Aktual

Ağ ölüm”ə qarşı mübarizə hər birimizin işidir

Ölümə aparan yol…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada ən gəlirli biznes sahələrindən biri məhz narkotik ticarətidir. Xalqların məhv edilməsi hesabına müxtəlif dövlətlərin himayəçiliyi altında böyük mafioz şəbəkələr nakotik ticarətindən milyardlarla vəsait əldə edirlər.

Mütəxəssislərin hesablamalarına görə, narkotiklərin qanunsuz dövriyyəsindən hər il on milyardlarla dollar gəlir götürülür və bundan əldə edilən kapital xalqların həyat səviyyəsinin yaxşılaşmasına, bəzi imkansız ölkələrin iqtisadi böhrandan xilasına, böyük tikinti-quruculuq işlərinə deyil, yeni müharibə və münaqişə ocaqlarının, nüvə bazalarının, ayrı-ayrı  terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılmasına, silah alverinin daha da güclənməsinə və digər cinayətkar aksiyalara sərf olunur.

Bu bəlaya düçar olan insanlar üçün narkotik maddələr ilk dövrlərdə həzz mənbəyi olsa da, sonradan həyatlarının kabusuna çevrilir. Əksər hallarda belə insanların son sığınacağı narkoloji dispanserlər olur. Doza həddinin aşılması deyilən bir hal var. Yəni narkotik vasitə və psixotrop maddələrin həddən artıq qəbulu nəticəsində ölüm halı qeydə alınır. Digər hallarda isə həmin şəxslər özlərinə sui-qəsd edə, cinayət törətməyə meyilli olduqlarından ətrafdakılar üçün təhlükə törədə bilirlər.

Narkomaniya insan həyatını məhv edir

Psixiatr-narkoloq Asif Kəngərli deyir ki, gənclərin, yeniyetmələrin narkotik vasitələrə qurşanmasının səbəbini cəmiyyətdən, məktəbdən əvvəl ailədə axtarmalıyıq: “Uşaqların həddindən çox ərköyün böyüdülməsi sonradan onların narkotik vasitə qəbuletmə ehtimalını artırır. Bunu həm tibbi ədəbiyyat, həm də təcrübələr göstərir. Onlar çox şeydən xəbərsizdirlər, əksər hallarda yaxşını pisdən ayıra bilmirlər. Buna görə də maarifləndirilmənin gücləndirilməsi lazımdır. Tütünçəkmə, alkoqolizm, narkomaniya və onların fəsadlarına dair əsərlər, məlumatlar orta məktəbdə tədris olunmalıdır. Bunu etməsək, hər hansı bir kardinal dəyişikliyə nail olmaq çətindir”.

Narkoloq bildirir ki, bu bəladan xilas olmaq üçün müraciət edənlər arasında 20-30 yaş arasında olanlar üstünlük təşkil edirlər: “Müşahidələrimə əsasən, narkotik vasitə aludəçilərinin sayında azalma görmürəm. Anonim narkoloji kabinetdə işləyirəm və müraciət edənlərin çoxu “mən bilmədim”, “bunu mənə bir tanışım verdi”, “mən belə deyildim”, bir qismi maraq xatirinə narkotik vasitələrə qurşandığını, bəziləri isə “əsəblərim yerində deyildi, narkotik vasitə qəbul etdim və bundan sonra özümü yaxşı hiss etməyə başladım” deyir. Mən narkotik vasitəni “şeytan əməli” adlandırıram. Çünki bir müddət iç üzünü insana göstərmir. Bir müddət keçəndən sonra isə əsəb artır, yuxu rejimi pozulur, iştahı demək olar ki, itir. İnsan normal cəmiyyətdə yaşaya bilmir, ağrıyır. Ən böyük nemət sağlamlıq və azadlıqdır ki, narkotik maddə istifadəçiləri bunun ikisindən də məhrum olurlar. Müşahidələrimə görə, hər 10 nəfərdən 6-da müalicə müsbət nəticə verir. Burada həkim işin müəyyən hissəsini görə bilər. İşin digər bir qismi ailənin üzərinə düşür. Prosesin əksər hissəsi, haradasa 50-60 faizi xəstənin özündən asılıdır. Xəstə öz qarşısına məqsəd qoymayıbsa, nəticə də olmayacaq”.

“Bu bəladan tezliklə xilas olmaq istəyirəm”

Bütün dünyada bununla bağlı heç də asan olmayan mübarizə getsə də, insanlıq üçün böyük bəla olan narkomaniya hələ də yayılmaqda davam edir.  Narkotik maddə alverçiləri uşaqların çox olduğu yerlərdə olur, onlara həmin məhsulları təklif edirlər. Pul qazanmaq naminə onlar insanları, xüsusilə uşaqları ölümə aparan bu pis vərdişə alışdırırlar. Narkotikanın təsir alatına düşmüş iki şəxslə həmsöhbət olduq. Adının çəkilməsini istəməyən 24 yaşlı narkotik istifadəçisi olan olan gənc deyir ki, dəhşətli ağrılar və yuxu pozuntuları onun həyatını zülmətə çevirib: “Tərgitmək istəyirəm. Düzdür, 2 aya yaxındır ki, qəbul etmirəm. Onu da deyim ki, tərgitmək istəməyimin əsas səbəbi davranışlarımı idarə edə bilməməyimdir. Çox sevdiyim insanı belə incidirəmsə, deməli, vəziyyət çox gərgindir. Məni pis günlərə sürükləyən bu bəladan tezliklə xilas olmaq istəyirəm”.

Adının anonim qalmağını istəyən narkotik istifadəçisi olmuş xanım həmsöhbətimiz isə 6 aylıq müalicədən sonra normal həyata qayıda bildiyini söylədi: “Narkotik maddə tapa bilmədikdə kəskin ağrılarım başlayırdı və buna tap gətirə bilmirdim. Bu ağrını narkomanlar bütün bədən sümüklərini bir-bir sanki sındırırmış şəklində ağrı verir kimi nümayiş etdirirlər. Çətin də olsa müalicə olunmağa qərar verdim. Müalicələrdən sonra ağrı hiss etmirdim. Bundan əlavə, psixoloqa, sonra da psixiatra müraciət etdim. Hələ də seanslara gedirəm”.

Narkomaniya ilə bağlı 7344 fakt aşkarlanıb

Son dövrlər hüquq-mühafizə orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işi gücləndirilmiş, narkotiklərin qeyri-qanuni daşınmasına qarşı birgə əməliyyatlar keçirilmiş, müxtəlif marşrutlar ilə narkotiklərin daşınması hallarının aşkarlanması üzrə məqsədyönlü iş davam etdirilmiş və cinayətkarlardan külli miqdarda narkotik vasitələr götürülmüşdür.

Cari ilin 8 ayı ərzində daxili işlər orqanlarının əməkdaşları tərəfindən 2 ton 856 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Onun bir ton 308 kq-ı heroin, 152 kq-ı tiryək, 19 kq-ı həşiş, 1 ton 265 kq-ı marixuana, 291 kq-ı isə metamfetamindir. Ümumilikdə 8 ay ərzində 7344 fakt aşkarlanıb. 5309 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 5149 nəfər kişi, 160 nəfər isə qadındır. Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin bütün növlərinə qarşı mübarizə tədbirləri həyata keçirilir. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərin ifşa olunaraq istintaqa təhvil verilməsi istiqamətində əməli tədbirlər davam etdirilir”.

Narkotiksiz gələcək naminə

Azərbaycanda da narkotik vasitələrlə mübarizə geniş vüsət alıb, istər maarifləndirmə sahəsində, istərsə də narkotik vasitələri təbliğ edən, satan, onları əkib-becərən şəxslərə qarşı ciddi tədbirlər görülür. Bu tələyə bir dəfə düşən insanın oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir. İnsanları, xüsusilə gəncləri sağalmaz xəstəliklərə düçar edib onların ömrünü qaraldan “ağ ölüm”dən qurtulmaq məqsədilə respublikamızın müxtəlif bölgələrində maarifləndirici layihələr həyata keçirilir. Belə tədbirlərin görülməsi artıq ölkəmizdə ənənəyə çevrilib.

Narkotik vasitə gələcəyin peşəkar musiqiçisinin, idmançısının, mühəndisinin, müəlliminin, həkiminin ya ömrünü yarıda kəsir, ya da karyerasını məhv edir. Bu bəlaya bulaşan birini ölümə doğru itələmək yerinə, onu ölümün pəncəsindən almaq cəmiyyətin əsas vəzifələrindən biri olmalıdır. Ən düzgün əməl həmin şəxsin yaralarını sarıyıb onu yenidən cəmiyyətə qaytarmaqdır.

Elşən YƏHYAYEV