Son dövrlər ölkə ərazisində qanunsuz tikintilər və yaşıllıq zolaqlarının azalması bu istiqamətdəki nəzarət mexanizminin məram və mahiyyətinin hansı durumda olmasını bir daha diqqətə gətirir.
Bu sahədəki problemlərin məhz elə Şəhərsalma və Memarlıq ilində daha qabarıq və kütləvi hal alması da rast gəlinən acı bir təsadüfdür. Ötən ay BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının da bu sahədə bəlkə də ən çox problemin mövcud olduğu ölkədə keçirilməsi isə çox ikonik bir mənzərə yaratdı.
Həyat, Anar Quliyev başda olmaqla, bizə müasir, dayanıqlı və insan yönümlü şəhərlərin formalaşmasında şəhərsalma qaydalarının nə dərəcədə önəmli olduğunu, bu sahəyə birbaşa məsul olan qurum və komitələrin isə bu işdə nə qədər məsul və məsuliyyətli olmalı olduğunu göstərdi.
Gündən-günə pərakəndə formada, heç bir şəhərsalma qaydalarına məhəl qoyulmadan tikilən çoxsaylı tikililər, azalan yaşıllıq əraziləri, betonlaşan şəhərlər, yağışda gölə dönən küçələr, nəfəs almağa yer qalmayan məhəllələr və s. və ilaxır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilən tikinti icazələrinin şəffaflığından və bu barədəki informasiyaların cəmiyyət üçün əlçatan olub-olmamasından isə danışmağa dəyməz. Onu Allahdan başqa yalnız alan bilir, verən bilir.
Lal-dinməz, dərin səssizlik və sükut içində olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bu dərin yuxudan ayılıb effektli nəzarət mexanizmi və fəaliyyət sərgiləyib şəhərlərimizdə tikilən qanunsuz tikililərə “dur” deyərək infrastruktur çatışmazlığına son qoyacağına olan inam isə adama yuxu gətirən şirin bir nağıla bənzəyir. Nə müntəzəm bir monitorinq var, nə də bir “biz varıq” sədası.
Ölkə ərazisində Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulan normalar praktikada qurumların və yerli icra hakimiyyətlərinin şəxsi iradəsinə əsasən subyektiv əhəmiyyət və nəticə daşıyacaq hala düşür. Məsələn, haradasa bir tikinti aparılır. Gözlər və nəzərlər ilk öncə icra hakimiyyətinə yönəlir.
Bu ünvanda razılıq və sükunət varsa, o tikinti qanunsuz belə olsa, sona qədər davam etdirilir.
Əgər burada hər hansı bir təzad yaranırsa, o zaman FHN və polis orqanları müdaxilə edir. Tikinti ya dayandırılır, ya da sökülür. Yəni demək olar ki, heç bir halda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin iştirakçılığı və iradəsi gözə dəymir. Bu səssiz-sədasız qurumun hansısa bir qanunsuz tikili barəsində açıqlama verməsi faktı da gözə-qulağa yad gəlir.
Follow @7timesaz


