Yazarlar

Prezident mediaya diqqət və qayğısını əsirgəmir

Jurnalistlərin yaxın dostubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müstəqillik qazandıqdan sonra dövlətin mətbuata olan diqqət və qayğısı bu sahənin gündəlik həyatımızda, ictimai-siyasi proseslərdə necə əhəmiyyətli rol oynaması ilə bağlıdır. Həqiqətən də cəmiyyətin inkişafında və formalaşmasında “dördüncü hakimiyyət” adlandırılan mətbuatın rolu çox böyükdür. Dövlət başçısı daim jurnalistlərin peşəkar əməyinə  yüksək qiymət verir. Cənab Prezident İlham Əliyevin mətbuatla bağlı imzaladığı sərəncamlar və onun mətbuata diqqəti bir sıra tanınmış jurnalistlər tərəfindən yüksək qiymətləndirilir. Prezidentin jurnalistlərə “mənim köməkçilərim” deməsi mətbuata ən böyük diqqət və qayğıdır.

Bu gün ölkədə söz və mətbuat azadlığı üçün heç bir maneə və təhlükə yoxdur, jurnalistlər istədikləri mövzunu açıq şəkildə cəmiyyətin diqqətinə çatdıra bilirlər. Prezident İlham Əliyev ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsi, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün bütün zəruri imkanları yaradıb. Azərbaycan dövlətinin azad mətbuatın inkişafında bundan sonra da fəal olacağını vurğulayan dövlətimizin başçısı bildirib ki, jurnalistlər üçün bütün şərait yaradılıb.

Mətbuat daim dövlətin diqqətindədir

Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra, 1998-ci ildə mətbuata dövlətin nəzarət mexanizmi olan senzura ləğv edildi. Bununla da Azərbaycanda azad, müstəqil kütləvi informasiya vasitələrinin inkişafı üçün geniş imkanlar açıldı. Nəticədə, ölkədə çoxlu sayda müstəqil mətbu orqan, informasiya agentlikləri, elektron KİV-lərin fəaliyyəti üçün şərait yarandı. Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən azad mətbuatın inkişafına yönəlmiş bu siyasətə sadiq olduğunu atdığı addımları ilə təsdiqlədi. Bunun əyani sübutu kimi “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası”nın qəbul edilməsi, az müddət sonra isə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasını göstərə bilərik. Cənab İlham Əliyevin mətbuata göstərdiyi diqqət və qayğının ən bariz nümunəsi və dünyada analoqu olmayan addımı isə KİV nümayəndələrinin sosial-mənzil şəraitinin yaxşılaşdırılması oldu ki, nəticədə dövlətin hesabına iki hündürmərtəbəli yaşayış binası tikilərək jurnalistlərin ixtiyarına verildi. Hazırda isə daha bir yaşayış binası tikilir və həmin bina da media nümayəndələrinə təqdim ediləcək. Həmçinin müntəzəm olaraq dövlət başçısı media işçilərini təltif edərək onlara fəxri adlar, medallar verir ki, bu da Cənab İlham Əliyevin KİV-ə diqqət və qayğısının əyani sübutudur.

Kütləvi informasiya vasitələri də öz növbəsində onlara yaradılan şərait və imkanlardan yararlanaraq milli maraqları hər şeydən üstün tuturlar. Təsadüfi deyil ki, Cənab Prezident də bu məqamı hər zaman KİV təmsilçilərinin diqqətinə çatdıraraq onlara milli maraqlardan çıxış etməyi tövsiyə edib. Prezident bildirib ki, qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuatımız Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir.

Jurnalistlərin yaxın dostu

Prezident İlham Əliyevin Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında Sərəncamı jurnalistlərə yeni əhval-ruhiyyə gətirdi, böyük rəğbətlə qarşılandı. Mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il Prezidentin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsaitin ayrılması mətbuat tariximizdə mühüm hadisə kimi dəyərləndirildi. Təsadüfi deyil ki, 2010-cu ildə Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə “Jurnalistlərin dostu” mükafatına layiq görüldü. 2013-cü il iyulun 22-də dövlətimizin başçısı jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində və elə həmin gün də jurnalistlər üçün inşa edilən ikinci binanın təməlqoyma mərasimində iştirak edib. Bütün bunların nəticəsidir ki, dövlətimizin başçısı həmin il noyabrın 24-də ikinci dəfə “Jurnalistlərin dostu” seçilib. Media nümayəndələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə dövlət büdcəsi hesabına yaşayış binalarının inşa edilməsi, ümumiyyətlə, dünyada analoqu olmayan addımdır. 2015-ci il iyunun 2-də Azərbaycan Prezidenti İlham Əliyev milli mətbuatın 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Bakıda və respublikamızın bölgələrində milli mətbuatın yaranmasının 140 illiyi ilə əlaqədar çoxsaylı tədbirlər keçirilib.

Media nümayəndələri də onlara yaradılan bu şəraitdən dolayı dövlət başçısını özlərinin yaxın dostu sayır, bunu əməldə təsdiq edirlər. Prezident İlham Əliyevin üç dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi timsalında bunu aydın görə bilirik. Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyev də məhz mediaya yaratdığı şəraitə görə, “Jurnalistlərin dostu” adına layiq görülmüşdü.

147 yaşlı mətbuat

Bu gün böyük mücadilə və mübarizələrdən keçən milli mətbuatımız 147 il ərzində yüksəliş və inkişaf mərhələsinə gəlib çıxıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərib. Ölkəmizdə yüzlərlə mətbuat orqanı qəzet və jurnal fəaliyyət göstərir. Milli mətbuatımız illər keçdikcə daha da yeniliklərə imza atacaqdır.

Bütün bunlar göstərir ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Odur ki, Azərbaycan  mətbuatı  da, Azərbaycan jurnalisti də, haqlı olaraq ölkə Prezidentini özünün dostu hesab edir və bundan sonra da edəcək.

7Times.az