Xaçmazda 17–25 iyun tarixlərində keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesi yekunlaşar-yekunlaşmaz, bölgənin bütün rayonlarında bu prosesin şəffaflığına şübhə doğuracaq söz-söhbət və şayiələr yayılmağa başladı. İmtahanlarda ciddi qanun pozuntularının və korrupsiya hallarının baş verdiyinə dair dildən-dilə dolaşan bu səs-səda, az qala, yüksək bal toplayan pedaqoqların uğur sorağını kölgədə qoydu. Rüşvət müqabilində imtahandan kəsilən bəzi namizədlərin nəticələrinin saxtalaşdırılaraq “uğurlu” kimi rəsmiləşdirilməsi, hətta rüşvətin məbləğinə görə qiymətləndirmə balının təyin edilməsi kimi çox ciddi və narahatlıq doğuran məqamlar iddia olunur.
Əlbəttə ki, bu saxtakarlığı tam şəkildə müəyyən etmək və səsləndirilən iddiaları ifşa etmək üçün imtahanın keçirildiyi otaqların videoqeydlərinin dəqiqliklə izlənilməsi əsas şərtlərdəndir. Bu kadrların hər kəs üçün əlçatan olmadığı məlumdur. Videoarxivə baxmaq imkanımız olmasa da, baş verən bir sıra prosesləri araşdırarkən bu iddiaların əsassız olmadığı qənaətinə gəlmək mümkündür. Əldə etdiyimiz məlumata görə, bu istiqamətdə artıq cəzalandırılan və hətta işdən azad edilən şəxslər var.
İddialara görə, Xaçmaz şəhər 4 saylı tam orta məktəbində çalışan bir pedaqoq sertifikasiya imtahanında uğurlu nəticə əldə etmək üçün vasitəçilərə üz tutub. Bu vasitəçiliyi edən ilk şəxs Quba rayonunun Zizik kənd orta məktəbinin laborantı Ayna Həmidova olub. O, müəyyən rüşvət qarşılığında imtahandan keçmək vədi verərək həmin pedaqoqdan öncədən razılaşdırılmış vəsaiti alıb və elə həmin məktəbin yeni təyin edilmiş direktoru Vəfa Paşayevaya ötürüb. Vəfa Paşayevanın isə həmin vəsaiti Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə sektorunun sürücüsü Sahil Qocayevə verdiyi iddia edilir.
Qanun pozuntusu və korrupsiya zəncirinin iştirakçı tərəflərin iradəsindən asılı olan hissəsi “nöqsansız” başa çatsa da, zəncirin digər halqasında işlər planlaşdırıldığı kimi getməyib və həmin müəllim imtahandan kəsilib. Faktla əlaqədar olaraq aldadılan tərəf Quba-Xaçmaz Regional Təhsil İdarəsinə müraciət edib. Qısa müddət ərzində idarə müdirinin əmri ilə həmin vəsaiti məktəb direktorundan alan sürücü Sahil Qocayev işdən azad edilib. Pulu müəllimdən alan laborant Ayna Həmidovanın və direktor Vəfa Paşayevanın hansı formada cəzalandırılması barədə isə hələlik heç bir dəqiq məlumat yoxdur.
Məsələ ilə bağlı bu korrupsiya piramidasında adı hallanan məktəb direktoru Vəfa Paşayeva ilə əlaqə saxlayıb münasibətini öyrənməyə çalışdıq. O, faktı nə inkar, nə də təsdiq etdi; sadəcə görüşüb məsələni səssiz-sədasız həll etmək üçün bizə xahişini çatdırdı.
İlkin təəssüratlara görə, hadisələrin kimlərinsə iradəsindən kənar idarə olunduğu sezilsə də, prosesdə başqa şəxslərin də iştirak etdiyi şübhə doğurmur. Hər halda, bundan sonrası müvafiq dövlət strukturlarının və dövlət büdcəsi qarşısında şəffaflıq öhdəlikləri daşıyan Elm və Təhsil Nazirliyinin səlahiyyətinə qalır. Xaçmazda keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesinin bütün günlərinin videoşəkilləri və qeydləri diqqətlə izlənilməli, ən azı şübhə doğuran hallar üzrə imtahanda iştirak edənlərin yekun nəticələri bir daha nəzərdən keçirilməlidir.


