“Səfərbərlik” sözündən zəhləm gedir, adama Səfər Əbiyevi xatırladır…

Öncə hamının orduya könüllü yazılmasını alqışladığımı bildirmək istəyirəm. Hərçənd, “səfərbərlik” sözündən zəhləm gedir, çünki adama Səfər Əbiyevi xatırladır.

“Səfərbərlik” sözündən zəhləm gedir, adama Səfər Əbiyevi xatırladır…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Öncə hamının orduya könüllü yazılmasını alqışladığımı bildirmək istəyirəm. Hərçənd, “səfərbərlik” sözündən zəhləm gedir, çünki adama Səfər Əbiyevi xatırladır. Düzdür, özüm hələ səfərbərliyə imkan tapmamışam, daha doğrusu, Vahid müəllimi gözləyirəm. Vahid Naxışı. Çünki bizdə jurnalistlərin səfərbərlik məsələlərinə tarixən ANS baxırdı, onların bir “İkarus” avtobusları da vardı, Azadlıq meydanından camaatı yığıb əsgərliyə aparırdılar. Tərs kimi ANS də bağlanıb, heç bilmirəm döyüş indi alnımıza necə yazılacaqdır.

Üstəlik, nazir və deputat uşaqları niyə tələsirlər, bunu anlamıram. Çünki əgər sən həqiqətən, haçansa əsgərlikdə olmusansa, o zaman ümummilli səfərbərlik anında hara getməli olduğun haqda əvvəlcədən məlumatın vardır. Əsgərliyi bitirəndə adama belə bir vərəq verirlər, üstündə yazılır ki, səfərbərlik elan olunanda neçə saat, ya da neçə gün ərzində (dəqiq yadımda qalmayıb) filan rayon komissarlığının qabağında durmağa borclusan. Qanuna görə. Məsələn, mənim yadımda qalıb ki, səfərbərlik anında Beyləqan rayon komissarlığının önündə olmalıyam, düzü, niyə orda, bilmirəm. Hal-hazırda karantinə görə Beyləqana getmək çətin olacaq, necə deyərlər, biabır olacağıq. Bəlkə Şuşaya çatanacan neçə yerdə cərimə verdim.

Yəni, sözümün canı odur ki, biz onsuz da səfərbərliyə qanunla tabeyik, daha bu artistlik nə üçündür? Dövlət başçısı da iclasdakı çıxışında haqlı olaraq peşəkar ordu olan yerdə hazırlıqsız yeniyetmə və gənclərin ora gedib nə edəcəyi sualını qoymuşdu. Fikir versəniz, bu dəfə döyüşdə həlak olanların demək olar hamısı zabitlər, gizir, çavuş və müddətdən artıq xidmət edənlər (MAXE) idi. Qısa yazsaq, peşəkar ordu.

O cümlədən, iqtidar həmişə AXC-Müsavat hökumətini tənqid edəndə onların xarici siyasəti üzərində xüsusi dayanır. Rəhmətlik Tofiq Qasımovu az qala səviyyəsizlikdə suçlayırlar, prezident Elçibəyi uğursuz, düşmən qazandıran xarici bəyanatlar verdiyi üçün söyürlər. Bəs nə oldu? Belə çıxır sizin də xarici siyasət idarəniz pis gündə imiş. Azərbaycan bəs haçan bu xarici siyasətdə yarıyacaqdır?

Heç bir dəyişiklik görünmür. Çünki Elmar Məmmədyarov nazir olanda da evdə otururdu, indi mətbuat intervü alıb, yenə deyir evdə oturmuşam. Halbuki, o söydüyünüz Tofiq Qasımov, o bədbəxt oğlu bədbəxt xarici siyasət idarəsini yeni müstəqil olmuş dövlətdə faktiki sıfırdan qurmaq üçün dayanmadan xarici səfərlərə gedirdi. Hətta o zaman, 1992-ci ildə “Azadlıq” qəzeti buna ironiya üçün belə başlıq atmışdı: “Tofiq Qasımov Azərbaycana səfərə gəlmişdir”. Bu da o vaxt guya AXC-nin qəzeti idi. Axırda məlum oldu AXC hakimiyyətindən başqa hər yerə işləyiblər.

Yeganə müsbət cəhət ölkəmizdə elm-təhsilə yüksək diqqət verilməsidir. Yoxsa islahatların kadr bazası niyə Təhsil Nazirliyindən seçilib götürülür? Oxumuş, savadlı, ziyalı insanlara bu iqtidarın böyük qayğısı vardır. Bu dəqiqə kim qabağa getmək istəyirsə, uşağının xoşbəxtliyini istəyirsə diqqəti pedaqoji təhsilə, müəllimliyə verməlidir. Dünyada təhsil naziri peşəsinə bu qədər önəm verən ikinci dövlət yoxdur.

Sonda yenə mitinqdən sonra gecə yarısı Milli Məclisə soxulub foyedə güldanları aşırdan, deputatların kreslosunun, türkün sözü, qılçını qıran, o müqəddəs tribunada siqaret püskürdən (lap Elçibəy kimi; sözgəlişi, məncə iqtidar nəhayət, bəyə münasibətini dəqiqləşdirsin, biz də işimizi bilək, yoxsa adam çaşır, bilmir bəyi söysün, ya tərifləsin) yoldaşların kimliyi haqda xəbərçilik etmək istəyirəm. Çünki iclasda rəhbərlik də bizdən xahiş etdi ki, kim o yaramazları tanıyırsa, xəbər verək, ələ keçsinlər. Mən orda yemək daşıyan “Volt” (ya da “Uolt”) firmasının mavi uniformasını geymiş iki nəfəri dəqiq görmüşdüm. Videodan yadımda belə qalıb. Foyedə hoppanırdılar, nəsə qışqırırdılar. Əlbəttə, mən iddia etmirəm deputat Erkin müəllimin kreslosuna məhz o gənclər tüpürübdür. Bəlkə ayrısıdır? Bunu istintaq araşdırmalıdır. Hətta ola bilər deputatlardan hansısa yemək zakaz verib, o gənclər də gətiriblər, lakin hesabın ödənməyində nəsə narazılıq yaranıb, nəticədə çirkli qabları qapıya çırpıblar.

İndi söz əlaqədar orqanlarındır – sizin uşaqlar orduya yazılıbmı?

Zamin Hacı