Sosial

“Yığdığını yığdı, gedib indi rahatca xımır-xımır xərcləyəcək”

“Yığdığını yığdı, gedib indi rahatca xımır-xımır xərcləyəcək”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yığdığını yığdı, gedib indi rahatca xımır-xımır xərcləyəcək, amma bununla problem bitmir. Onsuzda əvvəldən bəlli idi ki, rolu qurbanlıq keçi roludur, geci-tezi var.

Sadəcə, bir sahədə iki qurumun olması heç vaxt yaxşı nəticə verə bilməz, bir qazanda iki qoç başı məsələsi.

Bu xəstəxana sənin, bu poliklinika mənim, buna sən baxırsan, buna mən baxacam, iki sürücü bir sükan arxasına otursa, nə olar avtomobilin və sərnişinlərin aqibəti?

TƏBİB-in dinc vaxtı da uğurlu olması şübhə altındadır, pandemiya isə onu tam yararsız olduğunu üzə çıxardı. Gənc, yeni yaradılan, heç bir təcrübəsi olmayan qurum ağır situasiyada özünü itirdi, daha doğrusu pul örtdü gözünü. Mənim yadıma gəlmir ki, Azərbaycanda hansısa qurum bu qədər tənqid oluna, bu qədər təhqir oluna, insanların bu qədər qəzəbini qazana, hərçənd Quba – Bakı yolu ilə qayıdanda biz daha bir neçə adlar xatırlayıb onlara ürək sözlərimizi 18+ formatında göndəririk.

Rəhbər dəyişməklə problem həll olunmayacaq. Bu gün təkliflər səslənir ki, TƏBİB ləğv olunsun, ideal variant olardı, amma realist olduğumdan anlayıram ki, bu, mümkün deyil, etməzlər bunu.

Amma səhiyyəyə nəzarət, pandemiya ilə əlaqədar səlahiyyətlər əlindən alınmalıdır. Guya xəstəxanalar TƏBİB-ə keçəndən sonra hansı müsbət dəyişliklər oldu? Cərrahlar ləvazimatları öz pullarına alırlar, xəstələrin yenə də binti filanı və dövlətin pulsuz verdiyi dərmanları özlərinə aldırırlar, sadalamağa ehtiyac yoxdur, özünüz durumu bilirsiniz. Eyni zamanda, ictimaiyyətlə münasibətləri düzgün qura bilmədi TƏBİB, bir cavabı olub həmişə ki, qərar verən biz deyilik. Bəs qərar verənlərə kim verir təklifləri? Kim deyir ki, metronu şənbə-bazar bağlı saxlayın, qoy insanlar “levı” avtobuslarda sıxlaşıb rahatca yoluxsunlar? Kim təklif edir ki, qatarlar işləməsin, Gəncəyə ağız-ağıza avtobusla gedə bilək, amma rahat, məsafəli yerləri olan qatarla gedə bilməyək? Kim təklif edir ki, teatrlar, kinoteatrlar bağlı qalsın? Bütün dünyada bunlar işləyir yeni qaydalarla, biz isə hamıdan ağıllıyıq, onsuzda zirvələrdə olmayan teatr sənətini öldürməyə çalışırıq. Axı kim verir bu təklifləri Operativ Qərargaha? Bilən yoxdur, daha doğrusu bilənlər dillənmir, çünki saymazlıq edirlər.

Yəni yekəxanalıq hökm sürür, biri çıxıb demir ki, bu qadağaların məntiqi budur, budur, budur… Ənənəvi milli yanaşmadır – əcəb edirik, əlimizin içindən gəlir, gedin kimə istəyirsiniz, deyin. Deyəndə də başımızdan vururlar…

Azər Qərib