Ölkə

Komitə sədri iqtisadi artım tempinin aşağı olmasına aydınlıq gətirib

Komitə sədri iqtisadi artım tempinin aşağı olmasına aydınlıq gətiribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov iqtisadi artım tempinin nə üçün aşağı olmasına aydınlıq gətirib.

7Times.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Azər Əmiraslanov deyib ki, neft sektorunun iqtisadiyyatda payının azalması və bunun fonunda iqtisadi artımın cari ilin 10 ayında 1,3 faiz təşkil etməsi, cari ilin sonuna 3 faizgözlənilməsi və növbəti il üçün 2,9 faiz proqnozlaşdırılması bəzilərinin təqdim etdiyi kimi nə durğunluqdur, nə də hər hansı bir iqtisadi patologiyadır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri qeyd edib ki, 2026-cı il üzrə gözlənilən qlobal artım tempi ilə demək olar ki, eyni səviyyədə proqnozlaşdırılaniqtisadi artım sənayenin strukturundakı dəyişiklikləri, konkret olaraq neft hasilatının aşağı düşməsini əks etdirir: “Reallıq bundan ibarətdir ki, hasilatın azalması da öz növbəsində struktur transformasiya səbəbindən qeyri-neft sektorunda artım tempini aşağı sala bilir. Görəsən, iqtisadiyyatın və sənayenin strukturundakı yeniləşmə, neft hasilatının geoloji və texnoloji xüsusiyyətlərindən irəli gələn azalma meylləri nə vaxtdan iqtisadi tənəzzül və ya durğunluq hesab edilir? Xatırlatmaq istərdim ki, Azərbaycanın neft sənayesi üzrə hasilat dinamikası hələ “Əsrin müqaviləsi” çərçivəsində uzunmüddətli geoloji və texniki proqnozlara əsasən müəyyən edilib. Faktiki rəqəmlərə baxsaq, neft hasilatı 1995-ci ildə 9 mln. tondan 2010-cu ildə 51 mln. tona çatmışdır. 2011-ci ildən isə hasilat tədricən azalaraq 2020-ci ildə 34 mln. tona, 2025-ci ilin 10 ayında 23 mln. tona enmişdir. Neft hasilatının bu dinamikası dövlətimizin iqtisadi strategiyasında, xüsusilə də büdcə planlaşdırılmasında, neft gəlirlərinin idarə edilməsi modelində nəzərə alınıb”.