ABŞ prezidentinin oğlu beş il əvvəl Çinin bir şirkətinə Konqoda kobalt mədənini satın almaqda yardımçı olub.
7times.az xəbər verir ki, “The New York Times” qəzetinin yazdığına görə, Amerika prezidenti Co Baydenin oğlu Xanterə bağlı şirkət 2016-cı ildə çinli iş adamına Konqo Demokratik Respublikasında kobalt mədənlərindən birini almaqda kömək edib.
Nəşrin yaydığı informasiyada qeyd olunur ki, Xanter Bayden daha iki ABŞ vətəndaşı ilə birgə BHR investisiya firmasının yaradılmasında iştirakçı olub. Bu firma Şanxayda qeydiyyatdan keçib. Onlar şirkətin səhmlərinin 30 faizinə, çinli səhmdarlar isə 70 faizinə yiyələnib. Bu sırada “Bank of China” da var.
2016-ci ildə oğul Baydenin şirkəti Konqoda kobalt istehsalı ilə məşğul olan ən nəhəng mədənin – Tenke Fungurume Miningin əldə olunmasında iştirak edib. BHR investisiya firması bu sövdələşmədə qiymətli kağızların satın alınması üçün böyük vəsaitlərin cəlb olunması ilə məşğul olub. Xanter Baydenin şirkəti bu məqsədlə 1 milyard dollardan çox vəsait yönəldib və bunun nəticəsində Çin firması səhmlərin 80 faizinə yiyələnib.
Hazırda bu məsələ ona görə xüsusi aktuallıq kəsb edir ki, C. Baydenin administrasiyasının açıqlamasına görə, Çin kobalt istehsalında dünyada üstün mövqeyə malikdir və bundan Amerikada elektromobil istehsalına mane olmaq üçün yararlana bilər.
Maraqlıdır ki, bir qədər əvvəl ABŞ konqresi oğlunun şübhəli biznes fəaliyyətinə görə, C. Baydenə impiçment elan etmək tələbini irəli sürmüşdü. Amerika lideri korrupsiyaya yol verməkdə, oğlu Xanterin başqa dövlətlərin vətəndaşlarından qiymətli hədiyyələr qəbul edərək, bunun müqabilində onlara müxtəlif xidmətlər göstərməkdə, hətta siyasətə təsir etməkdə ittiham olunurdu. Reyting.az