Aktual

PUTİN SANKSİYALARDAN BELƏ YAYINMAĞI DÜŞÜNÜR… – “Rusiya öz məhsullarını satmaq üçün hiyləgər üsullara əl atacaq…”

PUTİN SANKSİYALARDAN BELƏ YAYINMAĞI DÜŞÜNÜR… – “Rusiya öz məhsullarını satmaq üçün hiyləgər üsullara əl atacaq…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq hüquq normalarını tapdalayaraq Ukraynaya təcavüz etdiyinə görə Avropa Birliyi indiyədək Rusiyaya qarşı altı sanksiya zərfi tətbiq edib. Bunlarla yanaşı, Rusiyadan qaz idxalının dayandırılmasını nəzərdə tutan yeddinci sanksiya zərfinin də müzakirə edilcəyi bildirilir.

Avropalı mütəxəssislər deyirlər ki, bu sanksiyaların Rusiya iqtisadiyyatına əsaslı və geniş təsiri üçün vaxt lazımdır. İrəlidə hansı böyük çətinliklərlə qarşılaşacağını yaxşı anlayan Kreml indidən sanksiyalardan necə yayınacağının planları üzərində çalışır.

Anacaq buna baxmayaraq, Qərb dünyası da Rusiyanın hansı yollara baş vuracağından xəbərdardır və ona görə də müvafiq önləyici tədbirlər görür.

“AzPolitika.info” xəbər verir ki, ABŞ-ın “Politico.com” internet portalı “Qaçaqmalçıların sirləri: Rusiya Avropa Birliyinin sanksiyalarından necə yayına bilər?” başlıqlı məqaləsində sözügedən məsələyə toxunub.

Həmin məqaləni təqdim edirik: ”Rusiyanın dənizlərdə gəmilərlə fəndgirlik göstərməsinə və özünə yaxın olan ölkələr vasitəsilə sanksiyalardan yayınaraq idxal-ixrac əməliyyatlarına cəhd göstərməsi zaman məsələsidir. Yaxın aylarda Rusiya Avropa Birliyinin sanksiya siyahısndakı ixrac məhsullarına böyük ehtiyac duymağa başlayacaq. Kreml həmçinin hərbi büdcəsini sanksiya altına düşmüş məhsulların satışından əldə etdiyi gəlirlərlə doldurmaq niyyətindədir. Rusiya daş kömürdən və neftdən tutmuş kürüyə qədər öz məhsullarına alıcı tapmağa çalışacaq. Bu, onu göstərir ki, gec və ya tez Moskva sanksiyaları pozmağa can atacaq.

Rusiya nə istəyir?

2014-cü ildə Rusiya Krımı ilhaq edəndən sonra Qərbin ilk sanksiyalar dalğası başladı. Bundan sonra Moskva idxal mallarının yerli məhsullarla əvəz edilməsi üzərində işlədi, lakin bütün sahələrdə bunu etmək mümkün deyildi. Məsələn, hər halda yerli pendir istehsal etmək asan olsa da, müstəqil şəkildə mikroçiplər hazırlamaq hədsiz dərəcədə müşkül işdir.

 

 

Rusiyanın Qərb istehsalı olan texnologiya və avadanlıqlara böyük ehtiyacı var, amma sanksiyalar onların tədarükünə zərbə vurur. Bu məmulatlar hərbi və mülki sektor üçün həyati vacib olmaqla yanaşı, neft və qaz hasilatının dəstəklənməsi üçün də istifadə edilir.

Rusiya mikroçiplərə, yarımkeçirici komponentlərə, elektrik akkumulyatorlarına, silah sistemlərinin istehsalında mühüm element olan litium kimi bir çox mühüm xammal materiallarına ehtiyac duyur. Bu cür mürəkəb materillar olmazsa, Rusiya hərbi sənayesi faktiki iflic vəziyyətinə düşər.

”Beynəlxalq Strateji Araşdırmalar İnstitutu”nun elmi əməkdaşı Mariya Şaqina deyib: ”Rusiya neft-qaz infrastrukturuna qoyulan investisiyadan çox asılıdır. Digər tərəfdən isə Sıxılmış Təbii Qaz üçün avadanlıqların idaxlına qoyulan qadağa Moskva üçün daha böyük problemlər yaradacaq”

Rusiya lazım olan malları haradan götürəcək?

Moskva Qərb nəzarətindən yayınmaq üçün əzablı yollardan keçərək, embarqo qoyulmuş malları yeni ticarət marşurutundan istifadə etməklə gətirmək istəyir. Əgər sanksiyalara riayət etmək planından yanaşsaq, müxtəlif potensial zəif yerlər tapmaq olar və Putin həm Avropada, həm də onun hüdudlarından kənarda yeni tərəfdaşlar axtaracaq.

 

 

ABŞ Maliyyə Nazirliyinin keçmiş yüksək vəzifəli əməkdaşı deyib ki, sanksiyalardan yayınmaq məsələsində Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri mühüm rol oynaya bilərlər. Türkiyənin gömrük İttifaqı vasitəsi ilə Avropa Birliyinə girişi var və İsveçrə, Norveç kimi Avropa Birliyinin sanksiyarına bağlanmır.

Bunlardan əlavə, Rusiyanın Avrasiya İqtisadi İttifaqına daxil olan Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan kimi tərəfdaşları var.

Mariya Şaqina bildirib: ”Qazaxıstan öz beynəlxalq reputasiyasının qayğısına qalır. Ona görə də əvvəlki kimi Çin və Qərb biznesini cəlb etmək istəyir. Ancaq hər hansı Qırğızıstan şirkəti sanksiyalardan yan keçməklə gəlirli bizneslə məşğul olmaq istəyə bilər”.

Avropadakı zəif bağlar

Moskva Avropa Birliyi ölkələrində idxal nəzarətindəki zəif yerləri axtaracaq. Ona görə ki, AB içərisində hər bir ölkənin sanksiyalara dair öz yanaşıması var və onların bəzilərində hüquqi prosedurlar nisbətən yüngüldür. 2014-cü ilin sanksiyasından sonra İtaliyanın qadağan edilmiş mallarını Rusiyada görmək olardı. Bəzi hallarda Almaniya, İtaliya, Yunanıstan və Borqarıstanla bağlı olan gəmilər Krımın sanksiyaya məruz qalmış limanlarına yan alırdılar.

Tarixi baxımdan Avropa Birliyi ölkələri sanksiyalardan yayınmalara qarşı sərt davranmayıblar.

Məsələn, 2015-2016-cı illərdə “Siemens” şirkətinin Rusiyaya yüklədiyi qaz trubinləri Krımda peyda olmuşdu. Almaniya prokurorluğu “Siemens”in bəzi əməkdaşlarına qarşı təhqiqat aparsa da nəticə haqqında ictimaiyyətə heç bir xəbər verilməyib. “Siemens” nümayəndəsi cavab verib ki, araşdırma yalnız ayrı-ayrı şəxslərlə bağlıdır (keçmiş əməkdaşların bir qismi) və şirkət sanksiyaları dəstəkləyir.

Dənizdəki qaçaqmalçılar

Avropa Birliyinin sanksiyaları təkcə Rusiya üçün vacib olan avadanlıq və texnologiyaların göndərilməsinin dayandırılmasına yox, həm də Avropa bazarının Rusiya idxal məhsulları üçün qapadılmasına yönəlib.

Sanksiyalar həmçinin Avropa bazarlarına Rusiya neftinin idxalının kəskin məhdudlaşdırılmasını da əhatə edir. Ukraynaya təcavüzünü davam etdirmək və hərbi iqtisadiyyatını maliyyələşdirmək üçün Moskva xarici bazarlara neft, kömür, faydalı qazıntılar və taxıl çıxarmalıdır.

Ekspertlər xəbərdarlıqla bildirirlər ki, Putin sanksiyaya məruz qalmış Rusiya məhsullarının satılması üçün hiyləgər üsullara əl atacaq.

 

 

Avropa Birliyi ölkələrinin 3 iyun tarixində verdikləri qərara əsasən, onlar bu ilin sonunda Rusiya xam neftindən imtina edəcəklər. Elə bu səbəbdən də Rusiya öz neftinin satılması üçün (dempinq qiymətinə) yollar axtaracaq.

Sanksiyalardan yayınmağın ən geniş yayılmış fəndlərindən biri beynəlxalq sularda üzən gəmilər arasında baş verir. Məsələn, içərisində Rusiya nefti olan gəmi yükünü yanında dayanmış və sanksiya tətbiq edilməyən ölkənin tankerinə yükləyir, sonradan isə həmin tanker Avropa Birliyi limanlarına gedir. Daha bir hiylə isə odur ki, gəmilər müəyyən vaxta kimi qəsdən datçiklərini bağlayırlar ki, onların yerləri bəlli olmasın. Prinsip etibarilə neftin haradan gəldiyini aşkarlamaq üçün geokimyəvi analiz götürmək olar, lakin Rusiya ilə Qazaxıstan nefti bir-birinə çox bənzədiyindən tankerlər Rusiya neftini daşımadıqlarını deyəcəklər.

Amerika ilə müqayisədə Avropa Birliyində sanksiyalara riayət olunması səviyyəsi zəifdir. Buna görə də Avropa Komissiyası pozuntular barəsində məlumat verilməsi üçün xüsusi online portal yaradıb.

Cinayət və cəza

Avropa Birliyi Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların pozulmasının cinayət hesab olunmasının planını təqdim edib. Həmin plan sanksiyalardan yayınan şirkətlərin və özəl şəxslərin aktivlərinin müsadirə edilməsini yüngülləşdirəcək.

 

 

Həmçinin, bütün Avropa ölkələrinin gömrük rejimlərinin koordinasiyalı fəaliyyətini nəzərdə tutan “Oskar əməliyyatı” da reallaşdırılır. Ancaq ümumi yekunda əldə olunan uğur Avropa Birliyinə daxil olan ölkələrin hüquq mühafizə orqanlarının səylərindən asılı olacaq.

Ekspertlər zəif həlqələr kimi tanınan Macarıstana, Bolqarıstana və Avropa Birliyinə daxil olmayan Balkan ölkələrinə, xüsusən də özünü Rusiyanın yaxın dostu kimi aparan Serbiyaya diqqət etməyin vacibliyini vurğulayırlar”.