Aktual

“Rusiyada diktaturanın ölümü Lukaşenko rejiminin də ölümü demək olacaq”

“Rusiyada diktaturanın ölümü Lukaşenko rejiminin də ölümü demək olacaq”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
 “Ukrayna və Belarusun taleləri bir- birinə bağlıdır”
“Bu müharibə Lukaşenkonun əsl simasını üzə çıxarıb”
Ukraynadakı müharibə Belarusda etiraz edənlərə ikinci nəfəs verib
Ukraynanın və Belarusun taleləri bir- birinə bağlıdır”, – bunu bu yaxınlarda Belarus müxalifətinin lideri, çoxlarının 2020- ci ilin prezident seçkilərində qalib hesab etdiyi Svetlana Tixanovskaya deyib. Bu, gəlişigözəl sözlər deyil. Ukraynalıların öz müstəqilliyi uğrunda döyüşdüyü biz zamanda belaruslar bu müstəqilliyin qaytarılması uğrunda mübarizə aparmaqda davam edir. Vladimir Putin rejiminin məğlub olması Aleksandr Lukaşenkonun da çöküşünü yaxınlaşdıracaq.
Moderator.az xəbər verir ki, bu barədə “Detaly” saytında dərc edilən analitik yazıda deyilir.
Belarusu 2020- 2021- ci illərdə bürümüş kütləvi etirazlardan sonra müxalif  hərəkat sanki səngiyib. Müxalifət liderlərinin əksəriyyəti, Svetlana Tixanovskaya da daxil olmaqla, sığınacaq axtarışında xaricə qaçıb. Həbslər dalğası ona gətirib çıxarıb ki, yüzlərlə siyasi məhbus həbsxanaya salınıb. Gizli polis öz nəzarətini sərtləşdirib. Baxmayaraq ki, Lukaşenko rejimi Qərb dünyası tərəfindən pislənilib, o, öz patronu Vladimir Putinin sayəsində hakimiyyətdə qala bilib. Sonra Ukrayna müharibəsi başlayıb. Kreml ilə möhkəm bağlı olan Belarus on minlərlə Rusiya ordusu üçün platsdarma çevrilib. Bu zaman belaruslar ölkələrinin ikinci dünya savaşından sonra Avropada ən qəddar hərbi münaqişəyə cəlb edilməsindən narazı görünür.
Britaniyanın “Chatham House” analitik mərkəzinin martın ortalarında keçirdiyi rəy sorğusu göstərib ki, ölkə əhalisinin yalnız 3 faizi Belarus qoşunlarının Ukraynaya qarşı müharibədə potensial iştirakını dəstəkləyib. Yalnız 16 faizi Belarus torpağının Ukraynaya qarşı hərbi əməliyyatlar üçün istifadə edilməsinə razıdır.
Rusiya iqtisadiyyatının nəfəsini kəsməyə heasablanan sanksiyalar birbaşa və ya dolayısı ilə Belarusa da toxunub. Lukaşenkonun özünün dövlət aparatı böyük gərginlik altındadır. Onun dövlət xəzinəsi qorxunc sürətlə tükənməkdədir. Onun paranoyyası bəzi vaxtilə loyal məmurların dəyişilməsinə və ölkənin nüfuzlu həmkarlar təşkilatları liderlərinin həbsinə gətirib çıxarıb. Rejim elitası və təhlükəsizlik qüvvələrinin ali rəhbərliyində narahalıq sezilməkdədir. Təəccüblü deyik ki, bütün bunlar Belarus müxalifətinə ikinci nəfəs verib.
“Lukaşenkonun mövqeyi və davranışı bizə yeni impuls, yeni imkanlar yaradıb”, – bunu  “The Washington Post” qəzetinə müsahibəsində Tixanovskayanın baş müşaviri Franak Vyaçorka deyib.
O, əlavə edib ki, müharibə “Lukaşenkonun əsl simasını” göstərib- müstəqillik qarantından onun başlıca təhlükəsinə, kollaborasionistə, ölkəni Rusiyaya satana çevirib”.
Rejim “ətalətlə bir müddət   dayana bilər, amma bu, çox çəkməyəcək”, Byaçorka belə hesab edib və ölkədəki əhval- ruhiyyəni “xroniki bohran hissiyatı” kimi dəyərləndirib. “İnsanlar, sadəcə, üsyana qalxmaq üçün uyğun məqam gözləyir”, – o, belə deyib.
Bu yaxınlarda Tixanovskaya Vaşinqtonda olub, Bayden administrasiyasının yüksək vəzifəli şəxslərilə və Konqresdə qanunvericilərlə görüşlər keçirib. O, ümid edib ki, Birləşmiş Ştatlar və Avropa İttifaqı Belarusda mülki cəmiyyətin əksəriyyətinin həm ölkə daxilində, həm də mühacirətdə mürəkkəb şəraitdə fəaliyyət göstərən qruplarına birbaşa dəstəyini gücləndirəcəkdir.
“Lukaşenkoya qarşı Avropa və Amerikanın tətbiq etdiyi sanksiyalarda boşluqlar qalmaqdadır, onlar Putin hökumətinə qarşı olduğu kimi eyni güclə sərtləşdirilməlidir, – bu barədə “The Washington Post” qəzetinin redaksiya məqaləsində deyilib. – Poladın ixracına, habelə, bütün dövlət bankları, neft məhsullarına qoyulan sanksiyalara və Belarusun ehtiyatlarının dondurulmasına yenidən baxılmalıdır”.
Müharibə başlanandan Belarusda hökumət əleyhinə fəaliyyət Rusiyanın hərbi səylərinin sarsıdılması üzrə kampaniyaya çevrilib. Belarus partizanları Rusiya hərbi avadanlığın Ukraynaya göndərilməsini sabotaj edib. Dəmiryol işçilərinin gizli şəbəkəsi qatarların idarə edilməsi komponentlərini məhv edib, kiberpartizanlar isə dəmiryollarının proqram təminatını sıradan çıxarıb. Bu təxribatçı fəaliyyət, güman ki, Rusiyanın Kiyevi ələ keçirməsi kampaniyasının iflasa uğramasında öz rolunu oynayıb.
Bu arada isə yüzlərlə belaruslu Ukrayna tərəfində vuruşmağa yollanıb. Belarusun XIX  əsrin milli qəhrəmanının şərəfinə adlandırılan “Kastus Kalinovski taboru” bunu necə etdiyini izah edib: “Motivasiya çox sadədir, – o, “The Wall Street Journal”- a verdiyi müsahibəsində deyib. – Lukaşenko Putindən çox asılıdır və Rusiyada diktaturanın ölümü Lukaşenkonun diktatura rejiminin ölümü demək olacaq”.