Aktual

“Kişilərin çoxu bunu anlamaq istəmir” – DEPUTAT

“Kişilərin çoxu bunu anlamaq istəmir” – DEPUTATbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İstanbul Konvensiyası” kimi tanınan “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyası” sənədi Avropa Şurası Parlament Assembleyasında qəbul edilməklə 2011-ci il mayın 26-da Türkiyənin İstanbul şəhərində imzaya açıq elan olunub. Bu səbəbdən bu konvensiyanı “İstanbul Konvensiyası” da adlandırırlar.

Son zamanlarda Azərbaycanda qadın qətlləri kütləvi şəkildə artdığından İstanbul Konvensiyasının qəbulu təklif olunur.

Maraqlıdır, İstanbul Konvensiyasının qəbulu nələri dəyişə bilər?  Bu sənədin qəbulu Azərbaycana lazımdırmı?

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Fazil Mustafa Bakıvaxtı.az-a bildirib ki, bu Konevsniyanın qəbulu heç nəyi dəyişməyəcək:

“Əksinə, Konvensiya qəbul olunsa prossesləri daha da ziddiyyətli edəcək. Çünki Azərbaycanda elə məsələlər var ki, cəmiyyət tərəfindən bunun hüquq olaraq görülməsi ənənəsi bir az hələ çətindi. Ona görə də, burda qadın qətlləri qanunla bağlı deyil, sırf düşüncə, mentalitet, dünyagörüşü, savadsızlıq, təhsil sisteminin çöküşü ilə bağlı məsələdir. Nə qadın normal məktəbə gedir, nə də kişi. Məktəbdə də yeridilən təhsil siyasəti uğurlu olmadığına görə, şəxsiyyət yetişdirmə potensialı yoxdur. Ona görə də, cəmiyyətə hazır insanlar kimi gəlmirlər və ailə qurandan da sonra bir-birlərinə güzəştə gedəcək, tolerant yanaşacaq anlayışı ortaya qoymurlar və məsələ burdan qaynaqlanır. Hesab edirəm ki, cəmiyyətdə müəyyən dərəcədə dünyagörüşünün dəyişilməsinə ehtiyac var. Yoxsa bizdə onsuz da gender bərabərliyi haqqında qanun və yüzlərlə konvensiya var. Qanun qadına zorakılığı qadağan edir. Nə olsun ki? Bu Konvensiyaya kimsə baxırmı, ümumiyyətlə kitab oxuya bilirlərmi? Öldürənlərin və ölənlərin əksəriyyəti müəyyən dərəcədə cəhalət mühitində yetişmiş insanlardır. Ziyalı bir adamın qadın öldürdüyü və ya zorakılıq tətbiq etməsi harda görülüb? Bunların hamısı həm də qadınların iqtisadi azadlıqlarının olmamasına öz təsirini göstərir”.

Deputat qeyd edib ki, qadınlar Azərbaycanda yazıq məxluqlara çevriliblər:

“Onların Azərbaycanda normal təhsil alması imkanları düşünülməlidir. Bəli, ölkədə nə qədər məktəb və universitet var, amma qızlarımızın çoxu ora oxumaqdan çox, vaxt öldürməyə gedirlər. Təbii ki, uğurlu qadınlarımız, qızlarımız da var, gedib xaricdə təhsil alırlar. Lakin hələ də indiyə qədər qızını xaricdə təhsil almağa göndərməyən nə qədər azərbaycanlı var. Bu anlayışlar dəyişməlidir. Məncə, qadına yönəlik siyasətdə fərqli bir tədqiqatlar olmalıdır. Çünki ailənin içinə dövlət girə bilmir. Lakin dövlət ailəni yaxşı mənada nəzarətində saxlamalıdır. Yüzlərlə ailə var ki, problem içində yaşayır. Ən ciddi konfilikt yaradanı isə ev məsələsidir. Bundan əlavə, sosial, maaş, qida, uşaqların sağlamlığı məsələləri də var. Qadın hüquqlarının qorunması üçün sözdə yox, əməldə ciddi addımlar atmalıyıq. O qadın hüququnu anlayan, dərk edən, onu qoruyan kişi yetişməlidi axı! O kişilərin də sayı çox deyil! Cəmiyyətdə o hüququ anlayan kişi yoxdursa, nə etmək olar?! Gərək kişi də qadını anlaya bilsin. Ümumiyyətlə, Şərq cəmiyyətlərində əxlaqın deformasiyası orda başlayır ki, qadından umulan, kişidən umulmur. Qadının qarşısına qoyulan tələblər, kişiyə qoyulmur”.

Fazil Mustafa bildirib ki, cəmiyyətin yanaşmasında kişi ilə qadının qeyri-əxlaqi davranışı arasında bəlli fərqlər var:

“Halbuki, dinimiz də, sivil qanunlarımız da hamıdan davranışına görə eyni məsuliyyəti tələb edir. Hesab edirəm ki, Azərbaycanda uğurlu qadınların sayını çoxaltmaq lazımdır. Digər tərəfdən diqqət etsəniz, Azərbaycanda anadan danışanda hamı kövrəlir. Lakin kişi öz evində uşağının anasını söyəndə, döyəndə kövrəlmir. Deməli hamı saxtakarlıq meyili içindədir. Əgər anan əzizdirsə, övladının da anası əziz olmalıdır. Qadınını incidə bilirsən, amma guya ananın dizlərində yatanda özünü cənnətdə hiss edirsən. Bu hansı məntiqə sığır. Bu saxtakarlıq Azərbaycan cəmiyyətində geniş yayılıb. Biz mental mühakimələrimizi dəyişə bilmirik. Ona görə də, qadın bundan da sonra da Azərbaycan cəmiyyətinin ən əzabkeş cinsin təmsilçisi olacaq”.