaq görərik ki, sosial şəbəkədə səhifələr sanki yarışmadadırlar. “Mən daha dərindən bu hissləri necə biruzə verə bilərəm, daha dərindən necə yansıda bilərəm səhifəmə” kimi düşüncələrdən uzaq qaçaq. O videoları izləməkdən uzaq duraq. Hər kəs, başa düşürəm, kömək etməyə çalışır, ancaq o insanlar üçün dua etməklə özümüzə təskinlik verməliyik, təsəlli verməliyik ki, biz onların yanındayıq. İmkanı olanlar maddi, imkanı olmayanlar da duaları ilə o insanların yanında ola bilərlər. Amma bütün gün ekran başında dayanaraq o faciəni izləmək travmadan başqa heç nə vermir.”

Psixoloq qeyd edir ki, insanlar günlük məsuliyyətlərini xatırlamaqla hadisənin təsirindən uzaqlaşmağa çalışmalıdır: “İnsanlar düşünə bilərlər ki, mənə heç nə olmaz. Amma bu videoları, bu fikirləri, bu sözləri yaydıqda nəzərə almalıyıq ki, panik ataka meyilli, psixohəssas insanlar var. Nevrozlar var, hansı ki, psixohəssas insanlar nevroz olurlar. Nevrozluğun əlamətlərindən biri də özünü günahlandırmaq hissidir. Bu da somatik depressiyaya gətirib çıxarır. “Mən isti yerdə yatıram, onlar soyu yerdə yatırlar”, “Mən yemək yeyə bilirəm, mən isti çay içə bilirəm, mən övladımı qoruya bilirəm, onlar qoruya bilmirlər” və s. Bunlar somatikdepresiyanın əlamətlərindən biridir. Bu və buna oxşar əlamətlərdən özlərini qorumaq üçün, psixologiyalarının sağlam olması üçün zəlzələ ilə bağlı videoları az izləməlidirlər. İzləməsələr daha yaxşı olar. Nəyin bizə zərərli olduğunu anlamalıyıq. Anlayıram, mən özüm də 3 gün hadisənin şokunda idim. Amma başa düşürəm ki, bizim günlük məsuliyyətlərimiz var. Övladlarımızın qarşısında, valideynlərimizin qarşısında, işimizdə, təhsilimizdə, günlük yaşamımızda bizim məsuliyyətlərmiz var. Bu məsuliyyətlərin öhdəsindən gələ-gələ dualarımızı onlardan əskik etməyərək onlara yardım  edə bilərik. Bir həftədir bu barədə yazan jurnalistlərin necə tarvma aldıqlarını təsəvvür edə bilirəm.  Onlar bütün gün bu mövzunun içindədirlər. Onların arasında psixohəssas insanlar var, panikaya meyilli, emosional, somatik depressiyadan əziyyət çəkmiş insanlar var. Kütləvi şəkildə nevrozdan əziyyət çəkməmək üçün durmadan o videoları izləməmək lazımdır, daha da incidən statuslar yazmaqdan uzaq durmaq lazımdır. Ekran başında durmağın heç bir mənası yoxdur. Ancaq məsuliyyətlərimizi anlayıb, həyatımıza davam edərək dualarımızı əskik etməməliyik. Bundan başqa heç nə əlimizdən gəlmir.”

7Times.az