Manşet

Mahmudovçuların yeni həbs dalğası başladı – Sırada kim var?

Mahmudovçuların yeni həbs dalğası başladı – Sırada kim var?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ləğv edilmiş MTN-in sabiq şefinin yaxın çevrəsinə daxil olan şəxslərin həbsləri davam edir. Eldar Mahmudovun mütəşəkkil dəstəsinin ifşasından sonra xüsusi xidmət orqanlarından qovulan Sahib Ələkbərov bir neçə gün əvvəl həbs olunub. Ona Cinayət Məcəlləsinin 182.3, 308.2, 311.3.1 və 311.3.2-ci maddələri ilə ittiham irəli sürüldüyü bildirilir. MTN-nin İstintaq Baş İdarəsinin rəis müavini vəzifəsində çalışmış Sahib Ələkbərov “işgəncələr kralı” kimi ad çıxarmışdı. Qondarma “Səid Dadaşbəylinin dəstəsi” və digər bu qəbildən olan işlərdə ən qəddar, ən mənfi personaj kimi yaddaşlarda qalıb.

7times.az musavat.com-a istinadən xəbər verir ki, 2015-ci ilin oktyabrında Eldar Mahmudov vəzifəsindən çıxarılandan sonra 22 “mahmudovçu” istintaqa cəlb edilmişdi. Sonradan onlar barəsində ittihamedici hökm çıxarılmaqla müxtəlif müddətlərə azadlıqdan məhrum edildilər. Belə fikir formalaşmışdı ki, “MTN işi” bu həbslərlə məhdudlaşacaq. Amma belə olmadı. Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisləri, generallar Mövlam Şıxəliyev və Nizami Şirinov Cinayət Məcəlləsinin ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə, sübutları saxtalaşdırma, ağırlaşdırıcı hallarda rüşvət alma, ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui istifadə etmə və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham edilərək 2021-ci ilin aprelində həbsə alındılar. Son zamanlar həbs edilənlər birbaşa Eldar Mahmudovun ən yaxın çevrəsinə daxil olanlardır.

Bu arada “Azəriqazbank”ın Müşahidə Şurasının sədri Çingiz Əsədullayevin də yenidən istintaqçıların diqqət mərkəzinə düşməsi xəbəri var.

Belə ki, “MTN işi” araşdırıldığı müddətdə və iş üzrə məhkəmələr dönəmində Çingiz Əsədullayevin adı cinayət işinin materiallarından əskik olmayıb. Lakin ən müxtəlif kanallarla Çingiz Əsədullayev həbsdən qurtulmağı bacarıb. İndi isə vəziyyət dəyişib. İstintaq addım-addım Eldar Mahmudova istiqamətlənmək üzrədir. Onun ən yaxın çevrəsindən Mövlam Şıxəliyev, Nizami Şirinov qandallanandan sonra Sahib Ələkbərovun da yaxası istintaqçıların əlinə keçdi. Çingiz Əsədullayevin həbsi Eldar Mahmudovun “qara pul” əməliyyatlarının böyük hissəsinin üzərinə işıq tuta bilər. Təsadüfi deyil ki, Eldar Mahmudov “vurulandan” sonra da Çingiz Əsədullayevlə əlaqələrini kəsməyib. “MTN işi”nin ən qızğın vaxtlarında, Eldar Mahmudov sıx nəzarət altında olduğu günlərdə belə Çingiz Əsədullayevlə təmasda olub.

Hətta “MTN işi”nin ili çıxmamış, “mahmudovçu”lar istintaq altında ah-zar etdikləri günlərdə, 2016-cı ilin sentyabrında Eldar Mahmudov Çingiz Əsədullayevin oğlunun “Böyük Saray” şadlıq evindəki toyuna qatılmışdı. Çingiz Əsədullayevin Eldar Mahmudovu maşınına qədər ötürməsi də diqqətdən yayınmamışdı.

Azərbaycan məhkəmələrində bankir Əsədovla nazir Mahmudovun Azərbaycandan milyardlarla ölçülən pulları çıxarmaları, xaricdəki hesablara yatırmaları haqda ifadələr, sənəd-sübutlar üzə çıxıb. 2020-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində Çingiz Əsədullayevin bank saxtakarlığında rolu üzə çıxmışdı. Məlum olmuşdu ki, Əsədullayev rəhbəri olduğu “Azəriqazbank”da (indiki AG Bank) dostuna saxta qızıllar girov qoyaraq külli miqdarda kredit götürmək üçün şərait yaradıb. Bank rəhbərliyi dəyişəndən sonra Əsədullayev və dostunun işinin üstü açılıb. Bundan sonra Eldar Yunis oğlu Səmimi istintaqa cəlb olunaraq Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham elan edilmişdi.

Cinayət işinin materiallarında dələduzluq hadisənin bir çox ilginc məqamları yer alırdı. Məlum olmuşdu ki, Çingiz Əsədullayev banka pul yatıran müştərilərin etibarından sui-istifadə edir, pulları saxta brilyant, qızıl sikkələr, antik qızıl əşyalar girov götürməklə dost-tanışına paylayır. Əmanətlər beləcə pay-puş edilirmiş.

Belə işlərdən biri də Çingiz Əsədullayevin dostu Eldar Səmimi ilə bağlı araşdırılmışdı. İttihama görə Eldar Səmimi saxta qızıl-zinət əşyaları müqabilində böyük məbləğdə kredit ötürüb. O, bu krediti götürmək üçün “Azəriqanbank”a əmanətçilərin pulları müqabilində saxta qızıl-zinət əşyaları qoyub. İttihamda yazılırdı ki, bankdan külli miqdarda kredit götürən Eldar Səmimi lombard açaraq biznes fəaliyyəti göstərib. Lakin işləri yaxşı getmədiyi üçün krediti ödəyə bilməyib. Bankın rəhbərliyi dəyişən zaman araşdırma aparılıb və Eldar Səmiminin banka qoyduğu qızılların bir çoxunun saxta olduğu üzə çıxıb. 63 yaşlı Eldar Səmimi 1985-ci ildə Azərbaycan İqtisad Universitetinin maliyyə-kredit fakültəsini bitirib. 1993-cü ildə “Azəriqazbank” təsis edildikdən sonra 2 ilə yaxın bankın müşahidə şurasının sədri olub. Həmçinin bankın həmtəsisçilərindən biri idi. Daha sonra “Azərbaycan Beynəlxalq Bankı”nda və “Mostbank”da da çalışıb. 1999-cu ildə Moskvaya gedərək orada banklardan birinin idarə heyətinin sədr müavini kimi çalışıb. 2010-cu ildə isə Azərbaycana qayıdıb və bir müddət Dövlət Sosial Müdafiə Fondunda çalışıb. Eldar Səmimi 2012-ci ildə “Təzə bazar” yaxınlığında icarəyə yer götürərək lombard işlətməyə başlayıb. Lombard üçün Eldar Səmimi “AG Bank”dan bir neçə dəfə kredit götürüb. Yarım milyon manata yaxın kredit götürən Eldar Səmimi borcunu ödəyə bilməyib. Faizlərlə birlikdə onun borcu 700 min manatı ötüb. Eldar Səmimi borcunu ödəyə bilmədiyi üçün bank tərəfindən məhkəməyə verilib. Məhkəmə qərar verib ki, onun banka girov qoyduğu qızıl-zinət əşyaları müsadirə edilərək borcuna yönləndirilsin.

Elə Eldar Səmiminin cinayət işinin üstü də bu zaman açılıb. Bank tərəfindən qızıl zinət əşyalarının qiymətləndirilməsi aparılan zaman məlum olub ki, banka qoyulan əşyaların bəziləri qızıl deyilmiş. Müəyyən edilib ki, Eldar Səmiminin banka girov olaraq qoyduğu 2 ədəd xəritə tablosu, xəncər, qılınc və portret qızıldan deyil. “Qiymətləndirmə Xidmət Mərkəzi” MMC-nin əməkdaşları tərəfindən müəyyən edilib ki, yuxarıda adı çəkilən əşyaların sadəcə üz hissəsi qızıl olub. Lakin banka təqdim edilən zaman xalis çəki qızıl olaraq göstərilib və bununla da ayrılan kredit şişirdilib. İstintaq zamanı üzə çıxıb ki, Eldar Səmimi Çingiz Əsədullayevlə dostluq münasibətində olub, krediti də Əsədullayevin köməyi ilə alıb. Bank əməkdaşları Eldar Səmiminin təqdim etdiyi qızıl-zinət əşyalarını aşağı qiymətləndirən zaman o, bankın rəhbərliyinə müraciət edib və məsələni öz xeyrinə həll etdirə bilib. Hətta elə zaman olub ki, onun bankda girov kimi təqdim etdiyi əşyalar qiymətləndirilməyib. Bu göstərişi də Çingiz Əsədullayev verib.

Lakin məhkəmə istintaqı zamanı məlum oldu ki, Eldar Səmimi banka saxta deyil, saf qızıl-zinət əşyaları qoyub. Qeyri-səmimilik isə Çingiz Əsədullayevin bankında baş verib. Məhkəmə Eldar Səmimiyə bəraət versə də, Çingiz Əsədullayevlə bağlı hər hansı bir tədbir görülməmişdi. Təkcə bu işdə deyil, Çingiz Əsəbullayevin adı ölkədən 5 milyard 500 milyon manat çıxarılması işinə də qarışıb.

Bu iş üzrə həbsə göndərilənsə, taksi sürücüsü ilə təkərqaraldan olub! Hər kəsə gün kimi aydındır ki, “AGbank”ın Xətai filialında filiala heç bir formada aidiyyəti olmayan şəxslər özlərinə ayrıca kabinet götürüb, oradan xaricdəki hesablara milyardlar ötürə bilməzdilər. Bunun üçün icazə verənlər sırasında ilk yerlərdə Çingiz Əsədullayevin adı gəlir.

Məhkəmə qarşısına Malik Əliyev və Rüfət Vəliyev çıxarılmışdı. Onlar ölkədən 5 milyard 500 milyon manat nağd pul çıxarmaqda suçlanaraq həbs edilmişdilər. Məlum olmuşdu ki, həmin pullar Eldar Mahmudova məxsus olub. Milyardların böyük bir hissəsi Çingiz Əsədullayevin rəhbəri olduğu “AG Bank” vasitəsi ilə ölkədən çıxarılıb.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Vidadi Əliyev şahid qismində ifadə vermişdi. Demişdi ki, o, onu işə Malik Əliyev dəvət edib. Əvvəllər o, Malik Əliyevlə bank sahəsində işləyib: “İşsiz idim. O da məni işə dəvət elədi. Mənə dedi ki, işim pulları saymaq və saxta olub-olmamasını yoxlamaqdır”.

Kassir işləyən Vidadi Əliyev də suallara cavabında deyib ki, işi sadəcə pulları mədaxil etmək olub. O deyib ki, pulların ölkədən çıxarılmasından xəbəri olmayıb.

Hakim xatırladıb ki, cinayət işi materiallarında görünür ki, təkcə “Elektromaş” MMC-nin adına 2014-cü il 29 oktyabrında müxtəlif məbləğlərdə 10 milyona yaxın pul köçürülüb. Hakim həmin məbləğləri xatırladıb. Məlum olub ki, təkcə həmin 1 gün ərzində müxtəlif zamanlarda 978 min, 97 min, 2 milyon, 234 min, 233 min, 363 min, 403 min, 931 min, 293 min, 390 min, 385 min, 765 min və digər məbləğlər mədaxil edilib. O da məlum olub ki, bəzi günlərdə hətta 100 milyona yaxın məbləğ mədaxil edilərək götürülüb. Məlumata görə, həmin məbləğlərin V.Əliyev tərəfindən götürülməsi və mədaxil edilməsi ilə bağlı sənəd də imzalanıb. Bütün bu əməliyyatlar “AG Bank”ın ofisində baş verib. Malik Əliyevin rəhbərliyi ilə pullar nağdlaşdırılaraq ölkədən çıxarılıb. Bu əməliyyatlar 2013-cü ildən başlayaraq 2015-ci ilə – Çingiz Əsədullayevin hamisi Eldar Mahmudov vəzifədən çıxarılana qədər davam edib. 2 il ərzində ümumi olaraq 5 milyard 500 milyon manat xaricdə olan ayrı-ayrı şirkətlərin hesablarına köçürülərək ölkədən çıxarılıb. Məbləğlər 9 ayrı şirkətin adına qəbul edilib. Bu şirkətlər də təqsirləndirilən şəxslərin adına açılıb.

Təqsirləndirilən Malik Əliyev də bu işdə Əlican adlı Türkiyə vətəndaşının adını çəkmişdi.

“Rüfəti tanıyırdım. Mənə dedi ki, türkiyəli bir iş adamının yanında işləyir. Mal gətirir, dövriyyəsi böyükdür. Bildirdi ki, pul köçürmə əməliyyatlarında problemlər olur. Mənə işləməyi təklif elədi. Həmin ərəfədə işsiz olduğum üçün razılaşdım. Bank işlərini bildiyim üçün bu işi qəbul elədim. İlk maaşım 300 dollar idi. Sonra isə 1400 manat almağa başladım. Bizə “AGBank”ın Xətai filialında ofis verildi. Əməliyyatlar, pul köçürmələri orada həyata keçirilirdi. Mən müqavilələrin düzgün olub-olmadığını yoxlayırdım. İş çox olduğu üçün Vidadi, Ülkər və Arzunu da işə dəvət etdim. Onlar mənim əvvəlki iş yoldaşlarım idi”,- deyən təqsirləndirilən şəxs özünü təqsirli bilməyib.

O deyib ki, heç bir şirkəti olmayıb və bu işdə sadəcə ötürücü rolunu oynayıb. Malik Əliyev “Royalbank”ın 10 saylı filialının direktor müavini işləyib. M.Əliyev eyni cinayət əməlinə görə, 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib. Bildirək ki, ittihama əsasən, “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev 2012-ci ilin əvvəlində Rüfət Vəliyevlə görüşüb. Ona cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasını təklif edib. M.Əliyev onu “AG Bank”ın İdarə Heyətinin sədri Azər Mövsümovla görüşdürüb. Rüfət Vəliyev özünü “Provision Group”, “İmpeks+”, “Blast”, “Qalaksi A”, “Asin Co. LTD”, “Primo A” və “İTEK” MMC-lərin direktoru kimi təqdim edib və guya xarici iqtisadi ticarət fəaliyyəti göstərəcəklərini, külli miqdarda dövriyyələri olacağını bildirib. Bunun üçün də bankın filiallarının birində onlara otaq ayrılmasını istəyib. A.Mövsümov onlar üçün “AGbank”ın Xətai filialında otaq ayırıb. M.Əliyev “Royalbank”da işlədiyi vaxtdan bəri tanıdığı Vidadi Əliyev, Ülkər Nəbiyeva və Arzu Əsgərovanı da işə cəlb edib. İttihamda qeyd edilir ki, R.Vəliyev və istintaqa məlum olmayan şəxslərin gətirdiyi cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulları V.Əliyev sayıb, onların saxta olub-olmadığını yoxlayıb. Daha sonra həmin pullar adları qeyd olunan şirkətlərin hesablarına köçürülüb. Sonra da xarici ölkələrin banklarındakı hesablara keçirilib. Ü.Nəbiyev və A.Əsgərova R.Vəliyevin tapşırığı ilə xarici bankların hesablaşma nömrələri və köçürüləcək məbləği kompüter vasitəsilə yazaraq çap edib, M.Əliyevə təqdim ediblər. R.Vəliyev isə həmin sənədləri şirkətlərin möhürü ilə təsdiqləyib, imzaladıqdan sonra icra olunması üçün M.Əliyev və V.Əliyevə təqdim edib. Rəsmi ittihama görə, M.Əliyev “Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, “İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, “Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, “Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, “Asin Co. LTD” vasitəsilə 79 milyon manat, “Primo A” MMC vasitəsilə 213,5 milyon manat, “İTEK” MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konversiya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb.

Ümumi məbləğ 5 milyard 500 milyon manatdır. Qeyd edilən məbləğin təqsirləndirilən şəxsə aid olmadığı aydındır. Lakin məhkəmədə dəfələrlə sual verilsə də, onlar kimlərin pulunu ölkədən çıxardıqlarını, Çingiz Əsədullayevin bu işdə rolu haqda fikir bildirməyiblər.

Mümkündür ki, bu adamlar kimlərin pullarının ölkədən çıxarılmasını bilməsinlər. Amma Çingiz Əsədullayevin günlük xaricə ötürülən 20-30 milyon manatın sahibinin kimliyindən xəbərsiz olması heç inandırıcı deyil.

Bank kimi fəaliyyət göstərən şəbəkənin ölkədən çıxardığı pulların sabiq MTN naziri Eldar Mahmudova məxsus olması da kimsəyə sirr deyil. Digər cinayət işi üzrə istintaq sənədlərində Eldar Mahmudovun oğlu Anar Mahmudovun ofşor hesablara sahib olması barədə qeydlər var.

Eldar Mahmudovun yaxın adamı olan Sahib Ağayevin cinayət işində məlum olmuşdu ki, təkcə Avropa Oyunları ərəfəsində 30 milyon bir gündə ölkədən çıxarılıb. Həmin məbləğ Avropa Oyunları ərəfəsində təhlükəsizlik tədbirlərinin görülməsi üçün dövlət büdcəsindən ayrılmışdı. 30 milyon Dominikan Respublikasında qeydiyyatda olan “Preim Desig and Patenting.SA” şirkətinin bank hesabına köçürülüb. Bu, təkcə bir gün ərzində ofşorda olan hesaba köçürülən məbləğ idi.

Rəsmi məlumatlara görə, Anar Mahmudov 2015-ci ilin yayında Böyük Britaniyada biznesə girişib. Atasının müəmmalı şəkildə vəzifəsindən kənarlaşdırılmasına bir neçə ay qalmış… İyul ayında Londondakı “8-10 Dover Street Limited” şirkətinin səhmdarları arasına səhmlərin 75 faizini əldə edən “Elmaha İnvestment Limited” ofşor şirkəti daxil olur. Yunan Kiprində 2014-cü ilin oktyabrında yaradılan, təsisçisinin adı açıqlanmayan şirkətin direktoru Anar Mahmudovdur. Amma sənədlərdən anlaşılan odur ki, Anar Mahmudov bu şirkətdə təsisçi hüquqları ilə təmsil olunur. Ofşor şirkət Londonda dörd ünvanda (8 Dover, 8-9 Dover, 10 Dover və 47 Albermarle) aldığı, dəyəri bir neçə milyon funt olan 5 daşınmaz mülkü “8-10 Dover Street Limited” şirkətinin istifadəsinə verir.

Yeni payçının gəlişi ilə “8-10 Dover Street Limited” restoran biznesi sahəsində işləyən “Mnky Hse Limited” törəmə şirkətini yaradır. Bir il sonra, 2016-cı ilin sonuna ana şirkətin xalis aktivləri 3 dəfə artaraq 9 milyon funtu (18,9 milyon manat) ötür. Əlli nəfərdən çox işçisi olan və Latın Amerikası mətbəxinin təamlarını təqdim edən bu böyük restoranın aktivində maliyyə hesabatına görə 1 milyon funt vəsait var. O dövrdə yerli media Mahmudovların biznesinə basqıların olduğunu, hətta çoxsaylı avtosalonlarının qapılarınını bağlandığını yazırdı. Vətəndə işi heç də yaxşı getmədiyinə görə Bakıda az-az görünən Anar Mahmudov isə Londonda yatırımlarını davam etdirirdi. 2016-cı ilin iyununda “Elmaha İnvestment Limited” şirkəti Londondakı daha bir şirkətin – “Percy Ho Limited”in səhmlərini alır və bir ildən sonra onun üzərində nəzarət Anar Mahmudova keçir. Belə ehtimallar var ki, Anar Mahmudov atası vəzifədə olduğu günlərdə ölkədən çıxarılan milyardları belə bizneslərə yatırmaqla leqallaşdırmağa baş vurub.

2018-ci ildə Anar Mahmudovun 8 şirkəti birləşdirən beynəlxalq biznes şəbəkəsi aşkar edilmişdi. Türkiyədəki “Deha Gömlek Üretim Sanayi ve Ticaret Limited” və “Sinalco Gayrimenkul ve Danışmanlık Hizmetleri A.Ş”, İspaniyadakı “22 Vaquer De Bendinat S.L.”, “Son Sana Portals S.L.”, “Macent Invest Group SL” və “Majorca Capas Group İnvestment SL”, Lüksemburqdakı “Utilicom” və “Konoco.M” şirkətlərinin onun nəzarətində olduğu yazılırdı. Anar Mahmudovun qayınatası, hazırda həbsdə olan Eldar Mahmudovun digər bankiri Cahangir Hacıyev “Azərbaycan Beynəlxalq Bankı”na rəhbərlik edərkən “Nəqliyyat” filialının direktoru olmuş Kənan Orucov da ölkədən milyonlarla vəsaitin qaçırılması ittihamı üzrə istintaqa cəlb olunub. Kənan Orucov Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevlə birlikdə milyonların mənimsənilməsi ittihamı ilə hakim qarşısına çıxarılmışdı. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2016-cı ildə çıxardığı hökmdə Kənan Orucov şərti cəza almışdı. Həmin hökmlə Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib.

Çingiz Əsədullayev isə artıq 6-cı ildir ki, bankdan “yeyib” istintaqdan kənar gəzib dolaşır. Onun susqun razılığı və səssiz iştirakı ilə ölkədən çıxarılan milyardlarla işğaldan azad edilmiş torpaqlarda olduqca böyük infrastruktur layihələri həyata keçirilə bilər. Bunun üçün Eldar Mahmudovun qara işlərinin bankiri Çingiz Əsədullayevin yolunu sadəcə Mövlam Şəxəliyevin, Nizami Şirinovun, bir neçə gün əvvəl həbsə alınan Sahib Ələkbərovun yanından salmaq kifayətdir…