Araşdırma

Gizli danışıqlar: rus ordusu çıxır, müharibə başa çatır? – TƏHLİL

Gizli danışıqlar: rus ordusu çıxır, müharibə başa çatır? – TƏHLİLbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna qoşunlarının payızda Xersonu almaq üçün əks-hücum əməliyyatına başlaması öz effektini verməkdədir. Belə ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynadakı qoşunların komandanı Sergey Surovikinin məruzəsindən sonra rus qoşunlarının Xersondan çıxarılmasına dair əmr imzalayıb. Artıq Xersondakı inzibati binalardan Rusiya bayraqları da götürülüb.

Rusların Xersondan çəkilməsi haqqında müxtəlif iddialar səslənir. Ən çox səsləndirilən versiya bu geriçəkilmənin diplomatik müzakirələri başladacağı barədədir.

Prinsip etibarilə Rusiya ilə ABŞ arasında diplomatik sferada müzakirənin getdiyi doğrudur. “Vol Strit Jurnal” nəşri də ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə son bir ayda bir neçə dəfə gizli danışıq apardığını yazır. Sallivanın Putinin köməkçisi Yuri Uşakovla da danışdığı deyilir.

Aydın məsələdir ki, danışıqların məqsədi eskalasiyanın daha da genişlənməsi riskinə qarşı birbaşa əlaqə kanalının açıq saxlanılmasıdır. Ümumiyyətlə, Bayden administrasiyası Moskva ilə birbaşa əlaqəni milli təhlükəsizlik baxımdan vacib hesab edir. Bütün hallarda müharibə gec-tez bitməlidir və bunun üçün də birbaşa əlaqənin saxlanılması vacibdir.

Rusiya komandanlığının Xersondan çəkilmək əmri hərbi-taktiki baxımdan da doğru qərardır. Əslində, proses Surovikinin “çətin qərarlar verə bilərik” açıqlamasından sonra başlamışdı. Çünki Ukrayna ordusu rus qoşunlarının əsas logistik kanallarını kəsməyi bacarıb.

Hərbi-taktiki və diplomatik baxımdan rus qoşunlarının Xersonu tərk etməsi düzgün qərar olsa da, bu geriçəkilmə siyasi olaraq Rusiyanın prestijinə ciddi zərbə deməkdir. Məsələ ondadır ki, rəsmi Moskva cəmi 1 ay 10 gün əvvəl Xerson da daxil olmaqla işğal etdiyi Ukrayna ərazilərini təntənəli şəkildə Rusiya torpağı elan etmişdi. Bu gün isə həmin ərazilərdən geri çəkilmək məcburiyyətində qalır.

Düzdür, bir-iki banan respublikası və kvozidövləti çıxmaqla, heç kəs işğal edilən Ukrayna torpaqlarını Rusiya ərazisi olaraq tanımasa da, faktiki olaraq indi bütün dünya görür ki, Rusiya kimi nəhəng nüvə gücü öz ərazisi elan etdiyi torpaqları qoruya bilmir. Nüvə silahına əl atmağa isə cəsarət etmir.

Nəticə etibarilə demək olar ki, Rusiya Ukrayna müharibəsində artıq məğlub olub. Hazırda cavabsız qalan yeganə sual müharibənin nə vaxt bitəcəyi və rəsmi Kiyevin hansı şərtlər çərçivəsində sülh müqaviləsi imzalamasıdır.

Müəllif: Politoloq Turan Rzayev