Ölkə

Qubada Novruzun rəngləri – Ramiz Ramazanlı

Qubada Novruzun rəngləri – Ramiz Ramazanlıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qubada Novruzun rəngləri yazın ilk nəfəsi ilə hər yana yayılır. Sinəsi qalın meşələrlə örtülən uca dağların əhatəsində yerləşən bu gözəl diyarda bayramın gəlişi ilə sanki təbiətin özü də insanlarla birlikdə sevinir. Təbiət gündən-günə al-əlvan don geyinməklə insanların könlünə, ruhuna yeni rəng qatır. Dərələrdən əsən ilıq mehin gəlişinə buz yorğanını kənara atan bulaqlar, çaylar, qarın altından baş qaldırıb günəşə göz vuran şıltaq novruzgülü, alovlanan tonqallar, uşaqların küçələrdən eşidilən şən gülüşləri, evlərdən ətrafa yayılan şirniyyat qoxusu və beli qırmızı kəmərli yaşıl don geyinən səməninin səmimi təbəssümü Novruzun gəlişindən xəbər verir.

Bəli, burada Novruz təkcə “Yeni gün” deyil, həm də yüzillərin yaddaşını, müxtəlif xalqların birgə yaşamasını və insan ruhunun yenilənməsini özündə birləşdirən bir bayramdır.
Quba həmişə çoxmillətli mədəniyyətin beşiyi olub. Bu torpaqda azərbaycanlılarla yanaşı müxtəlif xalqlar, etniklər – ləzgilər, tatlar, xınalıqlılar, buduqlular, haputlar, ceklilər, qrızlılar, dağ yəhudiləri əsrlər boyu yanaşı, qardaşlıq, dostluq münasibətində yaşayaraq öz adət-ənənələrini də qoruyub saxlayıblar. Novruz isə onları bir süfrə başında, bir ocaq ətrafında birləşdirən ən isti bayramlardan biridir.

Qubada Novruza hazırlıq bir ay öncədən başlayır. Evlərdə təmizlik, yır-yığış, küçələrdə səliqə-səhman, meyvə bağlarında budama işləri aparılır. Novruzu qarşılayan təsərrüfatçılar ilin yağmurlu, yaxud quraq keçəcəyini, məhsuldarlığın necə olacağını təyin etməyə çalışırlar. İnanca görə, Novruzun birinci günü yaz, ikinci günü yay, üçüncü günü payız, dördüncü günü isə qış sayılır. Qarşıdakı fəsillərin hava durumu da həmin günlərdə müşahidə edilən hava şəraiti ilə qiymətləndirilir.

Baharın gəlişi ilə hər evdə səməni cücərdilir. Hər çərşənbə axşamı həyətlərdə tonqal qalanır. Alovun üzərindən atlanarkən dillərdə əzbərə çevrilən qədim bir arzu səslənir: “Ağırlığım-uğurluğum odda yansın”. Bu sözlər sanki qışın yorğunluğunu, insanın içində yığılan kədəri alovun dilinə verib yandırır.
Novruz süfrəsi də özünəməxsus rəmzlərlə bəzədilir. Süfrəyə “s” hərfi ilə başlayan yeddi nemət qoyulur: su, səməni, süd, sünbül, sarıkök, soğan və sarımsaq. Bu yeddi nemət təbiətin oyanışını, bərəkəti və sağlamlığı simvolizə edir. Süfrəyə həmçinin Qubanın dad yaddaşını yaşadan nemətlər düzülür: paxlava, bükmə, ət qutabı, qoz çörəyi, tıxma. Süfrənin mərkəzinə isə qazmaqlı şüyüd plov qoyulur. Bu təamlar təkcə süfrəni deyil, bayramın da ruhunu bəzəyir.

Qubalılar səməni halvasının əsl ustaları sayılırlar. Əvvəlcə səməninin cücərmiş kökləri bişirilir, horra halına gətirilir, müxtəlif ədavalar və şəkər əlavə olunur, sonra isə horra qatılaşaraq özünəməxsus şirin dadını alır. Hazır olan halvanın üzərinə qoz və fındıq ləpələri düzülür. Bu nemətin ətri evləri bürüyəndə baharın nəfəsi sanki daha da yaxın hiss olunur.
Bayram axşamı uşaqların ən çox sevdiyi papaqatdı adəti ilə yadda qalır. Uşaqlar qapılara papaq atır, ev sahibləri isə papağın içini şirniyyatlarla doldururlar. Həmin gecə təkcə həyətlərdə və küçələrdə deyil, Qubanın ətrafındakı yüksəkliklərdə də tonqallar qalanır. Qaranlıq dağ yamaclarında yanıb-sönən bu alovlar baharın gəlişini bütün ətrafa car çəkir.


Novruz Qubada həm də ailə və qohumluq münasibətlərinin yenilənməsi, möhkəmlənməsi deməkdir. Bayram axşamı oğlan evindən olan qadınlar nişanlı qızın evinə qonaq gedər, xonça apararlar. Bu xonçada bayram şirniyyatları ilə yanaşı nişanlı qız üçün paltarlıq parça da yer alar. Parçanın rəngi bahar çiçəklərindən birinin rənginə uyğun seçilər, alabəzək deyil, tək rəngli olar. Bu, yeni həyatın saflığını və baharın təravətini simvolizə edən incə bir ənənədir. Bir neçə gün sonra isə gəlin olacaq qızın baldızı – yaxud oğlan evindən olan bir xanım nişanlı qızla birlikdə dərziyə gedər. Onlar həmin parçadan tikiləcək paltarın ölçülərinin götürülməsində iştirak edər, beləliklə, iki ailə arasında yeni qohumluq bağlarının ilk düyünləri vurular. Qız evi də öz növbəsində oğlan üçün bəylik ayaqqabısı göndərər. Bu qarşılıqlı hədiyyələr baharın gətirdiyi sevincin və hörmətin ifadəsi sayılar.
Qubada yaşayan ləzgi ailələrində də Novruz xüsusi sevgi ilə qeyd olunur. Ləzgilər Bahar bayramını “Yaran suvar” adlandırırlar. Ləzgicə “yar” bahar, “suvar” isə bayram deməkdir. “Yar” sözü “yaru” – qırmızı sözündən götürüldüyü üçün bu bayram həm də qırmızı çiçəklərlə əlaqələndirilir. Qubada ləzgilərin kompakt yaşadığı Küsnət, Qımıl, Üçgün və Digah kəndlərində qədim bir ənənə – cıdır yarışları keçirilir. “At muraddır” deyirlər. Bu yarışlar həm gənclərin igidliyini, həm də igidlərin arzu-muradını ifadə edən bayram səhnəsinə çevrilir. Dağ yamaclarında şığıyan atların nərəsi, alqış səsləri ilə qarışaraq baharın gəlişini daha gur səsləndirir.
Ləzgi süfrəsi özünəməxsus təamlarla zəngin olur. Ləzgilər bayramda “afar”, yəni qutab bişirirlər. Afarın içliyi baharın ilk göyərtilərindən hazırlanır və təbiətin təzəliyini süfrəyə gətirir. Xüsusilə “şanaq afar” – yəni cır sarımsaq qutabı çox sevilən təamlardandır. Ləzgi süfrəsinin digər məşhur yeməyi isə tsqandır. Tsqan çəkilmiş ət, xırda doğranmış kartof, soğan, duz və müxtəlif dağ otlarından hazırlanır. Hazırlanmış içlik yumru formada yayılmış xəmirin arasına qoyulur və üzəri xırt-xırt olanadək qızardılır.

Novruz bayramı həm də yeni qohumluq münasibətlərinin möhkəmləndiyi məqam sayılır. Bu günlərdə qohum olacaq ləzgi ailələri bir-birini ziyarət edir. Qonaq gedərkən ailənin ağsaqqalı üçün təzə köynək, ağbirçəyi üçün isə tirmə şal hədiyyə aparılır. Qonağın qarşısına isə xüsusi hörmət əlaməti kimi sulu, parça ətli xəngəl qoyulur. Şirniyyat olaraq un, yumurta, bal və qozdan hazırlanan “Çak-çak” ortaya gətirilir.

Qubada yaşayan xınalıqlılar, qrızlılar, haputlar, buduqlular və ceklilər Novruz ərəfəsində qədim ənənələrə əsasən evlərinə təbii şirə çəkir, təmizlik işləri görür, səməni umacı bişirirlər. Ucqar dağlıq ərazilərdə, rayon mərkəzindən 40–50 km məsafədə yaşayan bu xalqlar milli adət və ənənələri daim qoruyub saxlayır, yeni nəsillərə ötürürlər. Cek kəndində, Əlikdə, Xınalıqda, Qalaxudatda hələ qış aylarından başlayaraq bahar xalçaları toxunulur. Bu xalçaların üzərindəki yaz çiçəklərinin naxışlarla haşiyələnən rəngarəng ornamentləri, Novruz ənənələrini əks etdirən təsvirlər diqqəti cəlb edir.
Dünyanın ən yüksək yaşayış məntəqələrindən biri, dəniz səviyyəsindən 2350 m yüksəklikdə yerləşən, 5 min illik tarixə malik olan Xınalıq kəndi təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış yeri kimi tanınır. Qədimdən indiyədək Xınalıq kəndi və əhalisi özlərini “Kətş xalqı” (“Kədid” və ya “Kədtit”), öz kəndlərini isə “Kətiş” adlandırırlar. Bu da çoxlu sayda “Kətid”lərin yaşadığı yer anlamı daşıyır. Bu sözlərin mənası “müqəddəs” deməkdir.

Xınalıqda bayram günlərində ağsaqqallar, ağbirçəklər küsülüləri barışdırar, insanlar arasında mehribanlıq və birlik yaratmağa çalışarlar. Hər tərəfdə tonqallar yandırılır, kənd sakinləri bir-birinin evinə qonaq gedir, dünyasını dəyişənlərin məzarlarını, müqəddəs pirləri ziyarət edir, yazın gəlişini yeni ümidlərlə qarşılayırlar.

Qubada yaşayan tatlar Novruzu yüksək əhval-ruhiyyə ilə qarşılayırlar. Tatlarda da bayramın rəngi qırmızıdır. Hamı qırmızı libaslar geyinir, evlərini bəzəyərkən qırmızı xalça-palazdan istifadə edirlər. Səbətlər kəndində qızlar səhər tezdən Sərhəd bulağından su gətirir, həmin suyu evin divarlarına və həyət-bacaya səpirlər ki, evdə ruzi-bərəkət və paklıq olsun. Bayram yeməklərinin hazırlanmasında da mütləq bu sudan istifadə olunur. Süfrənin ləziz təamı isə “tat çığırtması”dır. Bu xörəyi bəzən kəndin adı ilə əlaqələndirərək “Çiçi çığırtması” da adlandırırlar. Çığırtma bayram üçün bəslənən qırmızı xoruzun ətindən hazırlanır. Xoruzun bud əti evin kişisinin nimçəsinə çəkilir. Buynuzuna qırmızı lent bağlanmış qoç isə nişanlı qızın evinə bayram xonçası ilə birlikdə sovqat kimi göndərilir. Əslən Qubanın Şuduq kəndindən olan, bölgənin tanınmış xanəndəsi Seyfulla Ağayev ata-babalardan eşitdiyi tat folklor nəğmələrini bu gün də yaşadır, bayram şənliklərində dinləyicilərə şirin şivəsi ilə təqdim edir.

Qubada sıldırım qayalıqların arxasındakı düzənlikdə qərar tutan Qtız kəndində baharın gəlişi torpağın rəhmi ilə qarşılanır. Burada qazılan dar keçidlər sanki insanın çətinliklərdən keçib işığa çıxmasını simvolizə edir. Keçidin tən ortasında gizlədilən boyalı yumurta bir sınaqdır: kim ki, o zərif yükü əzmədən keçərsə, il boyu uğur onun taleyinə həmdəm olar. Bu sınaq yolunu hazırlayanın zəhməti isə el-obanın gətirdiyi bərəkətli bayram sovqatları ilə mükafatlandırılır.

Buduq kəndinin dumanlı ucalıqlarında isə bayram günlərində əriştəli plovun ətri insanı məst edir. Buduqluların ocağında bişən şirin qoğallar sanki günəşin hərarətini yuxarıdan aşağıya doğru – dərələrə, çöllərə yayır, təbiəti oyanışa səsləyir.
Cek və Əlik kəndlərində isə dağların sərt və məğrur təbiəti süfrələrdə öz əksini tapır. Qaxac ət – yəni “cirim” ləziz şorbaların canına hopur, ətli xörəklər bayramın simvollarına çevrilir.


18-ci əsrdən bu torpağı özünə yurd seçən Qırmızı Qəsəbənin dağ yəhudiləri Novruzun sevincinə öz nəfəslərini qatırlar. Burada dinlər, dillər fərqli olsa da, qardaşlıq və mehribanlıq müqəddəs sayılır. Təxminən elə Novruz günlərinə təsadüf edən Pesax bayramı dünya yəhudilərinin, o cümlədən Qubada kompakt yaşayan dağ yəhudilərinin azadlıq və bahar bayramıdır. Dağ yəhudiləri səkkiz gün ərzində sinaqoqa gedərək ibadətlə məşğul olur, müxtəlif dini ayinləri icra edirlər. Bayram günlərində dağ yəhudilərinin süfrələrindəki təamlar da fərqli olur. Süfrədə əsasən bayramın simvolu sayılan “Matsa”nın (quru, şit fətir) olması vacibdir. Bu nemət Misir fironunun 210 illik zülmündən xilas olan yəhudilərin əzab-əziyyətini yada salmaq anlamı daşıyır. Bayram süfrəsinə acı otlarla əhatələnən yeddi növ təam qoyulur: 1) matsa; 2) matsa ilə yeyilən, qoz-fındıqlı desert; 3) soyutma yumurta; 4) soyutma kartof; 5) cırhacı alma növündən hazırlanan halva; 6) balıq qızartması; 7) kiduş – üzüm şirəsi.
Yerli müsəlmanlarla birlikdə qeyd olunan bu bayram Azərbaycanın sarsılmaz multikultural ruhunun canlı təcəssümünə çevrilib.

Novruz təkcə şənlik deyil, həm də vəfa anlamı daşıyır. Bayramın ilk şəfəqləri ilə Qubada əbədiyyətə qovuşanların məzarları ziyarət olunur. Əgər bir ocaqda hələ ili tamam olmayan bir nisgil varsa, orada “qara bayram” saxlanılır: qapılara çəkilən nur və ev sahiblərinin kədərli, amma məğrur duruşu qonum-qonşunun təziyəsi ilə ovunar.

Vətən müharibəsində qazandığımız tarixi Zəfərin nişanəsi olaraq, artıq şəhid və qazi ailələri ilə bayramlaşmaq müqəddəs bir ənənəyə çevrilib. Şəhidlər xiyabanında, qəbiristanlıqlarda aparılan abadlıq, quruculuq işləri, igid döyüşçülərimizin ailələrinə aparılan sovqatlar və qazi ocaqlarında qurulan səmimi söhbətlər xalqın öz qəhrəman övladlarına olan sonsuz sevgisinin təzahürüdür.

Bayramın gəlişindən on üç gün keçəndə isə Qudyalçayın sahilləri qız-gəlinlərin şirin pıçıltı və arzuları ilə canlanır. “Səməniatdı” mərasimində səmənilər axar suya tapşırılar ki, niyyətlər çin olsun, arzular çaya qarışıb dənizlərə çatsın. Bəziləri isə səmənini evin damına atar – ruzi göydən yağsın, bərəkət evdən əskik olmasın deyə.

Müxtəlif dillərdə edilən dualar, oxşar və fərqli adətlər diqqəti çəksə də, Qubada hər kəsi birləşdirən tək bir həqiqət var: insan sevgisi. Novruz bu torpaqda insanların bir-birinə açıq ürəklə, tərtəmiz niyyətlə yaxınlaşdığı, küsülülərin barışdığı, qapıların qonaq üzünə taybatay açıldığı bir könül bayramıdır. Bayramınız mübarək!

Ramiz Ramazanlı
İctimai Televiziyanın bölgə müxbiri