Ölkə

“Pul verməyəndə elə edir ki, ya uşaq ölsün, ya ana, ona “qəssab Kəmalə” deyirlər”

“Pul verməyəndə elə edir ki, ya uşaq ölsün, ya ana, ona “qəssab Kəmalə” deyirlər”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Doğum Mərkəzində doğuş zamanı ölən ana və uşaqların sayının günbəgün artdığı bildirilir. Buna səbəb, doğuşdan öncə rüşvət verməyən ailələrə xəstəxanada biganə yanaşılmasıdır. Mərkəzdə qeysəriyyə əməliyyatı üçün 1500, təbii doğuş üçün isə 500 manat rüşvət tələb olunduğu bildirilir. Rüşvətxorluğun qurbanı olub, ölümə tərk edilənlər isə, bu məbləği verə bilməyən aztəminatlı ailələrdir.
Yeniavaz.com
 xəbər verir ki, bununla bağlı “Gündəlik Naxçıvan”a xeyli sayda şikayətlər daxil olub.
Şikayətçilər deyir ki, bu qanunsuzluq və qeyri insani münasibətin başında mərkəzin baş həkimi Kəmalə Qurbanova durur. Onun, yerli hakim ailə Talıbovlara yaxın olduğu bildirilir.
Şahbuz rayon sakini Faiq Məmmədov deyir ki, doğuş üçün mərkəzə müraciət edənlərə ilk olaraq, keysəriyyə əməliyyatının vacib olduğunu deyirlər:
“Hamıya birmənalı olaraq, eyni sözü deyirlər. Qorxudurlar ki, əməliyyat olmasa, ana və uşaq ölə bilər. Hamı da bilir ki, yalan deyirlər, məqsədləri pul almaqdı. Lakin, məcbur qalıb verirlər. Bilirlər ki, rüşvət verməsələr, ananı da, uşağı da ölümə buraxacaqlar. Bu yaxınlarda mən də gəlinimi aparmışdım. Mənə də eyni sözləri dedilər. Baxdılar ki, əməliyyat üçün pulum yoxdu, onsuz da verə bilməyəcəm, dedilər yaxşı, 500 manat versən, elə edərik, normal doğuşla ölməzlər. Yoxsa, qarantiya vermirik. Məcbur qaldım, borc alıb, verdim dedikləri pulu. Uşağı çıxarmağa gedəndə gəlin dedi ki, bir ailə pul vermədiyi üçün, elə etdilər, doğuş zamanı uşaq öldü”.
Digər şikayətçi Yaşar Qurbanov deyir ki, rüşvət verə bilmədiyi üçün, onun qohumunun da başına eyni faciə gəlib:
“Bacım oğlu həyat yoldaşını doğuş üçün oraya aparmışdı. Dedilər əməliyyat olmalıdır. Pul istədilər verə bilmədik. Uşağın ölüsünü bizə verdilər. Xoşbəxtlikdən anaya bir şey olmadı”.
Təhlükəsizliyinə görə adının çəkilməsini istəməyən doğum mərkəzi işçilərindən biri deyir ki, imkansız xəstələrə rəhm edən həkimlər cəzalandırılır:
“Bu qaydalar Kəmalə Qurbanova baş həkim təyin ediləndən sonra qoyulub. O vaxta kimi, doğuşların 5-10 faizi keysəriyyə əməliyyatı tələb edirdi. Yerdə qalan təbii doğuşla. İmkanı olmayanı da ötüşdürürdülər. Kəmalə xanım baş həkim təyin olunandan sonra, bu rəqəm 80-90 faizə qalxdı. Hamını qorxu altında əməliyyata məcbur edir ki, çox pul alsın. Pul verməyəni qəsdən elə edir ki, ya uşaq ölsün, ya ana. Bununla digərlərinin gözünü qorxudur. Buna görə də, Naxçıvanda ona “qəssab Kəmalə” ləqəbi qoyulub. Bunu hamı bildiyindən borc-xərc tapıb gətirib verirlər. İşçilərdən, həkimlərdən kimsə onun qoyduğu qaydalardan kənara çıxa bilməz və heç bir kasıba güzəşt edə bilməz. Rüşvət işinə birbaşa özü baxır”.
Bir neçə ay öncə Babək rayon sakini Zeynal Bağırzadə 450 manat rüşvət vermədiyi üçün, yeni doğulan nəvəsi və gəlini doğum mərkəzində bir neçə gün girov saxlanılmışdı. Məsələ mətbuatda işıqlandırıldıqdan sonra, onlara evə getməyə icazə verilmişdi.
Naxçıvan Doğum Mərkəzindən ittihamlarla bağlı sualları cavablamaqdan imtina ediblər.