Ölkə

Nazir Nazim Ağayevi 10 minlik yeyintiyə görə işdən çıxardı? – Yenilənib

Nazir Nazim Ağayevi 10 minlik yeyintiyə görə işdən çıxardı? – Yenilənibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün mədəniyyət naziri Anar Kərimovun Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayevi vəzifəsindən azad etməsinin səbəbi məlum olub.

7times.az xəbər verir ki, idarə rəisi keçirdiyi şübhəli tenderlə bağlı işdən çıxarılıb. Belə ki, bir gün əvvəl sosial şəbəkələrdə Xaçmaz  Regional Mədəniyyət İdarəsinin kompüter proqramları və antivirus proqramlarının alınmasına dair elan etdiyi şübhəli tenderin nəticələri müzakirələrə səbəb olub. “Dövlət satınalmalarının vahid elektron portalı”ına daxil edilmiş məlumata əsasən, Məmmədli Malik Mikayıl oğlu adlı şəxs bu tenderin qalibi elan edilib. O, yerli mədəniyyət idarəsinə 10 min 426 manat məbləğində kompüter proqramı satıb.

Bu məbləğin yüksək olması birmənalı qarşılanmayıb. Buna səbəb isə tələb olunan antivirus proqramının illik ödənişinin qat-qat ucuz olmasıdır. Bundan əlavə, məlumdur ki, bu cür müəssisələrdə adətən az güc sərf edən ofis proqramları lazım olur.

Sözügedən tenderin nəticəsi açıqlandıqdan sonra sosial şəbəkələrdə nazirin idarə rəhbəri barədə müvafiq qərar verəcəyi barədə müzakirələr gedirdi.

Həmçinin ehtimal olunur ki, tender Anar Kərimovun bir müddət öncə baş tutan təyinatından əvvəl elan olunub və qalib seçilib.

***

7times.az xəbər verir ki, Nazim Ağayev “Qafqazinfo” ilə əlaqə saxlayaraq 10 min manatlıq yeyintiyə görə işdən çıxarılması ilə bağlı yayılan məlumatları təkzib edib. O, təqaüdə çıxması ilə bağlı vəzifədən getdiyini açıqlayıb: 

“Mən təqaüdə çıxmağımla əlaqədar cənab nazirə ərizə yazıb müraciət etmişəm və o da məni tutduğum vəzifədən azad edib. Burada heç bir yeyintidən söhbət gedə bilməz”.

N. Ağayev həmçinin sosial şəbəkədə rəhbərlik etdiyi Regional İdarəyə 10 min 426 manat məbləğində kompüter proqramı alınması ilə bağlı məsələyə də aydınlıq gətirib:

“Bir ildir pandemiyadır, bizim fəaliyyətimiz ancaq elektron qaydada həyata keçirilir. Elə bilirlər ki, Xaçmaz Regional Mədəniyyət İdarəsinin 5-10 kompüter var, onlara antivirus proqramı yüklənib. Əslində isə bizim regional idarəyə 5 rayon baxır. Bu rayonlarda 500 kompüter var. Sosial şəbəkələrdə bu barədə yayılan məlumatlar yanlışdır və qərəzlidir”.