Ölkə

“Sabahdan nəfsimin önündə mitinqə başlayıram – Bakı meriyası icazə versə də, verməsə də…”

“Sabahdan nəfsimin önündə mitinqə başlayıram – Bakı meriyası icazə versə də, verməsə də…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ölkədə nəfsinə, tamahına üsyan edib onun qulluğundan, köləliyindən azad olanlar nə qədər çox olarsa, həmin ölkə bir o qədər azad və xoşbəxt olar…”

“Sual olunur: Şeytan yoluyla gedənlərin, Şeytandan, yaxud onun canişinlərindən şikayət etməyə,  zülmkar şərbəndələrinin Allah tərəfindən tezliklə cəzalandırılıb öz tapdanan haqqlarının bərpasına, qorunacağına ümid etməyə haqqı varmı?..”
“Əksəriyyət yaşadığı dünyadan, ölkədən, onu idarə edən hakimiyyətdən narazıdır. Fəqət, özündən narazı olanlar barmaqla sayılır…”
-FİKİR SAVAŞI…-
Min dörd yüz ildən çoxdur, Quran Kitabımız, Peyğəmbərimiz(s), imamlarımız, övliyalarımız deyir, bizlər də on illərdir təkrar edirik ki, dünyanı, cəmiyyəti, dəyişmək istəyirsənsə, öncə özün-özünü dəyişməlisən… Amma nə yazıqlar ki, çox nadir şəxsiyyətlər özünü müsbət tərəfə dəyişmək haqda düşünür. Əksəriyyət yaşadığı dünyadan, ölkədən, onu idarə edən hakimiyyətdən narazıdır. Fəqət, özündən narazı olanlar barmaqla sayılır – çoxumuz özümüzdən razıyıq… Odur ki, on illərdir, korrupsiyadan, bahalıqdan, məmur özbaşınalığından və s. narazılığımız və bu istiqamətdə mübarizə cəhdlərimiz gerçək nəticə vermir…
Belə bir məqam təsəvvür edin: bir orta məktəbin əksər müəllimləri yığışıb sözü bir yerə qoyurlar ki, hamımızı cana-boğaza yığmış rüşvətxor, ədalətsiz məktəb direktoruna qarşı açıq çıxış edərək onun vəzifədən azad edilməsinə nail olmalıyıq(Hərçənd belə situasiya da bizdə möcüzə kimi görünür)… Bəli, müəllimlər otağında hamı direktoru açıq şəkildə tənqid edir, onu rüşvətxorluqda və haqsızlıqda suçlayır. Bu yandan da bir sıra müəllimlər dərslərinə gecikir, dərsləri başdansovdu keçir, hətta bəziləri şagird və valideynlərdən Müəllim günündə, nə bilim, 8 martda, yaxud rübdə “yaxşı” qiymət yazmaq üçün pul-hədiyyə umurlar… Direktora qarşı kəskin çıxışlar edən müəllimlərdən bir neçəsi isə onun yerinə keçmək üçün təhsil şöbəsi  və icra hakimiyyəti ilə gizli danışıqlar aparır. Nəticədə belə müəllimlərdən biri direktorluğa imtahan verir, yuxarılarla “danışıb” müsabiqədən-filandan keçir və növbəti dərs ilində yeni direktor təyin olunaraq verdiyi pulu “çıxarmaq” üçün köhnəsindən daha çox rüşvət alır… Əvvəl rüşvət alan, intizamsızlıq edən müəllimlər də əvvəlki qayda ilə işlərinə davam edir, “acıqla” şagird və valideynləri  daha çox soymağa başlayırlar…
Yaxud bir qrup taksi sürücüsü nəqliyyat departamenti qarşısında onların işinə qanunsuz müdaxilələrin dayandırılması tələbi ilə aksiya keçirirlər. Fəqət dağılışdıqdan sonra yenə toplaşdıqları küçədə müştəri əldə etmək üstündə bir-birlərini aldadır, söyür, hətta bıçaqlayır, yaxud şəhərə yeni gəlmiş nabələd müştərilərə hansısa ünvana aparılmaları üçün qat-qat baha qiymət oxuyurlar…
Bir də görürsən ki, bir çayxanada, yaxud hüzr mərasimində 10-15 nəfər toplaşıb haqqdan-ədalətdən, məmurların vətəndaşların haqlarını tapdamasından dəm vurur: “Filan başçı belə rüşvət alır, filan nazir elə korrupsiya ilə məşğul olur, filankəsin Londonda, bəhmənkəsin Nyu-Yorkda neçə yüz milyonluq mülkləri var və s. və i.a.
İndi, görək, həmin məclis dağılandan sonra orada haqqdan-ədalətdən danışanlardan neçəsi öz işinin, vəzifəsinin başına qayıtdıqdan sonra günah işlətməkdən, haram yeməkdən çəkinəcək? Təəssüf ki, çox azı… Əksəriyyət elə bayaqdan tənqid etdikləri korrupsiya şəbəkəsinin qoyduğu “qayda-qanun”la işlərinə davam edir: kartof-soğan satıcısı alıcıları çəkidə, qiymətdə, keyfiyyətdə aldadır, mühəndis, usta, fəhlə inşa etdikləri binanın tikintisi zamanı bir-birindən xəlvət sementdən, qumdan, taxtadan, boyadan-filandan oğurlamağa çalışır, müəllim şagird və tələbədən bayram günlərində, yaxud yaxşı qiymət almaq üçün pul, hədiyyə umur, tibb bacısı, həkim pulsuz xəstə görəndə qaş-qabağını tökür, “jurnalist” adlanan digəri sabah filan məmur haqqında hansı faktları toplayıb ondan necə para qoparmaq haqda düşünür, icra başçısı, yaxud nazir hansısa layihə üçün büdcədən ayrılmış pulları hansı yollarla mənimsəməyin üstündə baş sındırır və s. və i.a.
Görəsən, Uca və Ədalətli Yaradanımız bütün bu sadalanan düşüncə və davranışları gündəlik təkrar edən bəndələrin günahlarını bağışlayaraq onların haqqlarının daha böyük günahkarlar, zülmkarlar tərəfindən tapdanmasının qarşısını alarmı?..
On  illərdir deyib yazdığımıza yenə də təkrar etməyə məcburuq: Bugünkü haqsızlıqların, ədalətsizliklərin, korrupsiya və məmur özbaşınalıqlarının ömrünü uzadan həm də öz günahlarımızdır. İlk növbədə “ziyalı”, “lider” adlananların, sonra da elə biz qələm sahibləri – jurnalist, yazar, şair və ümumiyyətlə, dilənçisindən, hambalından, fəhləsindən, müəllimindən, həkimindən, mühəndisindən, polisindən, prokurorundan, vəkilindən, hakimindən, başçısından, deputatından… tutmuş ta ən yüksək vəzifələrdə əyləşənlərədək – hər birimizin… Hər birimiz öz həyatımızda, xüsusən son 25-30 illik ağır imtahan, sınaq dövründə az və ya çox dərəcədə nəfsimizə təslim olmaqla ruhumuzu Şeytana bağlayıb ona və deməli, onun Yer üzündəki canişinlərinə, şər və zalım adamlara impuls vermişik… Deməli, birimiz az, digərimiz çox zaman və məsafədə Şeytan yoluyla getmişik. İndi sual olunur: Şeytan yoluyla gedənlərin, Şeytandan, yaxud onun canişinlərindən şikayət etməyə,  zülmkar şərbəndələrinin Allah tərəfindən tezliklə cəzalandırılıb öz tapdanan haqqlarının bərpasına, qorunacağına ümid etməyə haqqı varmı? Əlbəttə, yoxdur?..
Odur ki, gəlin, hansısa başçının, nazirin ofisinin önündə piket, mitinq keçirməzdən öncə hər birimiz öz nəfsimizin, tamahımızın önündə mitinq keçirək. Özümüz- özümüzdən  özümüzə və özgələrinə qarşı haqlı-ədalətli olmağı, haramdan, rüşvətdən, yalandan, saxtakarlıqdan, dələduzluqdan uzaq durmağı tələb edək. Məsələn, bu gecə hər birimiz sabahdan öz nəfsimizin önündə aramsız mitinq keçirməyə qərar veririk: “Mən sabahdan öz nəfsimizin qarşısında fasiləsiz mitinqlərə başlayıram”. Və buna kiminsə, hansısa qurumun, məmurun, icra hakimiyyətinin, heç Bakı meriyasının da icazə verməsi lazım deyil. Bu, sənin bilavasitə öz nəfsinlə, vicdanınla, duyğularınla şəxsi haqq-hesab məsələndir ki, buna heç kəs qarışa bilməz. Hətta çaşıb Bakı meriyasına ərizə yazsan və meriya buna icazə verib-verməsə də, sən o etiraz aksiyasını sərbəst şəkildə, hansısa digər vətəndaşların haqlarına xələl gətirməməklə, ictimai asayişi pozmamaqla keçirə bilərsən. Çünki nəfs hansısa dövlətin, şəhərin inzibati dairəsinə aid olan bina, ofis, iqamətgah, meydan- filan deyil. Eyni zamanda sənin mənliyin, vicdanın da konkret gözə görünən və kiminsə haqqını tapdadığı, asayişi pozduğu halda polis tərəfindən həbs olunub prokuror və məhkəmə tərəfindən iş kəsilib azadlıqdan məhrum edilə bilən konkret bir şəxs, varlıq deyil…  Mitinqlərin şüarlarını da özün azad şəkidlə seçə bilərsən. Məsələn: “Rədd olsun, Şeytana xidmət edən nəfsim!” , “Hər gün mənə rüşvətlə qazanılan haram pulla alınan haram qida yerdizdirən nəfsimə ar olsun!”,  “Məni oturduğum vəzifədə rüşvətlə, korrupsiya ilə məşğul olmağa vadar edən tamahıma yox!”, “Rədd olsun, puldan, vəzifədən ötrü məni kimisə şərləməyə məcbur edən nəfsim!” Və s. və i.a.
Hər kəsin nəfsi konkret varlıq deyilsə də, nəfslərin cəmi ölkənin, cəmiyyətin, dünyanın gerçək durumunu formalaşdırır… Və ölkədə nəfsinə, tamahına üsyan edib onun qulluğundan, köləliyindən azad olanlar nə qədər çox olarsa, həmin ölkə bir o qədər azad və xoşbəxt olar…
Allah şərə, zülmə, haqsızlığa qarşı mübarizə aparmağı qarşımıza bir vəzifə kimi qoyur. Fəqət, Yaradan həm də səmimi, ixlaslı, yəni niyyətlərimizdə saf olmağı, əməllərimizdə yalnız Onun mükafatını qazanmaq niyyətini güdməyi buyurur. Odur ki, gəlin dünyada, ətrafımızda baş verən haqsızlıqlara həm də öz niyyət və əməllərimizin bucağından nəzər salaq.  Və hansısa vəzifə sahibinə “İstefa” deməmişdən öncə öz nəfsimizə, tamahımıza, içimizdəki Şeytana “istefa” deməyi bacaraq… Əks halda bizi saran şər burulğanı getdikcə güclənəcək…
(maderator.az)