Gündəm

Nikolun şok etirafı: “Qardaş respublikaya pay” nə deməkdir?

Nikolun şok ETİRAFI: “Qardaş respublikaya pay” nə deməkdir?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Ermənistan parlamentində çıxış edən Baş nazir Nikol Paşinyanın sərhədlərin demakrasiya və delimitasiyası ilə bağlı səsləndirdiyi fikirlər həm ciddi etiraf, həm də hazırkı danışıqların əsas “düyünlər”inin izahı sayıla bilər.

7times.az xəbər verir ki, Rusiya lideri Vladimir Putin bir müddət öncə bu məsələdə Rusiya, Azərbaycan və Ermənistandan başqa heç bir ölkəyə ehtiyac olmadığını bildirmişdi. O demişdi ki, sovet xəritələri Rusiya arxivlərində var və bu xəritələrlə – təbii ki, Moskvanın vasitəçiliyi ilə – sərhədlər dəqiqləşməlidir.

Bu yöndən verilən sualı cavablandıran Nikol Paşinyan da bildirib ki, sovet dövründəki xəritələr vaxtaşırı olaraq dəyişdiyi üçün onlar bir-birindən fərqlənir.

Xəritələr və ərazilər necə dəyişə bilərdi?

Paşinyan bu suala da aydınlıq gətirib və deyib ki, məsələn, Sov İKP MK-nın Plenumunda müttəfiq respublikalardan (yəni Azərbaycan və Ermənistan) birinin sərhədyanı rayonunun icra komitəsi “qardaş respublikanın” ehtiyaclarını nəzərə alaraq, hansısa otlaq sahəsinin digərinə verilməsi barədə müraciət edib və bu da qəbul olunub. Nəticə etibarilə xəritələr “dəyişdirilib”.

Bu, 1920-ci ildə başlayaraq, Azərbaycan ərazilərinin hissə-hissə Ermənistana verildiyini erməni baş nazirin dolayısı etirafıdır. Çünki 1920-91-ci illər arasında Ermənistanın Azərbaycana hansısa otlaq sahəsini və yaxud suvarmada istifadə üçün göl ərazisini verməsi ilə bağlı bircə fakt da yoxdur. Hər zaman Ermənistan bu “təşəbbüslə” çıxış edib və Azərbaycandan bəzi hallarda min hektarlarla ərazini əvvəlcə otlaq sahəsi kimi “müvəqqəti icarəyə” götürüb, daha sonra isə sərhədləri daxilinə salıb.

Hazırda Qazaxın Bağanis Ayrım, Xeyrimli, Barxudarlı, Sofulu, Yuxarı Əskipara, Aşağı Əskipara, Qızıl Hacılı, Naxçıvanın Kərki kəndinin və s. Ermənistan ərazisində qalmasının səbəbi də budur. Qazaxın 7 kəndi ona görə Ermənistan ərazisinə düşmüşdü ki, o kəndlərə aparan böyük torpaq sahəsi Ermənistana “otlaq sahəsi” kimi verilmişdi.

Bu son xəyanət 1983-cü ildə baş verib

Həmin il böyük hissəsi Kəmərli kəndinin meşələri olmaqla, Əskipara dərəsinin, Cəfərlinin üstü, Sofulu və Barxudarlı kəndlərini Qazaxa birləşdirən strateji yüksəkliklər də daxil olmaqla, ümumilikdə 3 min hektardan çox ərazi ermənilərə verilib.

Məhərrəm Göyüşoğlunun bir müddət öncə şahidlər və tarixi materiallar əsasında paylaşdığı məlumata görə, həmin vaxt kəndlərin əhalisi ciddi şəkildə etiraza qalxıb. Azərbaycan Kommunist Partiyasının katibi Şamil Rəsizadə Noyanberyan tərəfdən ermənilərlə birgə Kəmərli meşələrinə gəlib. Qazaxın sözügedən kəndlərinin əhalisi isə Kəmərlinin mərkəzində onları təhqir edib, bu təşəbbüsə qarşı bel-yaba ilə çıxacaqlarını bildiriblər.

Müxtəlif repressiyalardan, kəndliləri “qızışdıranların” istintaqa cəlbindən və minbir təzyiqlərdən sonra nəhayət, Azərbaycan KP MK rəhbəri Kamran Bağırov rayona gəlib və camaatdan xahiş edir ki, “o torpaqlar mütləq verilməlidir, çünki məni 8 saat Moskvada buna görə ayaq üstə saxladılar”.

Beləliklə, Kamran Bağırovla Dəmirçiyan Bala Cəfərli kəndinin ərazisində erməni restoranında torpaqların verilməsi barədə sənədi imzalayıblar.

Eyni proses Qaragöl ərazisində də gedib. Qaragölün suyundan istifadə etmək istəyən ermənilərə əvvəlcə şərait yaradılıb, daha sonra ermənilər rayon rəhbərliyi ilə razılaşdıraraq, göldə balıq saxlamağa və ondan istifadə etməyə başlayıblar. Bir müddətdən sonra isə gölün bütün ərazisini istismar etdikləri üçün Ermənistan ərazisinə “qatıblar”.

Buna qarşı da yerli camaat dəfələrlə çıxıb və toqquşmalar baş verib. Nəhayət, Qaragöl qoruq elan edilib və onun suyundan birgə istifadə haqda razılaşma imzalanıb.

Hətta Qərbi Zəngəzur Ermənistana verildikdən sonra da Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında quru əlaqəsi kəsilməmişdi. Lakin 1933-cü ilə qədər daha 9 kənd ermənilərə peşkəş edilir və nəticədə hazırkı vəziyyət yaranır.

Nikol Paşinyanın ötən gün parlamentdəki çıxışı bir daha sübut edir ki, hazırkı müzakirələrdə bu faktlar ortalığa qoyulub və Ermənistandan min hektarlarla oğurladığı ərazilərin geri qaytarılması tələb edilir.

Nikol Paşinyan hansı xəritələrə üstünlük verir?

N.Paşinyanın 1974-cü il xəritələrinə üstünlük verdiyi açıq-aşkardır. Çünki onun “xəritələr 100 faiz də olmasa, heç olmasa, 99 faiz Ermənistanın ərazisi haqda qanunla üst-üstə düşsün” sözləri və “otlaq sahəsi” məsələsini hallandırması 1983-cü il qanunsuzluğundan geri çəkiləcəklərinə işarə sayıla bilər.

Ancaq ən əsas məqam Ermənistanda hazırda da qorxu ilə qarşılanan 1920-ci il xəritələridir. Paşinyan “heç olmasa, 99 faiz” deməklə, Azərbaycanın daha köhnə xəritələrlə sərhədlərin çəkilməsində israr etdiyini dolayısı ilə təsdiqləyir.

Əgər günlərdir Ermənistanda müzakirə edilən 1920-ci il xəritələri gündəmə gələrsə, Ermənistan Qərbi Zəngəzurdakı ən azı 9 kəndi də Azərbaycana qaytarmağa məcburdur. O kəndlərin qaytarılacağı təqdirdə isə Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən yol birbaşa Azərbaycanın qanuni ərazisi altına keçmiş olacaq.

Axar.az