Ukrayna Rusiyanın hücumlarına cavab olaraq bu ölkənin neft emalı zavodlarına zərbələri bərpa edəcək.
7Times.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Bu açıqlama Zelenskinin ABŞ Prezidenti Donald Trampı və “SpaceX” şirkətinin rəhbəri İlon Maskı Kiyevin “Starlink” peyk rabitə sistemindən hərbi məqsədlərlə istifadəsinə məhdudiyyət qoymaqda ittiham etməsindən sonra səsləndirilib. Bu vəziyyət Vaşinqtonla Kiyev arasında fikir ayrılıqlarını daha da dərinləşdirib.
Zelenski “Financial Times” qəzetinə müsahibəsində bildirib ki, Trampın elan etdiyi “enerji atəşkəsi”nə əməl etmək üçün Ukraynanın Rusiyanın enerji obyektlərinə zərbələrini üç gün müddətinə dayandırıb. Lakin onun sözlərinə görə, Moskva bu müddətdə Ukraynanın enerji infrastrukturuna hücumlarını davam etdirib.
Son günlər Rusiya mediası Ukrayna dronlarının bir neçə neft emalı zavoduna zərbələr endirdiyini iddia edib. Söhbət, xüsusilə, Saratov və Ryazan vilayətlərində yerləşən zavodlardan gedir. Zelenskinin köməkçisi Dmitri Litvin isə Rusiya tərəfinin bu barədə yaydığı məlumatları saxta adlandırıb.
Zelenski müsahibəsində ABŞ-la Rusiya arasında mümkün iqtisadi əməkdaşlıq məsələsinə də toxunub.
“ABŞ ilə Rusiya arasında biznes maraqlıdır. Sual budur ki, növbəti sövdələşmə nə vaxt olacaq? Bəlkə də qazla bağlı. Şübhəsiz ki, söhbət qazdan gedəcək”, – deyə Ukrayna Prezidenti bildirib.
Follow @7timesaz


