Aktual

Prezident Qarabağdakı ermənilərdən danışdı: “Canları qurtaracaq”

Prezident Qarabağdakı ermənilərdən danışdı: “Canları qurtaracaq”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bizim qələbəmiz tarixi Qələbədir. Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik. İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur”.

7times.az xəbər verir ki, bunu prezident İlham Əliyev xalqa müraciətində deyib. Bildirib ki, əgər kimsə hesab edirsə ki, bu münaqişə hələ də davam edir, səhv edir.

“Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır. Mən bir daha demək istəyirəm, onlar görəcəklər ki, vahid Azərbaycan dövləti çərçivəsində onların yaşayışı yaxşı olacaq. Onlar bu səfalətdən canlarını qurtaracaqlar. Baxın, biz indi Bərdədən Ağdama dəmir yolu çəkirik. Ağdamdan Xankəndiyə məsafə 20-30 kilometrdir. Amma Ermənistan paytaxtından Xankəndiyə gəlmək üçün neçə saat vaxt sərf etmək lazımdır – yük maşınları ilə bəlkə də on saat. Özü də çətin dağ yolları ilə. Ağdamdan isə Xankəndiyə yarım saat.

Bu, gələcək perspektivlərimizi diktə edəcək. Ona görə biz buna hazır olmalıyıq və öz strategiyamızı, öz taktiki addımlarımızı elə atmalıyıq ki, bundan sonra bu bölgədə bir dənə də təhlükə mənbəyi olmasın. Əlbəttə ki, bunun qarantı Azərbaycan Ordusudur. Əgər bu bölgənin coğrafiyasına hər kəs baxsa görər ki, bu gün Ermənistanı Dağlıq Qarabağla 5 kilometr enində dəhliz birləşdirir.

Bu gün Dağlıq Qarabağda yaşayan ermənilər və mütləq oraya qayıdacaq azərbaycanlılar gün gələcək yenə yaxşı qonşuluq şəraitində yaşayacaqlar. Burada logistik məsələlər var, nəqliyyat məsələləri var, enerji təhlükəsizliyi var. Biz bütün bu məsələləri nəzərdən keçirəcəyik. Ermənistan rəhbərliyindən fərqli olaraq, bizim strateji baxışlarımız var, bunlar artıq formalaşıb. Biz məqsədə çatmaq üçün ardıcıl surətdə gedirik. Ermənistan rəhbərliyinin hətta Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir baxışı yox idi. Onlar özləri bilmirdilər nə istəyirlər. Gah deyirdilər ki, Dağlıq Qarabağ “müstəqil dövlət”dir. Gah deyirdilər ki, “Dağlıq Qarabağ Ermənistan”dır. Bu təzadlı fikirlər bir-biri ilə necə uzlaşa bilər? Bu, nəyi göstərir? Onu göstərir ki, Ermənistan rəhbərliyi savadsız, siyasətdən başı çıxmayan insanlardan ibarətdir. Yaxşı, bu, müstəqil dövlətdirsə, onda sənin ordun orada nə iş görür? Əgər bu, müstəqil dövlətdirsə, – hansı ki, heç kim tanımayıb, elə birinci Ermənistan tanımayıb, – o necə ola bilər ki, Dağlıq Qarabağ Ermənistanın baş nazirinin sözləri ilə desək, “Ermənistandır və nöqtə”. Ona görə onların bu məsələ ilə bağlı da açıq-aydın fikri yox idi. Bu idi bizim qarşımızda duran ölkə”.