Aktual

“Paşinyan telefonla Putindən yeni təlimatlar alıb” – Plan nədir?

“Paşinyan telefonla Putindən yeni təlimatlar alıb” – Plan nədir?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Tərəflər ikitərəfli məsələləri, eləcə də regiondakı prosesləri nəzərdən keçiriblər.

Bundan əlavə, dövlət başçıları 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası barədə fikir mübadiləsi aparıblar.

Eyni zamanda, Paşinyan və Putin Ermənistan-Azərbaycan sərhədində delimitasiya və təhlükəsizlik üzrə komissiyanın fəaliyyəti, həmçinin regionda kommunikasiyaların açılması istiqamətində görülən işləri müzakirə ediblər.

Müəyyən danışıqlar aparılsa da, ortada hansısa nəticələr yoxdur. Proses olduqca ləng gedir. Maraqlıdır, bu danışıqlar nə zaman öz nəticəsini verəcək?

Politoloq, Orta Doğu Araşdırmalar Mərkəzinin sədri Sədrəddin Soltan Sfera.az-a açıqlamasında mövcud proseslərin uzanmasına Rusiyanın səbəbkar olduğunu söyləyib.

Politoloq bildirib ki, son zamanlar “3+3” formatında danışıqların başlaması yenidən gündəmə gəlib. Ermənistan tərəfi də Türkiyə ilə sərhədlərin açılmasını çox istəyir:

“Dünənki danışıqlarda Putin Paşinyana daha çox nəqliyyat dəhlizinin açılması ilə bağlı təlimatlar verib. Çünki Ermənistan tərəfi dəhlizin açılmasına qarşı çıxır və bu istiqamətdə müxtəlif bəhanələr gətirir. Lakin son zamanlar Ermənistanla Rusiya arasında olan yeganə Gürcüstan yolunda baş verən hadisələr göstərdi ki, Zəngəzur dəhlizinin açılması Azərbaycan, Türkiyə, Rusiya və İrandan daha çox Ermənistanın özünə lazım olacaq. Fikrimcə, bu məsələ “3+3” formatındakı görüşdə başlıca müzakirə mövzusu ola bilər.

Düzdür, danışıqlar olur, tərəflər bəyanatlar verirlər, amma nəticə yoxdur. Düşünürəm ki, Ermənistanın passivlik göstərməsinin əsas günahkarı və səbəbkarı məhz Rusiyadır”.

Analitikin qənaətincə, yaxın zamanda istər Zəngəzur dəhlizinin açılması, istərsə də delimitasiya və demarkasiya prosesində hansısa ciddi nəticə əldə olunmayacaq:

“İndiyənə qədər “3+3” formatında heç bir görüş keçirilməyib və ola bilsin ki, bu görüşün baş tutması vaxt aparacaq, beləliklə, proses uzanacaq. Nə qədər ki, Rusiya məsələyə qısqanclıqla davranır, tərəflərə boş vədlər verməklə işini bitmiş sayır, o zamana qədər proses uzunacaq. Amma bu yaxınlarda Gorus-Qafan yolunun Azərbaycan hissəsindən İrana məxsus nəqliyyat vasitələri hərəkət etməyə başlayıb. Ermənistanın özünün tikdiyi alternativ yol dağılır. Yəni İrəvanın elə gücü yoxdur ki, nəqliyyatla bağlı yeni layihələr həyata keçirsin. Nə Rusiyanın, nə də İranın buna dəstək vermək imkanı var. Bu işi həyata keçirəcək yeganə tərəflər Azərbaycan və Türkiyədir. Rusiya, İran və Ermənistanın isə bu məsələdə siyasi iradəsi lazımdır. Rəsmi Moskva hələ ki, bu iradəni ortalığa qoymaq istəmir. Son günlər İran tərəfi də “3+3” formatında danışıqların tərəfdarı olduğunu bildirir. Hər halda danışıqlar davam edir və nə qədər uzun çəksə də silahlı münaqişədən daha yaxşıdır. Yəqin ki, bu danışıqlar bir yerdə dayanacaq!”.