Qarabağ

Lavrov yenə də Xankəndiyə “Stepanakert” deyir…

Lavrov yenə də Xankəndiyə “Stepanakert” deyir…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşüblər və “Dağlıq Qarabağ regionuna işçi səfərlərin bərpa edilməsinə dair” razılıq əldə ediblər.

Virtualaz.org Lavrovdan belə bir sitat gətirib: “Elə bu günlərdə Rusiya, ABŞ və Fransadan olan üç həmsədr Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşdülər. Onlar, mənim başa düşdüyüm qədər, regiona Azərbaycan, Ermənistan nümayəndələri ilə yerində görüşmək üçün səfərlərini bərpa etməyi razılaşdırıblar, o cümlədən Stepanakertdə (Xankəndi – red.) görüşlər planlaşdırılıb”.

Bundan əvvəl Prezident İlham Əliyev də Anadolu Agentliyinə müsahibəsində ATƏT-in Minsk Qrupunun hansı məsələlər üzrə fəaliyyətini davam etdirə biləcəyini açıqlamışdı. Bununla bağlı Agentliyin sualı belə olmuşdu: “Həmsədrlərin ölkələri uzun müddət status-kvonu davam etdirmək strategiyasını yürütdü. Ancaq Zəfərdən sonra Minsk qrupunun, həmsədrlərin yenidən prosesə daxil olması, vasitəçilik diplomatiyası yürütməsi gündəmdədir, belə tələblər var. Bununla əlaqədar nə düşünürsünüz? Bu, gələcəkdə bir həll yolu ola bilərmi, bunun bir faydası olacaqmı?”

Prezident İlham Əliyev bu suala da geniş cavab verib. O bildirib ki, Minsk Qrupu həmsədrləri olan dövlətlərin prezidentlərinin Qarabağda status-kvonun qəbuledilməz olduğu haqda bəyanatı müsbət addım idi. Daha sonra onlar bu mövqedən çəkilərək: “Status-kvo dayanıqlı deyil” deyə bir mövqe dəyişikliyi ediblər. 44 günlük müharibə dövründə də BMT Təhlükəsizlik Şurasının üzvü olan Fransa Azərbaycana qarşı sanksiyaları gündəmə gətirməyə çalışıb.

Prezident deyir ki, onlar – Minsk Qrupu problemi həll etmək istəmədilər, Azərbaycan özü hərbi-siyasi yolla həll edəndə də mane olmağa çalışdılar: “Birləşmiş Millətlər Təşkilatında bizə qarşı məsələni qaldıran Minsk qrupuna həmsədrlik edən bəzi ölkələr idi. Müharibə gedir, biz öz torpağımızda beynəlxalq hüququ bərpa edirik, ədalət savaşına çıxmışıq. Ancaq Birləşmiş Millətlər Təşkilatında bizə qarşı hansısa sanksiya məsələsini ortaya atmaq tamamilə ədalətsizlikdir”.

Prezident müharibədən sonrakı dövrdə Minsk Qrupunun fəaliyyətinə toxunaraq deyib: “Bir dəfə Azərbaycana gəlmişdilər və mən onlara dedim ki, siz təklif verin. Biz bu məsələni həll etdik, Dağlıq Qarabağ münaqişəsi başa çatdı, “Dağlıq Qarabağ” adlı inzibati ərazi, yəni, qurum mövcud deyil. Bu günlərdə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sessiyasında çıxışımda da mən bütün ölkələrə müraciət etdim və dedim, rica edirəm ki, bundan sonra “Dağlıq Qarabağ” ifadəsi işlədilməsin, Azərbaycan ərazisində belə bir qurum yoxdur. Qarabağ zonası var, Şərqi Zəngəzur var. Belə olan halda Minsk qrupunun fəaliyyəti üçün bu gün yeni məsələlər ortalığa çıxmalıdır. Yəni, məsələ – Dağlıq Qarabağ münaqişəsi bitdi. Nə ola bilər? Mənim fikrimcə, yəni, etimad tədbirləri, ondan sonra yolların açılması, dəhlizlərin açılması, sülh prosesinə dəstək vermək, Ermənistan-Azərbaycan əlaqələrini tənzimləmək, çalışmaq ki, Ermənistan-Azərbaycan arasında bizim təklif etdiyimiz sülh müqaviləsi imzalansın. Yəni, məncə, onların fəaliyyət dairəsi bu gündən sonra bundan ibarət olmalıdır. Yoxsa “Dağlıq Qarabağ” – olmayan qurumun statusu ola bilərmi? Əlbəttə ki, yox. Mən demişəm, bir daha demək istəyirəm ki, əgər kimsə “Dağlıq Qarabağ”a status vermək istəyirsə, öz ölkəsində bir ərazi versin, orada bir qurum yaratsın, ya cümhuriyyət yaratsın, onların müstəqilliyini tanısın, biz də tanıyaq. Amma Azərbaycan ərazisində yox!”

Lavrovun, eləcə də, rəsmi Bakının açıqlamalarından məlum olur ki, Minsk Qrupu yenidən öz fəaliyyətini davam etdirəcək. Həmsədrlər yenə də İrəvana və Bakıya gələcəklər, Xankəndiyə də gedəcəklər. Azərbaycanın mövqeyini Prezident ifadə edib:  status məsələsi müzakirə olunmasın! Lavrovun bəyanatında isə, həmsədrlərin məşğul olacağı məsələlərin dairəsi haqda heç nə yoxdur. Ancaq əvvəlki bəyanatlara əsaslanaraq demək olar ki, Minsk Qrupu həmsədri olan dövlətlər süni olan “status” problematikasını da qaldıracaqlar. Bunu Ermənistanın adından və onun vasitəsilə sülh müqaviləsi qarşılığında şərt kimi irəli sürə bilərlər. 44 günlük müharibədən sonrakı dövrdə bölgədə Rusiya və Türkiyə vardı. İran da situasiyaya uğursuz bir giriş cəhdi etdi. ABŞ və Fransa yox idi. Hətta xarici diplomatların Şuşaya səfərində də ABŞ-ın, Fransanın və Rusiyanın Azərbaycandakı səfirləri nümayişkaranə şəkildə iştirakdan imtina etdi. Onlar Şuşaya ölkələrinin Azərbaycandakı səfiri qismində ekskursiyaya deyil, Minsk Qrupunun həmsədri mandatı ilə getməyə çalışırdılar və buna da nail oldular. Qarabağa gələcək səfərlərinin adını “işçi səfər” qoyublar. Yəni adına inansaq, bu missiya iki ölkə arasında həll edilməli olan praktik məsələlərin “işçi qaydada” həllinə kömək edəcəklər. Ancaq inandırıcı deyil ki, ABŞ, Fransa, eləcə də, Rusiya, həmsədr statusunda bölgəyə qayıdandan sonra, sadəcə, “işçi”lik etməyə razı olsunlar.

Həmsədrlərin qərəzi elə indidən görünür: Lavrov yenə də Qarabağa “Dağlıq Qarabağ”, Xankəndiyə “Stepanakert” deyir. Eyni məntiqlə biz Sankt-Pterburqa Leninqrad, Yekaterinburq şəhərinə Sverdlovsk deyə bilərik. Bu minvalla davam etsək, Samaranı da köhnə adı ilə Kuybışev adlandırmaq olarmış. Azərbaycan Prezidenti hətta BMT Baş Assambleyasının sessiyasında müraciət edib deyir ki, “Dağlıq Qarabağ” adlı yer yoxdur, Qarabağ var, Şərqi Zəngəzur var. Ancaq həmsədrlər, hər halda onlardan biri olan Rusiya yenə də “Dağlıq Qarabağ”, “Stepanakert” deməkdə davam edirsə, Rusiyanın Müdafiə Nazirliyi öz saytında hətta qondarma rejimi “Dağlıq Qarabağ Respublikası” adlandırırsa, Fransa Ermənistanın dediyini mütləq həqiqət kimi götürüb Azərbaycana qarşı ağlasığmaz iddlalar irəli sürür və ABŞ Konqresi Azərbaycanı sanksiya ilə təhdid eləyirsə, Minsk Qrupunun necə mövqe tutacağı indidən məlumdur.