Aktual

Lirə 10 qəpiyə düşdü – Türkiyədən mal almaq, yaxud orada istirahət etmək daha da ucuzlaşdı

Lirə 10 qəpiyə düşdü – Türkiyədən mal almaq, yaxud orada istirahət etmək daha da ucuzlaşdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlərdə türk lirəsinin bir qədər də ucuzlaşmasından sonra onun Azərbaycan manatına qarşı məzənnəsi 10 qəpik səviyyəsinə düşüb.

Bu gün Azərbaycanın Mərkəzi Bankında TL/AZN məzənnəsi 0,1 manat təşkil edib. Kommersiya banklarında isə alış-satış məzənnəsi fərqli olub. Lirə almaq istəyənlər 10,8 qəpik ödədiyi halda, lirəni satanlar 9,5 qəpik əldə ediblər.

Sfera.az bildirir ki, türk lirəsinin ucuzlaşmaqda davam etməsinin səbəbi yüksək inflyasiya şəraitində mərkəzi bankın faizləri artırmaması və xarici ticarət kəsirinin böyüməsidir. Türkiyədə illik inflyasiyanın 73,5 faizə yüksəlməsinə baxmayaraq ölkənin mərkəzi bankı uçot dərəcəsini 14 faizdə sabit saxlayır. Buna görə də lirə ilə yığımlar əlverişli olmur və əhali pulunu xarici valyutaya dəyişir, yaxud qızıl alır.

Lirədən qaçış güclü olduğundan Türkiyə valyutası dəyərsizləşir. Digər tərəfdən Türkiyənin idxalında artım sürəti ixracdakı artımdan böyükdür. Bu səbəbdən hər ay xarici ticarətdəki kəsirin məbləği bir qədər də böyüyür. Mövcud kəsirin həcmini nəzərə alaraq proqnozlaşdırmaq olar ki, 2022-ci ilin sonunda xarici ticarətdə kəsir 100 milyard dollara yüksələcək. Başqa sözlə, xarici ticarətə görə ölkədən çıxan dollar ölkəyə daxil olan dollardan 100 milyard dollar çox olacaq.

Sadalanan amillərin təsiri ilə lirənin ucuzlaşması davam edir. Ucuz lirə bu ölkədən mal alan və Türkiyəyə turist səfəri edən Azərbaycan vətəndaşları üçün əlverişlidir. İndi türk malları daha ucuzdur, Türkiyədə istirahət etmək isə daha az pulla başa gəlir.