Ölkə

“Özünü bədbəxt etmiş” məmurları Azadlıq Meydanından assaq, millət ağ günə çıxacaqmı?

“Özünü bədbəxt etmiş” məmurları Azadlıq Meydanından assaq, millət ağ günə çıxacaqmı?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Prezident İlham Əliyevin yanvarın 12 -də ölkə telekanallarına verdiyi müsahibədə məmurlarla bağlı səsləndirdiyi fikirlər haqlı olaraq hələ də ciddi müzakirə olunmaqda və üstündən bir həftə keçməsinə baxmyaraq gündəmin əsas mövzularından biri olaraq qalmaqdadır.
Dövlət başçısının həmin fikirlərini mövzuya giriş etməzdən öncə bir daha oxucuların diqqətinə çatdırmaqda fayda var:
“Son illər ərzində göstərdiyimiz qətiyyət və sözlə əməl arasında olan vəhdət, hesab edirəm ki, hər kəs üçün dərs olmalıdır. Çünki mən dəfələrlə dövlət məmurlarına həm rəsmi qaydada, həm də görüşlər zamanı, onları vəzifəyə təyin edərkən təlimat verirdim ki, korrupsiya ilə, rüşvətxorluqla ciddi mübarizə aparılmalıdır və əgər bu və ya digər məmur bu çirkaba bulaşarsa, cəza çox sərt olacaq. Nəticə də onu göstərir – ən yüksək vəzifəli məmurlar bu gün istintaq qarşısında, məhkəmə qarşısında cavab verməli olublar və haqlı cəzalarını alıblar. Bir daha demək istəyirəm ki, heç kim bu məsuliyyətdən boyun qaçıra bilməz, heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir, heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq. Xüsusilə bu əyri yola gedən insanların xidmətləri daha çox “ayı xidməti”nə bənzəyir. Ona görə hesab edirəm ki, bunu hər kəs artıq görüb və bilib. Ona görə bizim addımlarımız çox sərt olacaq, cəzalarımız da çox sərt olacaq. Amma bu, işin bir tərəfidir. Artıq 18 ildir ki, mən Prezident vəzifəsində işləyirəm və mənim təşəbbüsümlə çoxlu kadr dəyişikliyi edilib. Əfsuslar olsun, bəzi hallarda kadr dəyişikliyi vəziyyətin müsbətə doğru dəyişməsinə aparmır. Çünki yeni kadr təyin edilir, müəyyən müddət ərzində özünü verilmiş təlimatlara uyğun aparır, amma sonra vaxt keçdikcə, necə deyərlər, köhnə, əyri yola gedir. Ona görə burada cəza tədbirləri ilə yanaşı, kadrların düzgün seçilməsi məsələsi öz rolunu oynamalıdır.
Bu sahədə son vaxtlar, Azərbaycan ictimaiyyəti görür ki, çox ciddi kadr islahatı aparılıb. Hakimiyyətin demək olar ki, bütün qollarında ciddi kadr islahatları aparılıbdır. Hökumətdə, Milli Məclisdə, Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında artıq böyük dərəcədə ciddi kadr dəyişikliyi baş verib və bu, hesab edirəm ki, korrupsiyaya qarşı mübarizədə önəmli rol oynayacaq. Eyni zamanda, biz cəmiyyətdə də elə ab-hava yaratmalıyıq ki, ictimai nəzarət güclənsin. Siz yaxşı bilirsiniz ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm. Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin. Sizin, media nümayəndələrinin bu sahədə çox böyük rolunuz var. Deyə bilərəm ki, mən bəzən xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir. Deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir. Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır. Amma məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir. Mən demişəm, əgər hansısa dövlət məmuru özünü dəmir barmaqlıqlar arxasında görmək istəmirsə və əgər öz çirkin əməllərindən əl çəkə bilmirsə, o, vəzifədən könüllü çıxsın ki, özünü bədbəxt etməsin”.
Təbii ki, dövlət başçısının məmurlara xitabən səsləndirdiyi fikirlərdən ən çox məmnun qalanlar məhz media mənsublarıdır və onlar artıq sanki prezidentin bu çağırışından feyziyab olaraq ictimai nəzarət funksiyasını yerinə yetirmək öhdəliyi daşıyırmışlar kimi hücum əhval-ruhiyyəsindədirlər. Əlbəttə, unutmaq olmaz ki, xüsusilə Azərbaycan kimi məmləkətlərdə sözdə deyil, əməldə ictimai nəzarətin mövcudluğu ümumi işin xeyrinədir və yumurtadan yun qırxmaq həvəsində olan kəmfürsət məmurlar bundan nəticə çıxarmaq zorundadırlar. Unutmaq olmaz ki, korrupsiya və rüşvət təkcə Azərbaycanın deyil, bəşəriyyətin bəlasına çevrilib və insan oğlu hələ ki, bu mərəzdən birdəfəlik qurtulmağın yolunu tapmaqda acizdir. Eyni zamanda etiraf etmək lazımdr ki, Azərbaycan dövlət və millət olaraq ən ağrılı problemini, 30 ilə yaxın “Qordi düyünü”nə çevrilmiş Qarabağ münaqişəsini həll etdikdən sonra onun inkişafını tormozlayan ən başlıca bəla məhz korrupsiya və məmur özbaşınalığıdır. Bu baxımdan məmurları haram yoldan çəkindirmək, belələrini ictimai qınaq hədəfinə çevirmək gerçəkdən də medianın və vətəndaş cəmiyyətinin əsas prioritetlərindən birinə çevrilməlidir.
Amma bu yazının qayəsində dayanan əsas niyyət heç də dövlət başçısının çağırışından vəcdə gələrək ağına-bozuna baxmadan məmur adlanan hər kəsin qabırğasına döşəmək və onları az qala xalq düşməni kimi ictimai müzakirəyə çıxarmaq deyil. Əksinə, əsas məqsəd son dövrlər ümumiyyətlə cəmiyyətdə məmurlara qarşı qeyri adekvat davranışların bütövlükdə təhlükəli həddə çataraq dövlətçiliyi təhdid etdiyi barədə həyəcan təbili çalmaqdır. Fikrimizi əsaslandırmağa çalışaq və məmur dedikdə insanların düşüncəsində yalnız çirkaba bulaşmış, rüşvət və korrupsiya bataqlığında çabalayan bir zavallı zümrə olaraq assosiasiya olunan bu kəsimə qarşı əslində necə haqsızlıq edildiyinə diqqət yetirək.
Əvvəlcə gəlin görək, ümumiyyətlə, məmur kimdir və məmurların ümummilli düşmən, bəlalarımızın əsas baiskarı kimi təqdim edilməsi nə dərəcədə doğrudur?
Azərbaycan dilinin izahlı lüğətində “məmur” sözünün etimologiyasına nəzər saldıqda bəlli olur ki, ərəbcə əmr sözü ilə qohumdur, “əmri icra edən” deməkdir. Yəni “məmur” dedikdə dövlət idarələrində çalışan qulluqçu, dövlət xidmətçisi, çinovnik, müəyyən bir iş, vəzifə görməyə əmr və ya tapşırıq almış şəxs gözlərimiz önündə canlanır. Elə isə əmr icra edənləri ucdantutma ittiham etməklə biz nəyə nail oluruq? Təcrübə göstərir ki, biz cəmiyyət olaraq məmurların üzərinə bu cür getməklə əslində durumu daha da qəlizləşdirir və hətta dramatikləşdiririk. Bu zaman unduruq ki, məmurların mütləq əksəriyyəti vicdanı və intellekti ilə dövlətinə, millətinə bağlıdır və onlara verilən tapşırıqları, əmrləri icra etməklə əslində dövlətin ayaqda qalmasına töhfə verirlər.
Yeri gəlmişkən, Azərbaycan öz keşməkeşli həyatında bir çox sınaqlardan keçmək zorunda qalıb. 20 yanvarın növbəti ildönümündə SSRİ adlanan bir terror dövlətinin silahlı qvvələrinin günahsız insanlara divan tutduğunu lənətlədiyimiz bu günlərdə onu da xatırlayırıq ki, sovetlərə qədər kütlədən seçilənlərə “bəy”, “xanım” deyə müraciət edilirdisə, sonradan “müəllim”, “müəllimə” deməyə başladılar. Beləcə az qala yarım əsr müəllimlər sovet cəmiyyətinin ən hörmətli, ən nüfuzlu kəsimi hesab olunurdu və ən parlaq şəxsiyyətlərə “müəllim”, “müəllimə” deyə müraciət edilirdi. Amma sovetlərin çöküşündən öncəki 20-25 ildə müəllimlərə olan hüsn-rəğbət öləziməyə başladı və hətta 80-ci illərdə müəllimlik peşəsi o qədər nüfuzdan düşdü ki, yalnız zəif abituriyentlər əlacsızlqıdan müəllimlik ixtisasına sənəd verməyə başladılar. Əslində bu tendensiya dövləti idarə edənlər üçün bir siqnal olmalıydı və 70 illik bir epoxanın tənəzzülünün əlaməti kimi qəbul edilərək qarşısı qətiyyətlə alınmalıydı. Amma SSRİ-ni idarə edənlər nədənsə bunu etmədilər və nəticədə müəllimlik peşəsi nüfuz baxımından yerini hüquq mühafizə orqanlarına vermək zorunda qaldı və beləcə cəmiyyətdə hörmət – izzət sahibi olanlara “müəllim” deyə müraciət edilməsi ənənəsi yerini yenidən “bəy”ə, “xanım”a dəyişdi. Gəlin razılaşaq ki, bundan nə dövlət uddu, nə millət, nə də vətəndaşlar…
Acınacaqlısı budur ki, bu gün də təxminən oxşar xoşagəlməz tendensiya yaşanır və insanlar yaşadıqları bütün uğursuzluqlarına görə “günah keçisi” axtarışına çıxarkən ən birinci nifrətlə dolu gözlər önünə məmur təbəqəsi gəlir və elə rəy formalaşdırılır ki, sanki bütün məmurlar bu ölkəni çapıb talamaqdan başqa heç nəyə yaramırlar. Axı belə deyil və məmurların – hər birinmizin atası-anası, oğlu-qızı, qardaşı-bacısı olan yüz minlərlə cəfakeş vətəndaşımızın bu dövlətin inkişafı üçün verdikləri töhfə, xərclədikləri çaba heç də digər peşə və sənət sahiblərindən nəinki az deyil, hətta müqayisə olunmayacaq qədər çoxdur.
Elə tanınmış ictimai xadim, nüfuzlu media eksperti, professor Qulu Məhərrəmli də Moderator.az-a açıqlamasında deyir ki, biz cəmiyyət olaraq bir qələmlə hamını qaralamlı deyilik:
“Nə üçünsə insanlarda belə bir yanlış təsəvvür var ki, dövlət idarələrində çalışanların hamısı rüşvət alan, korrupsiyaya bulaşan, adam süründürən, insanlara problem yaradanlardır. Amma məncə burada bir yanlışlıq var. Həmin yanlışlıq ondan ibarətdir ki, şəxsən tanıdığım nə qədər ləyaqətli, dövlət düşüncəsi olan, insanlarla sayğı ilə yanaşan məmurlar var. Amma hesab edirik ki, bir sistem var, bu sistemin içində təmiz olmaq mümükün deyil. Mən bunu yalnış düşüncə hesab edirəm. Çünki özümün də tanıdığım nə qədər orta sayda belə məmurların sayı çoxdur. Nazirlər, o səviyyədə olan məmurlar içərisində nə qədər vicdanlı, dürüst adamlar var ki, onlar tam mənəviyyat sahibdirlər. Atdığı addımlarda da ciddi dövlət düşüncəsi var. Ona görə biz hamını eyni gözdə görməməliyik. Unutmamalıyıq ki, məmurlar da insandırlar, onların da arasında dürüstləri var, ona görə biz bir qələmlə hamını qaralamalı deyilik”.
Əlbəttə, heç kimə sirr deyil ki, vətəndaş məmnunluğuna xələl gətirən, insanları dövlətdən və dövlət başçısından narazı salan yerli və mərkəzi icra hakimiyyəti orqanlarının bəzi üzdəniraq rəhbərləri var və onların kimliyini əslində hamımız bilirik. Amma beş-üç nəfərə görə gerçəkdən də bu dövlət üçün canını sipər edən, hətta sağlamlığını belə əsirgəməyən çoxminli məmurlar ordusunu bir qələmlə qaralamaq əslində Prezident-Xalq, Xalq-Prezident vəhdətini baltalamaq və son nəticədə dövlətin təhlükəsizliyini sarsıtmaqdır. Diqqətçəkən bir məqam da ondan ibarətdir ki, prezident özü də yeni təyin olunan kadrların fəaliyyətindən narazı qalıb və onların da qısa zamanda əyri yolun yolçusuna çevrildiyindən narahatdır. Buradan belə bir qənaətə gəlmək olur ki, problem kadrların təyinatında yaşlı-cavan nəslin nümayəndəsi məsələsində deyil, bütövlükdə idarəetmə sisteminin ahəngdar işləməsi üçün nələrinsə çatışmamasındadır. Ona görə də elə bir qızıl orta tapılmalıdır ki, insanlar məmur olmaqdan qorxmasınlar və dövlətə, vətənə xidmət edərkən bir gün prezidentin də dediyi kimi özlərini bədbəxt etməsinlər. Unutmaq olmaz ki, vətəndaşı narazı, məmuru bədbəxt olan dövlətin gələcəyinə inam da kövrək olur…