Aktual

“RUSİYA ENİŞDƏ, UKRAYNA YÜKSƏLİŞDƏ OLAN TƏRƏFDİR” “Ukraynanın NATO-ya qəbulu qaçılmaz perspektiv kimi görünür”

“RUSİYA ENİŞDƏ, UKRAYNA YÜKSƏLİŞDƏ OLAN TƏRƏFDİR” – “Ukraynanın NATO-ya qəbulu qaçılmaz perspektiv kimi görünür”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“AzPolitika.info” analitik Şahin Cəfərlinin Ukrayna məsələsi ilə bağlı təhlilini təqdim edir:

Ukrayna Hərbi Hava Qüvvələrinin NATO standartlarında yenidən formalaşdırılması məsələsi gündəmə gəldi. Bunu daha öncə təxmin etmişdik.

ABŞ Hərbi Hava Qüvvələrinin qərargah rəisi Çarlz Braun bildirib ki, Qərb ölkələri Ukraynaya 4-cü nəsil döyüş təyyarələri göndərə bilər. O, “Eurofighter Typhoon” (Britaniya), “Rafale” (Fransa) və “Gripen” (İsveç) təyyarələrini mümkün variantlar arasında qeyd edib. ABŞ-ın hərbi hava qüvvələri naziri Frenk Kendall isə Ukraynaya “A-10 Thunderbolt” təyyarələrinin verilməsi ilə bağlı müzakirələrə açıq olduqlarını bəyan edib. Konqresdə hərbi büdcə qanununa edilən düzəlişə əsasən ukraynalı pilotların təlimi üçün 100 milyon dollar ayrılması nəzərdə tutulub.

 

 

Pentaqon və CİA rəhbərlərinin Ukrayna savaşına dair dünənki açıqlamaları da önəmlidir. Onlar deyiblər ki, Rusiyanın öz resurslarına güvənərək Ukraynanın daha tez tükənəcəyini və Qərbin bu ölkəyə dəstəyini sürdürməyəcəyini güman etməsi Putinin bu müharibə ilə bağlı növbəti səhvidir.

Bu açıqlamalar təsadüfən, yaxud hansısa gündəlik zərurət səbəbindən səsləndirilmir və qəbul olunmuş srateji qərarlardan irəli gəlir.

Qərb (+Yaponiya) sonuncu zirvə toplantılarında:

– “G-7” zirvəsində Rusiyanın qələbəsinə imkan verməmək və Ukraynaya nə qədər lazımdırsa, o qədər maddi və hərbi dəstək göstərmək;

– NATO zirvəsində isə Ukrayna ordusunun NATO standartlarına keçirilməsi barədə strateji qərarlar qəbul edib.

Görürük ki, bu qərarlara uyğun olaraq Ukraynanın mərhələli silahlandırılması prosesində “planka”nı getdikcə qaldırırlar. İlk baxışdan bu prosesin yavaş getdiyi təəssüratı yaransa da, müharibənin 5-ci ayında Ukraynanın 4-cü nəsil NATO döyüş təyyarələri ilə təchizatının gündəmə gəlməsi əslində tektonik bir sıçrayışdır (Təbii ki, bu proses üçün müəyyən zaman lazım olacaq.). Rusiya yaşı Putinin yaşından çox olan köhnə sovet hərbi texnikalarını konservasiyadan çıxarıb, savaş meydanına daxil edərkən, Ukrayna yüksək dəqiqliyə malik müasir raket-artilleriya sistemləri və mərmilərlə təchiz olunur. Rusiya bu savaşın enişdə, Ukrayna isə yüksəlişdə olan tərəfidir. Bu, artıq döyüş meydanında da özünü göstərir. Severodonetsk-Lisiçansk çıxıntısını çox ağır itkilər hesabına ələ keçirdikdən sonra (Pirr qələbəsi) rus ordusunun hücum potensialının tükənməyə başladığı hiss olunur. Şübhəsiz ki, HİMARS və M-270-lərin gəlməsindən sonra Ukrayna ordusunun düşmənin sursat anbarlarını, komanda məntəqələrini, kazarmalarını, kommunikasiyalarını bir-bir məhv etməsinin cəbhədəki vəziyyətin stabilləşdirilməsində çox böyük rolu var.

Ukrayna komandanlığı Xerson və cənubdakı digər ərazilərin işğaldan azad olunması üçün müvafiq zəmin və platsdarm hazırlığı istiqamətində hərəkətə keçib. Amma strateji xarakterli hücum əməliyyatına başlamazdan əvvəl rus ordusunun təchizatının gerçəkləşdirildiyi logistik infrastruktur sıradan çıxarılır ki, düşmən Kiyev ətrafından və Zmeinıy adasından çəkilərkən olduğu kimi, bu dəfə də “xoş məram” nümayiş etdirərək özü Xersondan çəkilmək zorunda qalsın; bu olmadıqda isə onun müqavimət imkanları məhdudlaşdırılsın.

 

 

“Soyuq müharibə” dövründə Qərb blokunun cənub-şərq sərhədlərinin mühafizəsində əsas rol Türkiyəyə ayrılmışdı. Türkiyə SSRİ sərhədlərində NATO-nun, bir növ, ön zastavası rolunu oynayırdı və 850 minlik ordusu ilə ABŞ-dan sonra NATO-nun kəmiyyətcə ikinci böyük ordusuna sahib idi. İndi Rusiya sərhədlərində bu rol üçün Ukraynanı hazırlayırlar. Putin müharibəyə başlayarkən Ukraynanın demilitarizasiyasını əsas hədəf kimi qoymuşdu, amma Ukrayna bu savaşın sonunda daha da militaristləşmiş bir dövlət olacaq. Avropa Birliyi kimi qitədə postmüharibə dövrünün qeyri-militarist institusiyası Ukraynaya indiyədək silahlanma məqsədilə 2,5 milyard avro ayırıb (Avropa ölkələrinin verdiyi milyardlarla avroluq silah-sursat bura daxil deyil), ABŞ-ın hərbi yardımının məbləği 7 milyard dolları aşıb. Hələ nəzərə almaq lazımdır ki, lend-liz qanunu işə düşməyib, Ukraynanın silahlandırılması cari maliyyə ili üçün Konqres tərəfindən Prezidentin öhdəsinə verilmiş 40 milyard dollarlıq fondun vəsaitləri çərçivəsində həyata keçirilir. Lend-liz isə oktyabrda başlayacaq yeni maliyyə ilində işə düşəcək.

Müharibədən sonra Ukraynanın NATO-ya qəbulu qaçılmaz perspektiv kimi görünür, çünki Rusiyanın qarşısına 700 minlik (digər güc strukturları ilə birlikdə 1 milyonluq) silahlı qüvvə çıxaran və onunla şir kimi döyüşən belə bir resursu əldən buraxmaq ağla və məntiqə zidd olardı. Rusiyanın Qərbə çıxış yolunu qapadan və onun önünə sədd çəkən Baltik-Qara dəniz xətti Ukraynasız tamamlanmır, bu səbəbdən də Ukraynanın neytral, bloklara qoşulmayan ölkə statusu alaraq “boz zona”ya çevrilməsini Qərbin (xüsusən “dəniz gücü” olan anqlo-sakson ittifaqının) qəbul etməsi çox böyük axmaqlıq və strateji zəkasızlıq olar.

Hərbi quruculuqla paralel, Ukraynanın bərpasına azı 700 milyard dollar civarında pul ayrılaraq onun iqtisadi inkişafı da təmin ediləcək. Ukrayna Rusiyanın burnunun ucunda dişinə qədər silahlanmış və inkişaf etməkdə olan bir dövlətə çevriləcək. Bu cür Ukrayna Rusiya imperializmi zəhərinə qarşı müasir demokratik dünyanın çox effektiv bir zərdabı olacaq.