Ölkə

Mübarizə, yoxsa ört-basdır? — Kamran İsmayılovun idarə etdiyi “Nəzarət” – REPORTAJ

Mübarizə, yoxsa ört-basdır? — Kamran İsmayılovun idarə etdiyi “Nəzarət” – REPORTAJbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər ölkənin əsas gündəmini zəbt edən təhsilimiz və onun problemləri artıq fövqəladə bir hal alıb. Bu problemlər o qədər çeşidli və kütləvidir ki, mövzunu bu sferadan neqativə və xaosа bulaşmayan sahələri ayırt edib nəql edərək anlatmağım daha ədalətli və nəzakətli olardı. Hörmətli nazirimizin bu bihudə və vecsiz üslubunu da elə bu siyahıya əlavə edərdim. Elə onun vəzifələrə təyin etdiyi dostlarını da. Bu təmkinli və intonasiyalı səbrlə şirin-şirin danışan bir nazirin bu xarakterinin işinə də sirayət etməsi lazım idi ki, o yanaşma təhsilimizdə də nizam yaratsın. Brifinqlərdə əsl təhsil naziri kimi səlist danışan və görünən Emin Əmrullayevin nazirlik fəaliyyəti isə əsl xaosdan və qeyri-müəyyənlikdən ibarətdir. Dərs mövsümü hələ yeni başlayıb. Amma təhsil sistemindəki rüşvət halları və qanunsuzluqlar sanki bir təbii fəlakət havasında və həyəcanverici bir formada irəliləyir. Diqqətlərin bu sahədən dağılması üçün elə o özü də həqiqi bir təbii fəlakətin baş verməsini arzu edər ki, biraz nəfəs alsın.

​Hazırda sosial şəbəkələrdə hər 3 paylaşımdan biri məktəblərdəki pul yığımı və digər rüşvət halları ilə bağlıdır. El dili ilə artıq bu məsələdə atalar sözləri yaranmağa başlayıb ki, pul yığılmayan məktəb yoxdur, səs yazısı yayılmayan məktəb var. Və yaxud: Sertifikasiyadan kəsilən müəllim yoxdur, pul verməyən müəllim var. Bu aparatın vuran əli, kəsən qılıncı olan Daxili Nəzarət Şöbəsinə də Emin Əmrullayevin “yağ bıçağı” deyirlər. Korrupsiya və rüşvət faktlarının ələ-ayağa dolaşdığı, göz-qulaq yorduğu bir nazirliyin bu kimi hallarla mübarizə aparmalı olan şöbəsinin heç adının belə hallanmadığı üçün onu “yağ bıçağı” boyda böyütmək də düzgün deyil. O olsa-olsa yivli bal qaşığı olar. Emin Əmrullayevin bal qaşığı. Maşallah, qurumun bu şöbəsi Kamran İsmayılov sayəsində təhsil sistemində hüquq pozuntuları ilə mübarizə aparan ampuladan daha çox o pozuntuları gizlədib, eyibləri ört-basdır edən bir missiyaya çevrilib.

​Dövlətin təhsil siyasətindəki ən vacib islahatlarından olan müəllimlərin sertifikatlaşdırılması prosesində belə baş verən açıq korrupsiya faktları məhz elə bu qurumun səriştəsi ilə pərdələnib, rüşvət və korrupsiya kontekstindən uzaqlaşdırılıb. Nədən bəhs edildiyi yəqin ki, gün kimi aydındır.

MİQ proseslərinə edilən müdaxilələr və rüşvət qarşılığında həyata keçirilən güzəştlər, hətta nazirin səyyar vətəndaş qəbulları zamanı nazir və onunla rayonlara gələn heyətin nahar yeməkləri və ziyafətləri üçün təhsil müəssisələrində məcburi formada keçirilən pul yığımları.

Bu çal-çağırda Nazirliyin Daxili Nəzarət Şöbəsinə ünvanlanan müraciətlər isə əksər hallarda reaksiyasız qalır. Hələ məsələ, şikayət, yəni fakt mətbuatda və sosial şəbəkədə ictimailəşməyibsə, ora edilən müraciətdən ümidinizi üzün. Nizamnaməsində qılınc misalı, reallığında isə elə yivli bal qaşığı. Bu xaos pətəyinin öz ruzisi olan bal qaşığı.