“Gəncədə baş verən hadisə vəhşilik əlamətidir. Normal insan mahnıya görə adam bıçaqlayar? Səbirli insan belə davranmaz. Oynamadın oynamadın. Burada nə var ki?”
Bu sözləri Ölkə.Az-a açıqlamasında millət vəkili Fazil Mustafa Gəncədə toyda musiqi sifarişinə görə 3 nəfərin bıçaqlanması barədə danışarkən deyib. O bu cür hadisələri təhsilsizliklə əlaqələndirib:
“Təhsilsiz insanların sayı çoxalanda nə etməlidir? Nəyin savaşını verməlidir? Musiqi, rəqs savaşı verməlidir. “Sən çıx mən oynayım” deyəcəklər. Və ya baxırsan ki, kimsə maşınla gedir, meyxananın səsini ən yüksək tona qədər qaldırıb. Elə bil ki, bununla kiməsə acıq verir. Təhsil öləndən sonra belə vəhşiləşmiş bir cəmiyyət yaranır. Gəncədə baş verən hadisə də bir vəhşilik əlamətidir Normal insan mahnıya görə adam bıçaqlayar? Səbirli insan belə davranmaz. Oynamadın oynamadın. Burada nə var ki? Gedir içir, ya çəkir, sonra da çıxır deyir ki, burada mən istədiyimi etməliyəm. Tək Gəncə yox, hər yerdə belədir. Hələ polis, həbs edilmək, özlərinə problem yaratmaq qorxusu olmasa, ümumiyyətlə bir-birlərini qırarlar. Böyük əksəriyyət odur.
F.Mustafa təhsilsizlik probleminin insanların bir-birilə ünsiyyətindən tutmuş, sosial şəbəkələrdəki davranışlarına qədər təsir göstərdiyini deyib:
“Sosial verilişlərdə, qadınların, ər-arvadın bir-birlərini münasibətini görürsünüz. Nə qədər sərt formada, söyüş və təhqirlə danışırlar. Bu reallığımızdır. Ona görə də Azərbaycan cəmiyyətində heç kim özünə baxmır. Kənarda biri balaca neqativ hərəkət edən kimi hamı namus, əxlaq qoruyucusuna çevrilir. Hamı mühakimə edir. Dönüb baxırsan ki, axı bunu dilə gətirməli adam o deyil.
Sosial şəbəkələr insanları lap sıradan çıxarıb. Baxırsan ki, hamı orada yaşmağın altında, dürüst, vicdanlıdır və nöqsan axtarmaqla məşğuldur. Cəmiyyətimiz sosial şəbəkə variatında daha çox korlandı. İndi də toyda da bu hadisələrin baş verməsi normaldır. Hələ yaxşı ki, bıçaqlanan adamlar ölməyib. Bu, cəmiyyətin dünyagörüşü, düşüncə, təhsilinin aşağı olmasının yekunudur”.
Qeyd edək ki, bir neçə gün əvvəl Gəncədə Rüfət Həsənzadə şəhər ərazisindəki şadlıq saraylarından birində toy mərasimində iştirak edən zaman musiqi sifarişinə görə, 3 nəfəri bıçaqlayıb.
Follow @7timesaz