Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
7times.az yeni səfirin dosyesini təqdim edir:
Lətif Qəndilov 1957-ci ilin 31 avqustunda Bakı şəhərində, görkəmli alim Seyfəddin Qəndilovun ailəsində dünyaya gəlib. 1974-1978-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırması” fakültəsində təhsil alıb. Bundan sonra isə 1978-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək Lenin təqaüdçüsü olmuş və təyinatla “Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırması” kafedrasında saxlanılıb.
1978-1980-ci illərdə hərbi xidmətdə olub. 1981-1983-cü illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda əyani aspirant kimi təhsilini davam etdirib, 1983-1986-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu və Bakı şəhər Sovetinin birgə təşkil etdiyi Bakı şəhəri kompleks problemlərin elmi-tədqiqat laboratoriyasında elmi işçi kimi çalışıb.
1984-cü ildə “İstehlak fondunun strukturu və artımının planlaşdırılmasının təkmilləşdirilməsi (Azərbaycan Respublikası timsalında)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini alıb.
1986-1995-ci illərdə Azərbaycan Texniki Universitetinin “İqtisadi nəzəriyyə” kafedrasının dosenti olub.
1995-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əməkdaşlıq İdarəsində ikinci katib kimi fəaliyyətə başlamış və birinci katib vəzifəsinədək yüksəlib.
2001-ci ildə ilk xarici təyinatını alaraq Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin birinci katibi, sonradan müşaviri vəzifəsində çalışmış, 2004-cü ildə fövqəladə və səlahiyyətli səfir diplomatik dərəcəsi verilərək Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı ilk səfiri təyin edilmişdir. Həmçinin, 2008-ci ilin oktyabr ayından səlahiyyət müddətinin sonunadək burada diplomatik korpusun duayeni olub.
2010-2011-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Ümumi katiblik idarəsinin rəisi olub.
2011-2016-cı illərdə Azərbaycan Respublikasının Çin Xalq Respublikası, Koreya Xalq Demokratik Respublikası və Monqolustanda, eyni zamanda, 2011-2013-cü illərdə Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
21 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib, 16 iyul 2021 tarixində bu vəzifədən geri çağrılıb.
Türkiyə, Qazaxıstan, Çin və Belarus mətbuatında ikitərəfli siyasi və iqtisadi münasibətlərə dair 200-ə yaxın müsahibə və məqalələri yayılıb.
Lətif Qəndilov 2009-cu ildə Qazaxıstanın İqtisadiyyat, Maliyyə və Beynəlxalq Ticarət Universitetinin fəxri doktoru, həmçinin, neft-qaz sahəsində xidmətlərinə görə Qazaxıstanda ilin ən yaxşı diplomatı seçilib.
2010-cu ildə Qazaxıstan Prezidentinin sərəncamı ilə 2-ci dərəcəli “Dostluq Ordeni” ilə təltif olunub.
2016-cı ildə Pekin Xarici Tədqiqatlar Universitetinin fəxri professoru seçilib.
2019-cu ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Evlidir, 2 oğlu və 2 qızı var.
Follow @7timesaz