Qarabağ

Rusiya Qarabağla bağlı əməlini ETİRAF ETDİ: Biz 3 dövlət birləşib Azərbaycana…

Rusiya Qarabağla bağlı əməlini ETİRAF ETDİ: Biz 3 dövlət birləşib Azərbaycana…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Qarabağ probleminin həlli məsələsinin 30 ilə qədər uzanmasına illərcə özünün susqunluğu, süründürməçiliyi, “turizm diplomatiyası” ilə dəstək verən ATƏT-in “Minsk Qrupu” adlı son ümidi də məhv oldu. Azərbaycan Prezidentinin 10 noyabr üçtərəfli bəyanatından üzü bu yana dəfələrlə bəyan etdiyini nəhayət təşkilatın üç həmsədrindən biri olan Rusiyanın XİN rəhbəri Sergey Lavrov da təsdiqlədi. Bunu Lavrov erməni həmkarını Moskvada qəbul edərkən (Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla Moskvadakı görüşdən sonra keçirdiyi brifinqdə – red) etiraf edib. 

Rusiya XİN başçısının sözlərindən belə nəticə çıxdı ki, qurum özü, öz içindən dağıldı: “ATƏT-in Minsk qrupu üçlüyünün gələcək taleyinin necə olacağını deyə bilmərəm. Çünki rusofobiyanın təsiri altında olan amerikalı və fransalı tərəfdaşlarımız Rusiya ilə təmasları ləğv etməyə can ataraq, ATƏT-in Minsk qrupunu ləğv ediblər. Bu format çərçivəsində bizimlə əlaqə saxlamaqdan imtina ediblər”. Lavrov bildirib ki, “ABŞ və Fransa Dağlıq Qarabağ və ümumiyyətlə, Cənubi Qafqazda ermənilərin maraqlarını qurban verirlərsə, bu, onların seçimidir”.

Rusiya XİN başçısının açıqlamasından iki məsələ aydın olur:

I. O, bununla Ermənistana bəyan etmiş olur ki, 30 ildir sizə xidmət edən bu təşkilatı dağıdan hər fürsətdə can atmaq, inteqrasiya etmək istədiyiniz ABŞ və Fransa oldu.

II. Lavrov eyni zamanda bu açıqlama ilə beləcə, “Dağlıq Qarabağ”, “status”, “münaqişə” kimi terminlərin gündəmdə qalmasına dəstək verən, ermənilərin ərazi iddialarıni illər uzunu davam etdirmələrinə şərait yaradan qüvvələrin məhz həmsədr dövlətlər olduğunu, işğala əlbir olub dəstək verdiklərini, Azərbaycana qarşı qərəzli mövqe tutduqlarını etiraf etdi.

Belə nəticə çıxır ki, Qərb (ABŞ və Fransa) Ermənistanı, onların “Artsax”, “status” istəklərini kənara qoymaqla, Qarabağ münaqişəsinin həlli üçün nəzərdə tutulan Minsk Qrupunu ləğv etməklə Ermənistana həm də “sən bizə bir yerə qədər lazım idin” dedi. Bununla da həmsədrlər münaqişəni bitmiş hesab etdiklərini ancaq bu şəkildə bəyan edə bilərdilər. Nəticə etibarı ilə həmin qüvvələr həm də Azərbaycanın yaratdığı yeni geosiyasi reallığı indən belə dəyişməyin mümkünsüz olduğunu, işin-işdən keçdiyini boyunlarına almış oldular.

Brüssel görüşü sülh üçün Ermənistanla Azərbaycan arasında diplomatik təmasların bəlkə də son mərhələsi ola bilər. Əgər Ermənistan rəhbərliyi bu dəfə də Qərbin vasitəçiliyi ilə əldə olunan razılaşmanı pozmağa cəhd edərsə, Azərbaycanı bu zamana kimi beynəlxalq hüquq, siyasi-diplomatik cəhdlərinin işləmədiyini nəzərə alaraq, hərbi güc yoluna əl atmağa vadar etmiş sayılacaq. Nəticəsinin isə Ermənistan üçün daha faciəvi olacağı 44 günlük müharibədən bəllidir. Ermənilər boş iddiaları buraxıb sülhə gəlməlidir.

Ermənilər rəsmi Moskvanın “Rusiya əsas müttəfiqi kimi Ermənistana müdafiə qabiliyyətini gücləndirməyə, sərhədlərinin mühafizəsini təmin etməyə kömək edəcək” kimi bəyanatlarına arxayın olub, revanş hisslərə qapılmaqdansa, boş iddiaları buraxıb sülhə gəlməlidirlər. Çünki dünyada və regionda baş verən son hadisələr də göstərdi ki, Azərbaycan artıq öncədən bir çox prosesləri qabaqlamağı bacardı.

İstər Brüssel görüşündə əldə olunan razılığın, istərsə də Rusiyanın moderatorluğunu etdiyi üçtərəfli bəyanatın nəticəsi deməyə əsas verir ki, Cənubi Qafqaz Bakının təqdim etdiyi gündəlik əsasında Qərb və Moskvanın “masa savaşına” dönür. Çünki hər iki masadakı razılaşmalar Bakının maraqlarına uyğundur. Bakı üçün Ermənistanla sülh müqaviləsi məsələsini tezləşdirmək, sərhədlərin delimitasiya və demarkasiya prosesini kimin moderatorluğu ilə reallaşdırılması bir o qədər fərq etmir, çünki Bakıya əsas nəticə lazımdır. ​Bəs istər Qərb, istərsə də Rusiya Bakının tələbini icra etməkdə niyə bu qədər maraqlıdırlar? 

Çünki hər iki qütb anlayır ki, Azərbaycanın maraqlarına uyğun olmayan şərtlərdə Bakının alternativi var. Bu baxımdan, tərəflər Ermənistan üzərindən oynamağı daha məqbul hesab edirlər. Ukraynadakı müharibə fonunda bir-birinə qarşı aqressiyası, mövqeyi daha da sərtləşən bu iki fərqli qüvvənin Cənubi Qafqazdakı “soyuq savaşı”nın nəticəsi yalnız bir cür yekunlaşa bilər: Bakının istəyinə uyğun. Çünki onlar çox yaxşı bilirlər ki, Azərbycanın tələbi (5 maddədən ibarət sülh paketi) yerinə yetirilməlidir. Əks təqdirdə onlar regionun açar dövləti olan Azərbaycanda öz maraqlarını itirmiş olacaqlar.

Belə bir məqamda Ermənistan üçün ən doğru seçim isə onun taleyi ilə kənar qüvvələrin məşğul olması yox, özü özünə gün ağlaması ola bilər. Bunun da tək yolu rəsmi İrəvanın Brüssel görüşündə əldə olunan razılığa əsasən Bakı ilə təmaslarını artırıb, şərtləri qəbul edərək bölgəyə və regiona sülh, sabitlik töhfəsi verməkdir.