Manşet

Şarl Mişel İlham Əliyevə niyə zəng etdi? – “Makrondan fərqli olaraq…”

Şarl Mişel İlham Əliyevə niyə zəng etdi? – “Makrondan fərqli olaraq…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan prezidentinə zəngi Fransa dövlət başçısının Nikol Paşinyanla görüşdə səsləndirdiyi reallıqdan uzaq və qərəzli mülahizələrinin mümkün qədər neytrallaşdırılmasına, Aİ-nin balanslı mövqeyinin rəsmi Bakının diqqətinə çatdırılmasına xidmət edir”.

7times.az xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.

Politoloq Şarl Mişelin Azərbaycanın İlham Əliyevə Emmanuel Makronun təşəbbüsü ilə zəng etdiyi barədə fikirlərin həddindən artıq subyektiv olduğunu düşünür:

“Fransa ərazisinə görə Avropa İttifaqının birinci, əhalisinin sayına görə isə ikinci dövləti olsa da, Avropa İttifaqı Şurası prezidentinin Aİ-nin vahid strategiyasına uyğun hərəkət etdiyinə şübhə etmirəm. Avropa İttifaqının daim balanslı siyasət həyata keçirməsi, habelə 44 günlük müharibə dövründə balanslı mövqe tutması, ərazi bütövlüyü ilə bağlı məsələlərə həssas və beynəlxalq hüququn prinsipləri çərçivəsindən yanaşması da, məhz bu vahid strategiyadan qaynaqlanır.

Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsselə səfəri zamanı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan prezidentinə zəng etməsi də Aİ-nin balanslı siyasət yürütməyə davam edəcəyini, Aİ-Azərbaycan münasibətlərinə ittifaqa üzv olan hər hansı bir dövlətin başçısının subyektiv mülahizələrinin təsir göstərmək gücündə olmadığını nümayiş etdirir. Həmçinin, unutmaq lazım deyil ki, Azərbaycan Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv ölkələrin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir”.

Elçin Mirzəbəyli bildirib ki, Fransa prezidentinin bir çox hallarda Avropa İttifaqına üzv olan digər ölkələrin mövqeyi ilə ziddiyyət təşkil edən, opponentlərinin “ekzotik” adlandırdıqları yanaşmaları, bütövlükdə Aİ daxilindəki ziddiyyətlərin dərinləşməsinə xidmət edir:

“Fransada növbəti prezident seçkiləri 2022-ci ilin aprelində keçiriləcək. Seçkilərə təxminən 9 ay qalıb. Makronun reytiniqi isə 23-24% təşkil edir. Əzəli rəqibi Le Pendən 2% səslə geri düşən Emmanuel Makron çox güman ki, Nikol Paşinyana və Ermənistana nümayiş etdirdiyi lütflə Fransadakı erməni diasporunun səsini qazanmaq və qarşıdakı zaman kəsiyində fərqi ermənilərin hesabına qapatmaq niyyətindədir.

Zənnimcə, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Aİ-nin Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinin, iki ölkə arasında etimad quruculuğu tədbirlərinin başlanmasına dəstək verməyə hazır olduğunu bildirməsi Brüsselin bu prosesə davamlı sülhün təmin edilməsi kontekstindən yanaşdığı ehtimalını irəli sürməyə əsas verir.

Xatırladım ki, Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrdə Avropa İttifaqı regionda münaqişədən sonrakı inkişafda çox mühüm rol oynaya biləcəyini vurğulamışdı. Avropa İttifaqı Şurasının prezidentinin Azərbaycan Prezidentinə zəngi və səsləndirdiyi fikirlər regionda həyata keçirilən və keçirilməsi nəzərdə tutulan layihələrdə Aİ-nin yaxından iştirak etməkdə maraqlı olduğunu təsdiqləyir”.