Yazarlar

Stalin Rəsulzadəni bu yolla qaçırdı, Səməd Vurğun yaralıları apardı – Ayxan Ayvazın reportajı

Bakı-Yalama dəmiryolunun Çarxı stansiyasından reportaj...

Stalin Rəsulzadəni bu yolla qaçırdı, Səməd Vurğun yaralıları apardı – Ayxan Ayvazın reportajıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

7Times.az Kulis.az-a istinadən Ayxan Ayvazın Bakı-Yalama dəmiryolunun Çarxı stansiyasından yazdığı reportajı təqdim edir.

Vağzal ayrılığın və hüznün şəklidir.

Qatarın səsi uzaqlardakı doğmalardan danışır sənə.

Uşaq vaxtı nənəm deyirdi ki, kimə söz demək istəyirsənsə, qatara de, o sənin sözlərini aparıb o adama çatdıracaq.

Biz uşaqlar da nənəmin sözünə uyardıq. Relslərə əyilib heç tanımadığımız adamlara nələrsə deyərdik. Və əmin idik ki, o sözlər gedib yiyəsini tapacaq.

Sonra da bütün günü qulağımızı relslərə söykəyib onlardan cavab gözləyirdik.

Qatar, vağzal, stansiya mənə həmişə həyacanlı gəlib. İndicə qatar tərpənəcək, hamı bir-biri ilə sağollaşacaq və gedəcəklər. Bəlkə bir daha qayıtmayacaqlar.

Çarxı stansiyasında köhnə dəmiryol binasının üstündəki 1902 yazısına baxanda mənə elə gəldi ki, ağ-qara bir filmin içindəyəm. Tüstü buraxa-buraxa yaxınlaşan parovozlar gözə dəyir, trapes şalvarlı gənclər, şlyapalı qadınlar ortaya çıxır.

Nikolaydan qalma bu stansiya indi tərk edilmiş şəhərə oxşayır. Bilet kassasının qabağında heç kim yox. Olsa da, o kassanın qapısı bir ömür bağlıdır. O bilet kassasının özü ayrıca şeirdir.

Binanın içinə girəndə ehtiyatla davranırdım, birdən pilləkənlər qırılar, tirtap yerə dəyərəm. Hər şey qırıq-quruq, sınıq-salxaq idi. Baxışlarımın sancıldığı yerləri gözəlləşdirirdim: burda sərnişinlər gözləyib, burda dəmiryol rəisi oturub, burda…

Qapılar güc-bəla açılır, köhnəliyin zəhmini saxlayıblar üstlərində. Hər açılan qapının arxasında başqa bir qapı var, nağıllardakı 40-cı qapı kimi. Və hər otaqda bir soba var mütləq. Gör burda nə qədər adam qızınıb…

Aşağı mərtəbə bufetdir. İllər əvvəl burda Ağahüseyn kişi işləyib. Yəqin onu tanıdınız. Bizim əvvəlki reportajımızın qəhrəmanı. 70 yaşında təzədən ailə həyatı quran qocanı deyirəm.

Ağahüseyn kişi danışır ki, o vaxt, müharibə zamanı bu dəmiryolda bircə xətt varmış, ordan da ancaq yaralı əsgərləri daşıyırlarmış. Günlərin birində yaralı əsgərlərin daşındığı qatar saxlanılır, amma sərnişin qatarı buraxılır.

Ağahüseyn kişi bir də nə görsə yaxşıdır? Vaqondan üç ulduz düşür: Səməd Vurğun, drijor Niyazi və Leyla Bədirbəyli.

Şok olur Ağahüseyn kişi.

Və Səməd Vurğunun dediyi sözləri də ömrü boyu unutmur:

“Buraxın, bu qatar keçsin, görmürsünüz yaralıları daşıyan vaqondur. Buraxın, yoxsa qulağınızı qurğuşunla dolduraram”.

O sözlərdən sonra qatar şaqqaşaq, taqqataq sala-sala qaranlıqda yox olub.

Ağahüseyn kişi bilməyib bu yuxudur, ya gerçək.

Müharibə gerçək idi, yaralılar da. Bu stansiya müharibəyə gedənlərin və qayıdanların şahidi olub. Qadınlar başlarına çalma taxıb gələrlərmiş, saatlarla gözləyərlərmiş, qatar keçəndə əllərindəki şəkilləri vaqondakılara göstərərlərmiş. Bütün günü eyni mənzərə təkrarlanarmış.

İgid-igid oğlanları qatarla yola salarlarmış. O igid oğlanlar müharibədə gedib vuruşarmış və bir də qayıtmazmış. Bilməzlərmiş ki, o igid oğlanların aqibəti nə oldu, harda qaldılar. Analar gözləyərmiş. Heç nə deməzlərmiş. Yaylıqlarının qırağı ilə göz yaşlarını silə-silə gəlib-keçən qatarlara baxarlarmış.

Onda çox inanarlarmış qatarlara.

Oğullarını o qatarların gətirəcəyinə inanarlarmış.

Sonra müharibə bitdi…

Qayıdanlar qayıtdı…

Qayıtmayanlardan xəbər tutmaq olmadı…

Kimi sevindi…

Kimi göz yaşına büründü…

Müharibə sona çatıb və əsgərlər öz evlərinə qayıdıb.

Aclıq da bitəcək, səfalət də.

Gözəl günlər gələcək.

Bir tikə çörək tapılacaq.

O müharibə zamanı çörək tapılmırmış, talonla verilirmiş camaata. Əsgərlər qayıdanda artıq qalan çörəklərini stansiyadakı camaata paylayıblarmış.

Mən nə vaxtsa bu səhnənin canlandığı dəmiryoluna baxıb qəribə hislər keçirirdim.

Bu dəmiryolu çox tarixi hadisələrə şahid olmuşdu, çox göz yaşları görmüş, çox xoşbəxtliklə tanışmışdı.

Stalin Məmməd Əmin Rəsulzadəni Cümhuriyyətdən sonra bu dəmiryolundan qaçırtmışdı. Onu ölümdən xilas etmişdi.

Brejnev qatarla Azərbaycanın şimal zonasına qonaq gəlmiş, hamıyla görüşmüş, dərdlərini dinləmişdi.

Yaşlıları dindirəndə o günü gülərək danışırlar. Brejnevin qaşını təsvir edirlər: “Nə iri qaşları var idi”.

Ağahüseyn kişi danışır ki, müharibə günləri dəhşətli aclıq varmış, adamlar yeməyə çörək tapa bilmirmiş. Günlərin birində qatardan düşən rus əsgərləri stansiyaya çörək qoyur, üstünə də kolbasa.

Heç kim risk edib götürə bilmir.

Qorxurlar ki, nəsə bir fırıq olar.

Ağahüseyn kişi özünü verir qabağa, çörəyi də, kolbasanı da götürür, gətirir evə.

Üç qardaşlarmış. Yığışıblar çörəyin başına. Anaları qoymayıb yeməyə. Deyib, nəsə olar.

Ağahüseyn bir tikə çörəkdən, bir qırıq da kolbasadan götürüb qoyub ağzına, çeynəyib udub.

Deyib, nəsə olsa, qoy mənə olsun, hamımız birdən ölməyək.

Və görüblər ki, heç nə olmadı, Ağahüseyn sapa-sağlam qarşılarında durub.

Ana bundan sonra razılıq verib. Və üç qardaş da kolbasa-çörəyi içəri ötürüb.

O günlərin acısını, ağrısını, keçmişin boz üzünü saxlayan dəmiryol binası bu stansiyada nələrə şahid olub.

Hər cür adam görüb.

Oğrular, qaraçılar, dələduzlar, cayıllar, alverçilər…

Müharibə vaxtı nəsə satmağa gedən alverçilərin əlindən şey-şüyləri alıb qaçarmış oğrular.

Heç kim qorxusundan oğrulara bir söz deyəmməzmiş.

Oğrular vaqonlarda qorxu əsdirə-əsdirə növbəti stansiyada düşər və bir də gözə görünməzdilər.

İndi qatar relsləri bu xatirələri öz üstündə saxlaya-saxlaya gələcək günlərə daşıyır.

İndi bu stansiya tərk edilmiş şəhər kimi gəlir adama.

Neçə adam burda öz həyatına son qoyub.

Qatarlara təslim edib özünü.

Neçə adam qatar relslərinə əyilib uzaqdakı doğmalarına xoş sözlərini göndərib.

Neçə adam da qulaqlarını relslərə dayayıb o doğmalardan cavab gözləyir.

Müharibə, yaralı əsgərlər, neçə-neçə tanınmış adamlar, gözüyaşlı analar, intiharlar, sevdalılar…

Və daha nələr-nələr…

Bu stansiya Bakıdan dörd saatlıq məsafədədir.

Bircə bələdçisi var.

Qatarlar kirimişcə keçib gedir burdan.

İndi o qatar relslərinə əyilib qulağımı dayasam, görəsən, hansı sözləri eşidərəm?