2015-ci ildən sonra Azərbaycanda 3 dəfə böyük qiymət artımlarının olması manatın alıcılıq qabiliyyətini xeyli zəiflədib.
Sfera.az xatırladır ki, 2016 və 2017-ci illlər ölkəmizdə 2 böyük inflyasiya, 2021-ci ildə isə bir orta böyüklükdə inflyasiya qeydə alınıb. Bu böyük inflyasiyaların təsiri ilə 2015-ci illə müqayisədə 2021-ci ilin sonunda manatın alıcılıq qabiliyyəti 46 faiz azalıb.
Qeyd edək ki, pulun 2 cür dəyəri olur. Bunlardan birincisi nominal dəyərdir. Nominal dəyər pulun üzərindəki rəqəmi göstərir. Məsələn, “10 manat”, “100 manat” və s. Nominal dəyər sabit qalır və o, insanların həyat səviyyəsini müəyyənləşdirmək üçün böyük əhəmiyyət kəsb etmir.
Pulun ikinci dəyəri onun real dəyəridir və bu dəyər daha əhəmiyyətlidir. Real dəyər pulun alıcılıq qabiliyyəti ilə müəyyənləşir. Hər il inflyasiya səviyyəsinə uyğun olaraq pulun real dəyəri azalır.
Ölkəmizdə 2015-ci ildən 2021-ci ilin sonuna qədər 46 faiz infilyasiyanın olması pulun real dəyərini, yəni alıcılıq qabiliyyətini bu qədər azaldıb. Məsələn, 2015-ci ildə 100 manata aldığımız ərzaq, qeyri-ərzaq və xidmətləri 2022-ci ilin əvvəlində almaq üçün 146 manat lazım gəlib. Yaxud, 2015-ci ilin 100 manatı inflaysiya nəticəsində həmin dövrdəki 68 manata qədər kiçilib.
2022-ci ildə Azərbaycanda daha 12-12,5 faiz inflyasiyanın olacağı proqnozlaşdırılır. Deməli, bu il manatın alıcılıq qabiliyyəti bir o qədər azalacaq.
Follow @7timesaz