Manşet

“Sənin üçün Allah və Rəsulu 1-ci planda deyilsə, deməli həyatda yanlış seçimlər edirsən…”

“Sənin üçün Allah və Rəsulu 1-ci planda deyilsə, deməli həyatda yanlış seçimlər edirsən…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Nəyi seçirik?..
Bu yazı Tövbə surəsinin dördüncü ayəsinin izahı ilə əlaqəlidir. Həmin ayə belədir: “(Ya Rəsulum!) De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!” (Tövbə surəsi 9/24)
Allah Peyğəmbərimizin (s.a.s) özü ilə bəndələri arasında bir vasitə olduğunu ifadə etmək üçün ayəyə “De” xitabı ilə başlayır. Bu üsul həm də daha sonra bildirilən vəzifə və məsuliyyətlərin əhəmiyyətini vurğulayır və əmrlərin birbaşa Allahdan gəldiyini göstərir. Bu, həm də bir çox qərəzli insanların Peyğəmbərimiz (s.a.s) haqqındakı yanlış zənlərinin qarşısını alır. Ayə həmin insanlara Onun (s.a.s) özündən uyduraraq danışmadığını xatırladır.
Ardınca dünyəvi şeylərin Allahın və Rəsulunu sevgisinə mane olacağı təqdirdə insanın başına nələrin gələcəyi bildirilir. Ayədə Allahı unutduracaq şəkildə dünyanın cazibədar gözəlliklərinə bağlanan kəslərə “gözləyin” deyilir. Nəyi gözləyəcəklər? Allahın əmrini. Burada nəzərdə tutulan məna gələcək cəza və əzab, bəla və müsibətlərdir. Çünki bu tip insanlar yalnış seçimlər etmiş və ya nəyə əhəmiyyət verəcəklərini ayırd edə bilməmişlər.
Ayənin sonunda isə Allahın fasiqləri sevmədiyi bildirilir. Yəni dünyəvi şeylərə göstərilən maraq Allah sevgisindən çox olduqda insanı yoldan çıxardıb fasiq edə bilər.
Fasiq nə deməkdir? Dinin əmrlərini yerinə yetirməyənə fasiq deyilir. İslamda etiqada, əmələ, əxlaqa, duyğu və düşüncəyə, Allahla münasibətə, fiziki və mənəvi həyata aid sərhədlər bildirilib. Ayədə bildirilir ki, bu sərhədlərə əməl etməyin ilk şərti Allah və Peyğəmbər sevgisinin, Allah yolunda mübarizə və təbliğ eşqinin hər şeydən üstün tutulmasıdır. Əgər insan bu mövzuda yanlış seçim edərsə fasiq ola bilər.
Qədərində sevgi
Əslində ayədə sadalananların hər biri insan üçün çox əhəmiyyətlidir. Əlbəttə ki, hər bir insan valideynlərini sevməli və onlara itaət etməlidir. Övladlarına sevgi və şəfqət göstərməli, həmçinin onların tərbiyəsi ilə məşğul olmalıdır. Bacı-qardaşlarına qarşı mehriban olmalı və imkanı nisbətində onlara yardım etməyə çalışmalıdır. Həmçinin həyat yoldaşını da sevməli, onun qohum və yaxınları ilə də maraqlanmalıdır. Bunlar sevilən əməllərdir.
Hər kəs bu məsələdə həssas olmalı, həmişə yaxınlarına xoş davranmalıdır. Necə ki, bir çox ayə və hədisdə insanın yaxınlarına qarşı sevgi, şəfqət və digər vəzifələrindən bəhs edilir. Heç kim nə valideynlərinə, nə övladlarına, nə də qohum-əqrəbalarına qarşı biganə olmamalıdır. Əks halda vəzifələrini lazımınca yerinə yetirmədiyindən dolayı axirətdə sorğu-sual edilər.
Həmçinin insanın işləməyi, pul qazanmağı, ticarətlə məşğul olmağı pis bir şey deyil. Hər bir insan bir işə başlamazdan əvvəl səbəblərə riayət edərək, realist addımlar ataraq qazanc əldə etməyə, ehtiyaclarını qarşılamağa çalışır. Bütün bunlar Allah və Peyğəmbər sevgisini üstələmədiyi müddətcə və insanı kamilliyə aparan yoldan uzaqlaşdırmadıqca heç bir problem yoxdur. Əksinə, yerinə və dərəcəsinə görə bunlar hər bir möminin vəzfəsidir. Ayədə pislənən insanın bu məslələrə daha çox əhəmiyyət verməsi və sadəcə bunlarla məşğul olmasıdır.
Bu iki şey bir-biri ilə qarışdırılmamalıdır. Yəni hər bir insanın bəzi dünyəvi fəaliyyətləri var və bunlarla məşğul olmaqda bir qəbahət yoxdur. Əksinə, bu, insan fitrətinin təbii ehtiyacıdır. Həmçinin onun dünya ilə bağlı bir çox vəzifə və mükəlləfiyyətləri var və bunlara laqeyd qalmamalıdır. Lakin dünyaya aid heç nə Allah ilə insanın arasına girməməli və Allahın ən çox tələb etdiyi şeyləri qabaqlamamalıdır. Bu mövzuda insanın vicdanı ən dəqiq ölçüdür.
Bəzən insanın sahib olduğu övladlar, mal-mülk, sərvət və malikanələr insanın ağlını başından ala bilər. Hətta dünyəvi zövqlər insana əsla unutmamalı olduğu şeyləri də unutdura bilər. Sahib olduqları insanı Allah yolunda edəcəyi xidmətlərdən uzaqlaşdıra bilər. Necə ki, budaqlardan salxım-salxım uzanan meyvələr, insanı rahatladan kölgəliklər, yayın qızmar istisində insanın ən çox axtardığı sərin sular səhabələrdən Kab İbni Maliki belə Təbük səfərindən uzaqlaşdırmış, lakin səmimi tövbəsi və doğruluğu ilə həlak olmaqdan qurtulmuşdur…
Bəzən bağ və bağçalar, istirahət məkanları, əldə edilən qazanclar insana Allah və Rəsulunu unutdura bilər. Belə olduqda insan bəla və müsibətlərə qapı açmış olur. Bu pis aqibətdən qurtulmaq üçün ayədə, möminlərə Allah və Peyğəmbər sevgisinin digər bütün dünyəvi sevgi və istəklərdən üstün tutulmalı olduğunu xatırladılır.
Əgər mömin Allah və Rəsulunu hər kəsdən və hər şeydən çox sevsə, daim bu sevgi ilə həmhal olsa və bunları əhəmiyyət versə, o zaman digər maraq və istəklər ona zərər verməz. Ancaq bunlar birinci planda deyilsə, deməli insan yanlış seçimlər edir və sonra bu seçimlərin əvəzini ödəyir…
Meneviyyat.az