1990-cı illərin əvvələrində Azərbaycanda daxili hərc-mərclik, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə, özbaşınalıq, idarəçilikdə xaos hökm sürürdü. Eyni zamanda, bu dönəmdə Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edir, torpaqlarımız Ermənistan tərəfindən işğal olunurdu. Ölkəmizi bu çətinliklərdən xilas etmək üçün yeni bir siyasi təşkilatın yaradılması tarixi zərurətə çevrilmişdi.
1992-ci il oktyabrın 16-da 91 nəfər Azərbaycan ziyalısı ölkəni böhrandan çıxarmaq üçün yeni bir siyasi partiyanın yaradılması təşəbbüsünü irəli sürdü. Təşəbbüsün reallaşdırılması üçün 91 nəfər Azərbaycan ziyalısının imzası ilə xalqımızın müdrik, uzaqgörən, tanınmış dövlət xadimi ümummilli lider Heydər Əliyevə müraciət göndərildi. Hər zaman xalqını düşünən və xalqının yanında olan ümummilli liderimiz xalqın çağırışlarına səs verərək müraciəti qəbul etdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirilmiş təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi və Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi.
7times.az xəbər verir ki, Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
O bildirib ki, Yeni Azərbaycan Partiyasının təsis edilməsi möhtəşəm hadisə kimi tarixə düşərək Azərbaycanın ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu. Qısa müddət ərzində xalqın məhəbbətini qazanmış, ümid yerinə və ümumxalq partiyaya çevrilən Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı sürətli artmış və bu gün də artmaqda davam edir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyası ölkəmizin dayanıqlı inkişafına mühüm töhfələr verib. Bu gün Azərbaycanın qazandığı hər bir uğurda Yeni Azərbaycan Partiyasının rolu və imzası vardır. Ötən 29 ildə çətin, uğurlu və şərəfli yol keçmiş Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin dediyi ki “dünənin, bu günün və sabahın partiyası”na çevrilib.
“Ümummilli liderimiz Heydər Əliyevin müdrikliyi, qətiyyəti və ideyaları əsasında yaradılmış Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə nəinki Azərbaycanın, bütünlükdə Cənubi Qafqaz regionunun ən böyük siyasi partiyasına çevrilib”, – deyən Sədaqət Vəliyeva əlavə edib ki, bu gün Yeni Azərbaycan Partiyası qalib xalqın qalib partiyasıdır. Əminliklə demək olar ki, Yeni Azərbaycan Partiyası bundan sonra da bir çox qələbələrə imza atacaq.
Follow @7timesaz