Dünya

NATO Baş katibindən Ukraynaya tam dəstək  “Ukraynanın NATO-ya qəbulundan imtina edilə bilməz”

NATO Baş katibindən Ukraynaya tam dəstək – “Ukraynanın NATO-ya qəbulundan imtina edilə bilməz”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun Baş katibi Mark Rütte bildirib ki, Rusiya ilə mümkün atəşkəs və ya sülh sazişinin ən vacib elementlərindən biri Rusiyanın gələcəkdə Ukraynaya yenidən hücum etməyəcəyinə dair ciddi təminatların verilməsi olmalıdır.

Rütte təhlükəsizlik təminatlarının hansı formada ola biləcəyini dəqiqləşdirməyib. Onun sözlərinə görə, bu təminatlar Rusiyanın təkrar hücum etməsini qeyri-mənfəətli və strateji baxımdan sərfəsiz etməlidir.

NATO Baş katibi ABŞ-ın hazırladığı və Avropada, eləcə də Kiyevdə ziddiyyətli reaksiyalara səbəb olan 28 maddəlik plan barədə geniş şərh verməkdən yayınıb. O deyib ki, təşəbbüsdə müsbət elementlər olsa da, bir çox məqamlar əlavə müzakirə və dəqiqləşmə tələb edir.

Bununla belə, Rütte planın ən çox mübahisə doğuran maddələrindən birini – Ukraynanın NATO-ya qəbulundan imtinanı – faktiki olaraq rədd edib. Onun sözlərinə görə, Ukraynanın Şimali Atlantika Alyansına üzv olmaq hüququ var və bu, yalnız NATO ölkələrinin konsensus qərarı ilə mümkün ola bilər.

Hazırda belə bir konsensusun olmadığını deyən baş katib yaxın perspektivdə də bunu real görmədiyini bildirib.

ABŞ və Ukrayna nümayəndə heyətlərinin Cenevrədə keçirilən görüşü barədə danışan Rütte danışıqları “uğurlu” kimi qiymətləndirib. Onun sözlərinə görə, 28 maddəlik plan yenidən nəzərdən keçirilsə də, bütün mübahisəli məqamları həll etmək mümkün olmayıb. Rütte qeyd edib ki, Avropa İttifaqı və NATO ilə bağlı hissələr ayrıca müzakirə edilə bilər.

Rütte əlavə edib ki, NATO–Rusiya xətti üzrə dialoqun bərpası halında belə, Ukraynaya təcavüzdən əvvəlki formatlara qayıdış mümkün deyil. Bu, o cümlədən Rusiya–NATO Şurasının fəaliyyətinin bərpasına da aid edilmir.

Baş katib həmçinin bildirib ki, o, son günlər ABŞ Prezidenti Donald Trampla və Ukrayna lideri Volodimir Zelenski ilə sıx təmasdadır və məqsədi tərəflərin mövqelərini sülh təşəbbüsü ətrafında mümkün qədər yaxınlaşdırmaqdır.