Manşet

Kəlbəcərdə 3 nəfər həlak olub, 4 nəfər yaralanıb – RƏSMİ

Kəlbəcərdə 3 nəfər həlak olub, 4 nəfər yaralanıb – RƏSMİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın silahlı qüvvələri beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini,  o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozmaqla ərazilərimizi minalayaraq vətəndaşlarımıza qarşı cinayət əməllərini davam etdirir.

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən 7times.az-a daxil olan birgə məlumatda bildirilib.

Qeyd olunub ki, 4 iyun 2021-ci ildə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentlikləri əməkdaşlarının mindiyi “Kamaz” markalı sərnişin avtomobili rayonun Susuzluq kəndi istiqamətində hərəkət zamanı tank əleyhinə minaya düşüb:

“Nəticədə 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib”.

“Faktla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb.

Hazırda intensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir”,-deyə rəsmi məlumatda bildirilib.